Qırğızıstandakı libertarianlar zorakılıq qurbanlarına kömək üçün Sülh kampaniyasını genişləndirirlər

Tom Palmer, 17/06/10

Qırğız libertarianları son günlər ölkədə baş verən zorakı hücumların qurbanlarına təcili ardım göstərmək, ölkədə və regionda sülhün yaranması üçün könüllülük əsasında bir sıra ciddi koordinasiya olunmuş tədbirlər həyata keçirirlər. Mən oradakı dostlarımızla müntəzəm təmas saxlayıram və Çərşənbə axşamı Skype-da Orta Asiya Azad Bazar İnstitutunun (CAFMI) İcraçı Direktoru Mirsuljan Namazəliyevlə danışdım. O, CAFMI-nin ofislərində gecə keçənə qədər işləyən könüllülərlə çalışdığına görə boş vaxtı olmur. O, öz qərarlarını aydın şəkildə belə ifadə etdi:

“Biz əziyyət çəkən insanlara kömək edirik, amma çox şey etməliyik. Şəxsən mənim üçün bu yalnız həyat uğrunda mübarizə deyil. Bu, azadlıq uğrunda mübarizədir. Biz bu dəhşətli zorakılıqdan sui-istifadə edən Orta Asiyanın və ya Rusiyanın hər hansı rejimlərinin hakimiyyəti tərəfindən idarə olunmaq istəmirik. Bizim əziyyət çəkdiyimiz zorakılıq xaos yaratmaq və konstitusional rejimin devrilməsi üçün planlaşdırılmış provokasiyadır. Biz buna yol verməyəcəyik. Biz sülh istəyirik, azadlıq və qanuni hökumət istəyirik.”

Mən keçən ay CAFMI və bu institutun Direktorlar şurasının təsisçi üzvü, yeni müvəqqəti İqtisadi İnkişaf naziri, dostum Emil Umetaliyev ilə işgüzar danışıq  üçün Qırğızıstanda idim. (CAFMI Kato İnstitutunun iki məzunu, keçmiş təcrübəçi Seyitbek Usmanov və Mirsuljan Namazəliyev tərəfindən yaradılıb). Qiyam edən etirazçılara ölümlə nəticələnən zorakılıq göstərildikdən sonra vəzifəsindən uzaqlaşdırılan Kurmanbek Bakiyevin getdikcə artan hakimiyyət rejimindən və korrupsiyadan azad olan ölkənin gələcəyi haqqında inandırıcı optimizm vardı. Amma ölkədə hələ də Bakiyevin fitnə törədəcəyi ilə bağlı qorxu qalırdı. Bu qorxu xüsusilə onun oğlu Maksimlə qardaşı Canibek (aprel ayında nümayişçilərə atəş açmaq əmrləri verən şəxs) arasındakı telefon danışığında qeydə alınan kəşfiyyat məlumatından sonra yaranmışdı. Onlar yeni konstitusion prosesləri relsdən çıxarmaq və hakimiyyəti yenidən ələ almaq üçün aşkar zorakı sui-qəsdlər təşkil etmək barədə danışırdılar. Hətta neçə nəfər “savaşçı” kirayələmək planı,  onların dəmir tir və başqa alətlərlə silahlandırılması, hücumları həyata keçirmək üçün onlara nə qədər pul ödənməsi məsələsi müzakirə olunmuşdu. Qeydə alınanlar üşəndirici idi. Beləliklə, onlar qisas hücumlarını alovlandırmaq məqsədilə ölkədən soyduqları pullar hesabına özbək və qırğız kəndlərinə hücumlar başladan qatillər tapdılar. Onların planları bu ay bəhrəsini verdi , yüzlərlə insan öldürüldü, evlər və biznes qurumları yandırıldı, 80000-100000 arasında insan qaçqın düşdü.
Namazəliyev mənə yazdığı kimi, “Biz buna yol verməyəcəyik.”

CAFMI-nin heyət üzvləri və könüllülərinin yaşı hardasa 25-dən azdır. Onlardan bir neçəsinin tərcümeyi-halı mühafizə və təhlükəsizlik işi ilə bağlıdır. Amma onlar öz bacarıqlarını içi təcili yerinə yetirmək üçün sərf edirlər. CAFMI könüllüləri başqalarına müraciət etmək, onları toplamaq və humanitar yardımı minlərlə insana çatdırmaq üçün işləyirlər. Fəaliyyət yardımı başlıca olaraq evlərindən çıxarılmış ana və uşaqlara çatdırmaq,  qətl və nifrət əleyhinə sakitlik üçün qırğızlar, özbəklər, ruslar, uyğurlar, taciklər və başqalarıyla birlikdə ümumi sülh mesajını yaymaq istiqamətində aparılır. Onlar kompüter mütəxəssisləri, texnoloji dəstək, sosial şəbəkə və fəallar  qrupları ilə birlikdə çətir koalisiyası yaratmağa çağırırlar: “Mən Qırğızıstanda sülh istəyirəm” –“Мен Қирғизистонда тинчлик бўлишини истайман!” (özbəkcə), “Мен Кыргызстанга тынчтыкты каалайм!” (qırğızca) və “Я хочу мира в Кыргызстане!”(rusca).

“Mən Qırğızıstanda sülh istəyirəm” kampaniyasının beş koordinasiya olunmuş elementi var:
1. Mobil telefonlardan, məlumat bazalarından və internetdən istifadə etməklə, könüllüləri səmərəli təşkil etmək, planlar hazırlamaq və yaymaq (Google və başqa üsullardan istifadə etməklə). Məqsəd yardım ləvazimatlarını zərərçəkənlərə çatdırılmasını idarə etmək, insanları çaxnaşma ərazilərindən, yanan binalardan, qatillər tərəfindən  bağlanmış yollardan və qurulmuş pusqulardan uzaq dayanmağa kömək etmək.
2. Üç dildə yeni sülh kampaniyasını yaymaq (qırğız, özbək və rus) – brəndi, loqosu, küçə şüarı, lozunqları, köynəkləri, markerləri, vərəqələri, uşaqların əllə yazdıqları məktublar, radio müsahibələri və ictimai elanları, mesaj mətnləri və gərginliyi sakitləşdirən, sülhü təşviq edən başqa vasitələri ilə. Müxtəlif etnik qrupların təmsilçiləri sülhə nail olmaq, qanunçuluq və azadlığın bərqərar olması üçün bir araya gəlir.
3. Etnik nifrət və zorakılığı alovlandıran dezinformasiya və informasiya çatışmazlığını aradan qaldırmaq, qəzəb doğuran şayiələr və nifrət kampaniyaları öz zərərli bəhrəsini verməzdən öncə onlara təcili cavab tədbiri hazırlamaq.
4. Orta Asiyada qisasçılıq və nifrətin yayılmasını dayandırmaq; buna mediaya etibarlı informasiya verməklə, başqa ölkələrdəki milli azlıqlara qarşı etnik qarşıdurmanın aradan qaldırılmasına kömək etməklə, qisasçılıq hücumlarının qarşısını almaqla, regional müharibəyə yüksək real təhlükə yaradan, Qırğızıstana qonşu ölkələrdən hərbi müdaxilə çağırışlarına anında qarşı çıxmaqla nail olmaq.
5. CAFMI-nin Bişkekdəki ofislərində  informasiyanın toplanması və yayılması işini koordinasiya edən 24 saat açıq olan “Sülh Otağı” (“Müharibə otağı” deyil) yaratmaq. “Sülh Otağı”ndakı könüllülər mobil telefonlardan, sosial şəbəkə saytlarından, twitter-lərdən, mesaj mətnlərindən, telefon şəbəkələrindən və başqa üsullardan istifadə edir, kütləvi informasiya  vasitələrinə müntəzəm nəzarət edirlər.  CAFMI-nin ofisi indi könüllülər heyəti ilə tam təmin olunub və onlar bütün günü çalışırlar.

CAFMI-nin gənc könüllüləri və heyəti öz vaxtlarını sərf edir, həyatlarını riskə atır və adambaşına illik gəliri $2,100 olan ölkədə öz məhdud resurslarından yardım göstərirlər. Əgər siz öz ölkələrində zorakılığı dayandırmaq, zərər çəkənlərə təcili yardım göstərmək, regional müharibədən çəkinmək və regionu sülh və azadlığa aparmaq istəyən bu çox cəsur, qətiyyətli, məsuliyyətli libertarian qrupunu dəstəkləyirsinizsə, öz vergi tutulmuş ianənizi CAFMI-yə dəstək verən Atlas İqtisadi Araşdırmalar Mərkəzi vasitəsilə Orta Asiya Azad Baza İnstitutuna (CAFMI) göndərə bilərsiniz (CAFMI). Bunun üçün, xahiş edirik, Erin.Grant@AtlasNetwork.org ünvanına yazın və sizin yardımınzı 100% Orta Asiyadakı CAFMI-nin işinə sərf olunacaq. Hətta kiçik ianə də işə yarayacaq. Bu qərara görə siz peşman olmayacaqsınız. (Siz CAFMI-nin işini onların Facebook səhifəsindən  və Namazəliyevin NewEurasia.net, Twitter və başqa media vasitələrində rus və ingiliscə yazılarından oxuya bilərsiniz. Onun Bakiyev hakimiyyət rejimi əleyhinə aprel qiyamı haqqında The Independent-də reportajı çıxıb, CNN və başqa xəbər qurumlarında da  mövqeləri səslənib).

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat