“Brokerlərlə” ÜTT prinsiplərinə yoxsa himayəçiliyə doğru…?
Drako, 03/02/2010
Son on ildən çox müddət ərzində Azərbaycanın ÜTT-ya qəbulu gündəmin formalaşdırılmasında böyük söz sahibi olan və eyni zamanda şəxsi maraqlarını güdən hökumət rəsmiləri arasında maraq toqquşmasına səbəb olmuşdur. Yalnız danışıqlar prosesindən ibarət olan hazırki ticarət siyasəti ÜTT-nın prinsiplərinə zidd mövqe ortaya qoymaqdadır. Bu hal daha geniş himayəçilik meyllərinə rəvac verir. Son vaxtlar, qonşu dövlətlərlə sərhəddə “brokerlərin” peyda olması ÜTT prinsiplərinin gömrük birliklərinə tətbiqi ilə bağlı yaranmış paradoksal vəziyyətə misal ola bilər. Heç bir formal bazaya malik olmayan, lakin, nazirlik səviyyəsində fəaliyyət göstərən məmur(lar) tərəfindən dəstəklənən həmin qeyri-rəsmi qrupa məxsus şəxslər qonşu ölkələr arasında ticarətə ciddi maneə törədirlər: Gürcüstanla sərhəddə, Azərbaycanlı “brokerlər” bəzi kənd təsərrüfatı məhsulları (kartof da daxil olmaqla) və bəzi avtomobil hissələri (şinlər də daxil olmaqla) ilə bağlı himayəçilik siyasəti yürüdürlər; İranla sərhəddə isə, xalçalar, bəzi kitablar, müxtəlif növ meyvələrin (o cümlədən, kivi, banan və s.) idaxalına qadağa qoyulur. Mövcud vəziyyət siyasi qəsb və ticarət prinsiplərinin pozulması kimi çoxşaxəli mənfi təsirlər yaratmaqdadır.
Sərhəddə malların fiziki şəxslərdən və kiçik bizneslə məşğul olan sahibkarlardan müsadirə edilməsi adı çəkilən qeyri-rəsmi “hökumət” orqanının tipik qanunsuz hərəkətidir. Konseptual olaraq, bu ticarət siyasəti korrupsiyanın tərkib hissəsi olan “siyasi qəsbə” (political corruption) rəvac verir. Bu, institutların və dövlət siyasətinin özəl sektorun təsir və ya dominantlıq altına düşməsidir (hökumət rəsmiləri tərəfindən ciddi şəkildə dəstəklənməklə). Bu hal bazarı inhisarlaşdırmaq məqsədi daşıyan məmurların xüsusi ehtiyaclarına və tələbatlarına cavab verir. Belə olan vəziyyətdə, qloballaşmanın və ümumi şəkildə azad bazar sisteminin tərəfdarı olan fiziki şəxslərin və sahibkarların maraqları rantye (rentaçı) ixtiyar sahiblərinin şəxsi ambisiyaları ilə toqquşmaqdadır.
Bundan başqa, mövcud status-kvoya əsaslanmaqla, ticarət siyasətləri də pozulmaqdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, sərhəddi keçərkən hər bir fiziki şəxsin yükü 50 kq-dan artıq olmamaqla, eyni zamanda hər bir malın çəkisi maksimum 5 kq olaraq nəzərdə tutulur. Lakin, bu ssenari mövcud qanunları icra etmək üçün heç bir imkan buraxmır. Bu səbəbdən, azad insanların ticarətlə məşğul olmaq və mənfəət əldə etmək imkanlarını məhdudlaşdırılır. Belə olan vəziyyətdə, qara bazar sahibkarlara maneələr yaradır, rəqabət mühitinin və innovasiyaların olmaması isə qabaqcadan proqnozlaşdırıla bilən və davamlı iqtisadiyyatın qurulmasını zəiflədir.
