Yunan iqtisadi modelinin uğursuzluğu
Takis Miças, 27/04/2010
150 ildir Yunanıstan öz iqtisadiyyatının inkişafında klientelizmə (iqtisadi əlaqələrin və bazar münasibətlərinin bir “himayəçi” tərəfindən müəyyənləşdirilməsi) və siyasi himayəçiliyə arxalanıb.
Yunan dövlətinin alt-üst olmasına aldadıcı büdcə statistikası və ya bir neçə ilin israfçı xərcləri nəticəsində baş verən sadə bir məsələ kimi baxılmamalıdır. Əksinə, bu, 19-cu əsrdən bəri təməl başlanğıcı bazarlar üzərində qurulmuş siyasətə əsaslanan iqtisadi inkişaf modelinin çöküşünü ifadə edir
Yunan cəmiyyətinin mərkəzi təşkilati prinsipi hər zaman siyasi klientelizmə- maddi mənfəətlərin mübadiləsində siyasi dəstəyin təmin olunması sisteminə əsaslanıb. Belə bir vəziyyətdə dövlətin müxtəlif qrupların və fərdlərin əsas gəlir təchizatçısı olaraq oynadığı rol ali vəzifəyə çevrilir. Sol təmayüllü yunan tarixçisi Kostas Verqopoulos deyir: "Yunanıstanın əsas quruluşu heç vaxt mülki cəmiyyət olmayıb, dövlət olub. 19-cu əsrin ortalarından bəri heç bir iş məcburən dövlət aparatından keçmədən icra olunmayıb."
Anqlo-Sakson dünyasında dövlət əsasən təyin olunmuş “Lockean” hüquqlarının, əsasən xüsusi mülkiyyət hüquqlarının müdafiəçisi kimi başa düşülürdü. Bu konsepsiya böyük mülkiyyət sahiblərinin maraqlarını əhatə etməklə, mövcud hakim siniflə nəsildən-nəslə keçmişdir.
Bununla belə, Osmanlı imperiyasından azad olduqdan sonra Yunanıstanda o yerli məşhurlardan ibarət sosial qrup hakim oldu ki, onların hakimiyyəti torpaq sahibliyində deyildi. Bunlar həmin şəxslərdi ki, Osmanlı imperiyasındakı hökmdarlar üçün vergiyığan vəzifəsini icra etmişdilər. Beləliklə, Yunanıstanda azadlıq əldə edildikdən sonra meydana çıxan hakim sinif dövləti əvvəl mövcud olan əmlakın müdafiə vasitəsi kimi deyil, onun gəlir mənbəyinin rəhbəri kimi gördü.
Eyni vaxtda dövlətin nəzarət aparatı maddi gəlir və mənfəətlərin paylanması üçün əsas mexanizm oldu. Bu mənfəətlərin ən mühüm hissəsi dövlət xidmətində işlə təminata aid idi. 1880-ci illərin sonlarına qədər Yunanıstan Avropada ən böyük dövlət bürokratiyasına malik ölkə idi. Belçikada hər 10,000 sakinə 200 dövlət xidmətçisi düşürdüsə, bu rəqəm Fransada 176, Almaniyada 126, Böyük Britaniyada isə 73 idi. Yunanıstanda bu rəqəm 214-ə çatırdı. Fransız zadəganı və yazıçı Artur Qobinau həmin vaxt müşahidələrini belə qeydə almışdı:
"Yunanıstanda bütün cəmiyyət bu şüar əsasında hərəkət etməlidir ki, pul yalnız dövlətindir və hər kəs yalnız bu faktdan faydalana və dövlət xidmətçisi kimi işləyə bilər."
Əlbəttə, o günlərdən bəri çox bulanıq sular axıb, durulub. Yunanıstan müharibələrdən, işğaldan, diktatorluqlardan, inqilablardan, zəlzələlərdən və s. keçib. Amma hələ də bir şey dəyişməz qalıb: idarəçiliyin rəhbər doktrinası olan siyasi klientelizm.
Bu gün dövlətin müxtəlif alıcı qruplarına və fərdlərə verdiyi mənfəətlərin üç növü var. Birinci və ən çox arzulanan mənfəət dövlət xidmətində olan yüngül işlərdir. Yunanıstanda təxminən bir milyon insan və ya dörd işçidən biri dövlət xidmətində çalışır. Dövlət xərclərinin 80%-dən çoxu bu dövlət sektorunda çalışan işçilərin maaşlarına, əmək haqlarına və təqaüdlərinə gedir.
Mənfəət sisteminin ikinci yolu, daxildəkilərin mənfəətinə rəqabəti məhdudlaşdıran “qapalı müəssisə” effekti yaratmaqla, müxtəlif peşəkar qruplara imtiyazların verilməsi əsasında işləyir. Bu peşə qruplarına hüquqşünaslar, dövlət notariusları, yük avtomobilləri sahibləri, mərkəzi bazarlardakı yükləyicilər, əczaçılar, optikaçılar daxildir.
Mənfəətlərin üçüncü qrupu müxtəlif sövdələşmələr üçün təyin olunan tutulmalardır ki, bu da həmin sövdələşmənin tərəfi olmayan qrupların xeyrinə sərf edilir. Məsələn, əgər sən Yunanıstanda biznesə başlayırsansa, ilkin kapital olaraq Hüquqşünasların təqaüd fonduna 1% ödəməlisən. Sən hər dəfə gəmi bileti alarkən məbləğin 10%-i liman işçilərinin əmək haqlarına gedir. Əgər sən ordu üçün təchizat malları satırsansa, aldığın pulun 4%-ni hərbi zabitlərin təqaüd fonduna ödəməlisən. Fəsadlı olaraq, bəzən tutulmalar artıq mövcud olmayan qrupların xeyrinə təyin edilir. Belə bir hala Santorini adasında lixter gəmiləri ilə bağlı rast gəlinib. Bu kiçik motorlu qayıq əməliyyatçıları çox əvvəllər fəaliyyətdə olmuşdur. Amma hələ də Santorini limanındakı gəmilərin sərnişin biletlərinin qiymətindən lixter assosiasiyasının(mövcud olmayan) xeyrinə hissə tutulur. Bu pulların hara getdiyini heç kim bilmir.
Bu sxem nəticəsində Yunanıstan əhalisinin 70%-dən çoxu öz gəlirlərini tam və ya qismən vergi və tutulmalardan əldə edir. Bu da öz növbəsində, mənfəətin paylanması üzərində çox gərgin və sərt mübarizələrlə ifadə olunur ki, onu iqtisadçılar "monopoliya yaratmaq fəaliyyəti" adlandırırlar. Beləliklə, əks halda, sərvət və gəlir yaratmaq üçün xərclənə bilən resursların əhəmiyyətli hissəsi iqtisadi sektorun parçalarıyla mübarizə aparmağa sərf olunur.
Təəssüf ki, "monopoliya yaratmaq fəaliyyəti"nə nə qədər vəsait xərcləndiyi barədə nəzərdən keçiriləcək iqtisadi araşdırmalar yoxdur. Amma biz hansı iqtisadi məhdudiyyətlərin istehsal itkisi bahasına başa gəldiyini nəzərdən keçirməklə müəyyən bir fikrə gələ bilərik. Məsələn, bəzi elmi araşdırmalar göstərir ki, əgər Yunanıstan öz qapalı peşə sahələrini açsa, bu onun ÜDM-ni 1% yüksəldə bilər. Müxtəlif bazarlarda məhdudiyyətlərin ləğv edilməsi isə iqtisadi istehsalı 2% artırardı. Əgər Avropa İttifaqının başqa yerlərində olduğu kimi, Yunanıstanda da bizneslə məşğul olmaq üçün bürokratik xərclər aradan qalxsaydı, bu ÜDM-yə 3.5% artım gətirərdi.
Xüsusilə, son bir neçə ildə solçuların apardıqları mübahisələrə görə kapitalizmə əsas əngəl odur ki, guya o, “bazarları insanların üzərində” yerləşdirir. Buna görə də, onlar inanırlar ki, bazarları əldə saxlamaq və insanları onların “qulları” kimi deyil, “yaradıcıları” kimi düzgün yerdə yerləşdirmək üçün siyasi müdaxilə tələb olunur.
Yunanıstan modeli bu fikrin mükəmməl reallığını ortaya qoyur. Yunanıstan həmişə "insanları" bu mövqedə, "alıcıları" bazarların üzərində yerləşdirib və bu gün acınacaqlı nəticələri də göz qabağındadır.
M. Miças "Siyasəti bazarlar üzərində qurmaq: Yunanıstan faciəsi,"araşdırmasının müəllifidir. Bu əsər ilin sonuna qədər Keyto İnstitutu tərəfindən nəşr olunacaq.




Şərhlər
Post new comment