Azərbaycanda neft gəlirlərinin idarə olunması

Həmid Dalqlıclı, 10/03/2008
Azərbaycan qədim zamanlardan bəri öz nefti ilə məşhurdur. Hələ eramızdan əvvəl yerdən qalxan alov dillərinə görə bu torpağı “odlar diyarı” adlandırırdılar. Lakin ölkədə əsil neft bumu XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Rotşild və Nobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri Bakı neftinin satışından qazanc əldə edirdilər. Sonra isə “qara qızıl” yataqlarının işlənməsi və hasilatı məsələlərinə Moskvada oturan Partiya funksionerləri rəhbərlik edirdilər. Yalnız 1990-cı illərin əvvəllərində ölkə müstəqillik qazandıqdan sonra azәrbaycanlılar öz təbii ehtiyatlarına sahib çıxa bildilər. Bəs görəsən onlar bunun öhdəsindən necə gəlirlər?

Qanunvericiliyə görə bütün yeraltı faydalı qazıntılar dövlətə məxsusdur. Bəzi yataqlarda kəşfiyyat işləri hələ SSRİ dövründə aparılsa da, 90-cı illərin əvvəllərində lazımı maliyyə, elmi və insan resurslarının çatışmazlığı hiss olunurdu. Həmin dönəmdə karbohidrogenlərin hasilatı və kəşfiyyatı üçün xarici neft şirkətləri cəlb olunmuş və onlarla hasilatın pay bölgüsü haqqında sazişlər (HPBS) imzalanmışdı. Yerli bazarda ən nəhəng şirkət Amerika-İngiltərə alyansı olan BP şirkətidir.

Hazırda Azərbaycanda gün ərzində 24 min ton neft hasil edilir. Proqnozlara əsasən, 20 il ərzində neftin və qazın hasilatı ilə ixracından əldə olunacaq ümumi gəlir 200 milyard ABŞ dolları civarındadır. Əhalisi 8 milyon, ümumdaxili məhsulu isə 14 milyard dollar olan bir ölkə üçün bu məbləğ böyük əhəmiyyət kəsb edir. Buna görə də, bu sərvətin hara istiqamətləndiriləcəyi, hansı sərmayə şəklində qoyulacağı, harada saxlanılacağı və necə idarə olunacağı müəyyən edilməli idi.

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) öz fəaliyyətinə 2001-ci ildə başlamışdır. Neftdən əldə olunan bütün pullar (“neft dollarları”) məhz burada toplanır. Fondun əsas məqsədi təbii sərvətlərin indiki və gələcək nəsillər arasında ədalətlə bölüşdürülmәsidir. Digər bir mühüm amil isə makroiqtisadi sabitliyin təmin olunması və yerli pul bazarının getdikcə artan xarici valyuta axınından qorunmasıdır. Belə bir fondun yaradılması irəli doğru addım idi. Belə ki, iqtisadi baxımdan karbohidrogenlərin satışından əldə olunan vəsaitləri ayrıca saxlamaq, bu pulları büdcənin gəlir hissəsinə aid etməkdən daha sərfəlidir. Belə təcrübə Norveç, Rusiya, Tailand, Qazaxıstan və bir sıra başqa ölkələrdə də mövcuddur.

Fondun gəlir mənbələri sırasında qazın və neftin satışından və nəql edilməsindən əldə olunan gəlirlər, xarici şirkətlərin verdiyi müxtəlif ödənişlər, bonus və dividendlәrlә yanaşı, Fondun öz valyuta əməliyyatlarından aldığı gəlir də daxildir.

Qanuna əsasən Fondun vəsaitləri qeyri-neft sektorunun inkişafına, kiçik və orta sahibkarlığın dəstəklənməsinə, regional infrastruktur layihələrinə, yoxsulluqla mübarizəyə və “insan kapitalının” artırılmasına yönəldilməlidir. ARDNF qarşısında millətimizin orta və uzunmüddətli inkişafı ilə bağlı vəzifələr qoyulur.