Yuxarıda sadalanan problemlərin həllinə aşağıdakı dəlillərlə tövhə vermək olar:
Əsasən, mövcud status-kvo dövlət təsisatları səviyyəsində çaşqınlıq yaradır. Bu o deməkdir ki, ÜTT-na üzvlük prosesində bütün namizəd dövlətlər milli siyasətlərini yumşaltmaq və daha böyük (ÜTT) bazarla harmoniya yaratmaq üçün islahatlar həyata keçirməlidirlər. Lakin, Azərbaycana gəldikdə, yalnız əks ssenarini müşahidə etmək olar və bu da, müxtəlif səhamdarlara yalnış siqnal ötürməkdədir. Hətta, ticarət siyasəti ilə bağlı rəsmilərin davranışı da ziddiyyət yaradır. Bu isə, ticarət siyasətinin pisləşməsinə və hökumətin xalq qarşısında legitimliyinə ciddi mənfi təsir göstərir.
Bundan başqa, bu problemlər sahibkarlığın inkişafına və azad ticarət kursuna dair mövcud şəraiti (mənfi anlamda) kəskinləşdirir. Bunun səbəbi ondan ibarətdir ki, güclü sahibkarlıq mühitinin olmaması qloballaşma və böyük bazarın formalaşmasına maneə yaradır. Sözü gedən mühitin formalaşması yüksək rəqabət və innovasiyalara müsbət təsir göstərmiş olardı. Sahibkarlıq fəaliyyəti və azad ticarət siyasətinin uzunmüddətli perspektivdə müxtəlif səviyyələrdə iqtisadi çiçəklənmə və inkişafa rəvac verəcəyinə dair ümumi fikir mövcuddur.
Dəlillər problemin ciddiliyini aşkar etdiyindən, bazar iqtisadiyyatına rəvac vermək məqsədilə ən yüksək səlahiyyətə malik hökumət orqanı tərəfindən potensial dərəcədə daha azad ticarət siyasətləri nəzərdə tutulmalıdır:
- Azad bazar meyilli cəhdlər dövlətin iqtisadi siyasətinə daxil edilməlidir: bu, rəsmi təsisatların dəstəklənməsi; azad bazarın üstünlükləri ilə bağlı mütərəqqi anlayışların formalaşdırılması; qərarların qəbulu prosesinin təkmilləşdirilməsi və hökumət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi; gömrük birliklərinin qeyri-hökumət subyektləri vasitəsilə monitorinq və qiymətləndirilməsinin tətbiqi anlamına gəlir.
- Nəzarət-yoxlama məntəqələrində fiziki və hüquqi şəxslər üçün ticarət siyasəti və ticarət məqsədilə icazə verilən/qadağan edilən malların növlərinə dair məlumat stendləri təşkil edilməlidir. Məlumat axınının artması, ən azı, qabaqcadan planlaşdırıla bilən ticarət siyasətinə və kiçik bizneslə/ticarətlə məşğul olan insanlar üçün aydınlığa rəvac vermiş olacaq.
- Azad ticarətin üstünlükləri, müsbət təsirləri və kənar faktorlar dərk edilməlidir: bu, yoxsulluğu azaltmağa; insanlar üçün inkişaf marağı yaratmağa; insanların həyat səviyyəsini yaxşılaşdırmağa; hökumətin bazara müdaxiləsini azaltmağa; və uzun müddətli perspektivdə qayda-qanun və ədaləti bərqərar etməyə yardım göstərəcək.
Mövcud zaman intervalına nəzər saldıqda, Azərbaycan hökumətinin formalaşdırmaqda olduğu gündəmlə onun ticarət siyasəti arasında paradoks hökm sürür. Ümumilikdə, müvafiq ticarət siyasəti davamlı inkişaf və hökunətin legitimliyi ilə bağlı mühüm amildir. Yuxarıda vurğulanmış problemləri və dəlilləri nəzərə almaqla, yüksək vəzifəli hökumət rəsmiləri sadalanan tövsiyyələrlə bağlı iradə nümayiş etdirməli və onları siyasət tədbirlərinin işlənib hazırlanmasına tətbiq etməlidir.