2001-2007-ci illər ərzində Fond Bakı-Tbilisi-Ceyhan boru kəmərində dövlətə məxsus payı maliyyələşdirmək üçün 298 milyon manat, qaçqınların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün 333 milyon manat, infrastruktur layihələrə 210 milyon manat və Dövlət İnvestisiya Şirkətinin əsas kapitalı üçün 90 milyon manat ayırmışdır. Ümumilikdə, bu müddət ərzində Fondun büdcəsinə 4425 milyon manat (5.2 milyard dollar) məbləğində vəsait daxil olmuş və bu vəsaitdən 2364 milyon manat (2.8 milyard dollar) və yaxud 54% xərclənmişdir.

Həm dövlətin iqtisadiyyata fəal şəkildə müdaxilə etməsinə qarşı çıxanlar, həm də bu prosesin tərəfdarı olanlar etiraf edirlər ki, sözügedən layihələr həqiqətən də, Azərbaycan üçün strateji əhəmiyyətə malik olmuşdur. Ölkənin özəl ixrac boru kəmərinə sahib olması onun Rusiyadan asılılığını zəiflətmiş və onun regional enerji layihələrinə qoşulmasına şərait yaratmışdır. Nəticədə belə bir perspektiv meydana çıxmışdır ki, ölkə Orta Asiya neftinin və qazının nəqli üçün tranzit ərazisi kimi istifadə oluna bilər (“Nabukko” layihəsi). Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyona yaxın qaçqın öz ev-eşiyini tərk etmək məcburiyyətində qalmışdır. Bəzi qaçqınlar isə hələ də çadır şəhərciklərində yaşayırlar. Bu insanlara kömək məqsədi ilə görülən tədbirlər sayəsində sosial gərginlik aşağı düşmüş və işsizlik problemi qismən də olsa həll edilmişdir.

Əlbəttə, bu milyardları xәrclәyәrkәn ölkə hökuməti özünün daxili və xarici siyasəti ilə bağlı məsələləri də yaddan çıxarmır. Bazar iqtisadiyyatına keçmək məqsədi güdən bir ölkədə dövlət investisiya orqanı yaradılmasının nə dərəcədə səmərəli və məqsədəmüvafiq olması ətrafında mübahisə etmək də olar. Bu özəl sərmayələrin sıxışdırılmasına gətirib çıxarmayacaq ki? Amma ümumilikdə bütün bu məsrəflər qeyd olunan strategiya ilə müəyyən mənada uzlaşır.

2007-ci ildə “neft dollarlarının” axını xeyli artmışdır. Öz növbəsində ARDNF-nin funksiyası da dəyişmişdir: belə ki, yeni layihələr yaranır və dövlət büdcəsinin subsidiyalaşdırılmasında Fondun oynadığı rol artır. Yuxarıda qeyd olunan proqramlara Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinin maliyyәlәşdirilmәsi üzrə xərclərin artması (90 mln manat) və tələbələrin xaricdə oxumaları üçün dövlət təhsil proqramının maliyyələşdirilməsi əlavə olunur. Bununla yanaşı, qaçqın və məcburi köçkünlərə dəstək üçün əlavə 145 milyon manat, infrastruktur layihələri üçün isə 333 milyon manat (390 mln dollar) ayrılmışdır.

Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi Bakı-Tbilisi-Ceyhan layihəsinin davamıdır. Məqsəd budur ki, Ermənistandan yan keçməklə Türkiyə və Azərbaycan arasında dəmir yolu əlaqəsi təmin olunsun. Hazırda mövcud olan dəmir yolu marşrutu Ermənistan ərazisindən keçir və məlum siyasi səbəblərə görə qonşu ölkələr tərəfindən istifadə olunmur.

Rəqəmlər getdikcə daha da çoxalır. 2008-ci ildə əldə olunacaq gəlirlər 3.6 milyard manat (4.2 milyard dollar), məsrəflər isə 1.7 milyard manat (2 milyard dollar) civarında planlaşdırılır.

2008-ci ildə xərclənəcək vəsaitlərin əsas istiqamətlərindən biri də 1.1 milyard manatın (1.3 milyard ABŞ dolları) dövlət büdcəsinə köçürülməsi olacaq. 2008-ci il üçün nəzərdə tutulmuş büdcənin gəlir hissəsinin 7.4 milyard manat təşkil etdiyini nəzərə alsaq, belə çıxır ki, gəlirlərin 15 %-i Neft Fondundan daxil olacaq. Eyni zamanda, dövlət büdcəsinin planlaşdırılan kəsiri 1.126 milyard manat olmalıdır. Əgər vergi və gömrük rüsumları kimi adi gəlir mənbələrini hesaba alsaq, onda bu kəsir 2.3 milyard manat təşkil edəcək (təxminən 3 milyard dollar). 2007-ci ilin rəsmi statistikasına görə inflyasiyanın 12% təşkil etdiyi bir ölkədə dövlət məsrəflərinin bu cür kəskin şəkildə çoxalması yeni qiymət artımına gətirib çıxara bilər. Axı Neft Fondunun yaradılması zamanı bəyan edilmiş məqsədlərdən biri də məhz iqtisadi tarazlığın qorunacağı idi. Bunun əvəzində isə Fondun vəsaitləri “Leviafanın əzələlərini şişirdən dopinq” funksiyasını yerinə yetirir.

Artıq 2007-ci ildə Fondun büdcəsinə iki dəfə düzəliş edilmişdir və bu dəyişikliklərin məsrəf artımı ilə bağlı olduğunu başa düşmək çətin deyil.

Belə tәәssürat yaranır ki, bəzi rəsmilər öz ideyalarını həyata keçirmək üçün istədikləri zaman pul götürə bilsinlər deyə Neft Fondundan ehtiyat cib kimi istifadə edirlər. Ötən 6 il ərzində büdcəyə daxil olan transfertlərin məbləği 1.4 milyard manat, yəni təkcə 2008-ci ildə olduğundan artıq olmuşdur!

Faktiki olaraq, gələcək nəsillərimizin “işıqlı gələcəyi” üçün nəzərdə tutulmuş pullar cari ehtiyacların ödənilməsinə sərf olunur. Maraqlıdır ki, yeganə uzunmüddətli perspektiv layihə olan tələbələrin xaricdə təhsil almaları üzrə proqram üçün cəmi 5 milyon manat, yəni büdcəyə olan transfertdәn 220 dəfə az ayrılır. Axı gәlәcәkdә Neft Fonduna daxil olacaq gəlirlərin qat-qat artacağı, 2014-cü ildə isə özünün ən yüksək həddinə çatacağı planlaşdırılır....

Əgər dövlət öz məsrəflərini optimallaşdırmağı və ya onlara qənaət etməyi lazım bilmirsə, o zaman maliyyə sahəsində mövcud olan nizam-intizam da zəifləyir. Beləliklə, vergidən əldə olunan gəlirlərdən asılılıq azalır və nəticədə iqtisadi islahatların aparılmasına, fiskal orqanlarda işin effektivliyinin artırılmasına ehtiyac qalmır. Bundan başqa, dövlət daha çox ARDNF-nin vəsaitlərinə bel bağlayır, yəni öz vətəndaşlarının vergi ödəmələrindən daha az asılı olur və deməli, onların fikrinə etinasız da yanaşa bilər. Bir fakt da mühümdür ki, əgər Fondun 5 %-lik gəlir səviyyəsinə istinad etsək belə (hansı ki, öz-özlüyündə konservativ bir məsələdir), bu gün 1.1 milyard manatın xərclənməsi 10 ildən sonra 2 milyard manatın xərclənməsinə bərabərdir. Norma 10% olsa isə, bu məbləğ artıq 3 milyard təşkil edir.

Bütün problemləri təxirə salmadan, indi və dərhal həll etmək şirnikdirici görünür. Bu neqativ tendensiyaları dayandırmaq üçün Fonda aşağıdakı tövsiyələri vermək olar:
• Məsrəflərin əsas istiqamətlərini uzunmüddətli çərçivədə müəyyən etmək;
• Büdcə transfertlərinə “kvota” qoymaq;
• İllik gəlirlər baxımından məsrəflərin limitini müəyyən etmək;

Bu tədbirlərin görülməsi və rasional investisiya siyasətinin yeridilməsi nəinki xalqa məxsus olan sərvəti qoruyaraq gələcək nəsillərə ötürməyə, həm də onu artırmağa imkan verəcək.

Həmid Dalqlıclı

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat