Seçki ilində Azərbaycan

Şəbnəm Bəkirzadə, 10/03/2008
Azərbaycan yenidən seçkilər ərərfəsindədir. Növbəti prezident seçkilərinə bir ildən də az vaxt qalıb. Bu zaman kəsiyində hansı dəyişikliklərin olacağını proqnozlaşdırmadan indiki durumun təhlilini vermək daha asandır. Ancaq bu durum yalnız indiki halda siyasi prizmadan gördüyümüz mənzərəni əks etdirir.

Hakimiyyət seçki ilində təbliğatını hansı nailiyyətlərin üzərində quracaq?

Bu suala Maliyyə Naziri Samir Şərifovun büdcə ilə bağlı Milli Məclisdə verilən son hesabatinda cavab tapmaq mümkündür. - Azərbaycan Respublikasının dövlət büdcəsi 3,5 milyard dollardan 8,5 milyarda qədər yüksəlib. Maaşlar, büdcə səviyyəsi bir-neçə dəfə artırılıb. Tikinti-quraşdırma və abadlıq işləri son 18 illə müqayisədə görünməmiş dərəcədə genişlənib, parklar salınıb, yollar cəkilib və bu işlər davam etdirilir.
- Ermənistan–Azərbaycan münaqişəsinin həlli istiqamətində danışıqlar əvvəlki illərlə müqayisədə intensivləşib. Ordu quruculuğu istiqamətində bəyanatlar verilməklə yanaşı, büdcədən orduya ayrılan vəsaitlər də hər il artır.
- Bakı – Tiflis - Ceyhan neft kəmərinin işə düşməsindən sonra daha bir regional əhəmiyyətli layihə - Bakı – Tiflis - Ərzurum qaz kəməri fəaliyyətə başlayıb. Eyni zamanda, Qars – Tiflis - Bakı dəmiryol xəttinin çəkilməsiylə bağlı da çərçivə sazişi imzalanıb. - 2006-cı ilin noyabrında Azərbaycanla Avropa İttifaqı arasında yaxın qonşuluq siyasəti sahəsində çoxtərəfli müqavilə imzalanıb. Yaponiya və Koreya ilə yeni iqtisadi proqlamlar üzərində işlənilir.
- İctimai Televiziya fəaliyyətə başlayıb, korrupsiya və rüşvətxorluqla mübarizə komissiyası yaradılıb. Siyasi məhbusların bir qismi əfv fərmanı ilə azad edilib, KİV-in qeydiyatı sadələşdirilib və s.

Bəs ölkədə müxalifətin vəziyyəti necədir?

- 2003-cü ilin prezident seçkilərindən sonrakı repressiyalar Azərbaycan müxalifətini uzun müddət fəaliyyətsiz, dağınıq və bəyanat siyasəti yeritmək məcburiyyətində qoymuşdu. Yalnız 2005-ci ilin fevralından başlayaraq müxalifət partiyaları vəziyyətdən çıxış yolları aramaq üçün öz aralarında müzakirələrə başladılar. 2005-ci ilin parlament seçkiləri yaxınlaşdıqca fəallıq daha da artdı və ölkənin aparıcı partiyaları seçkilərdə birgə blok fəaliyyəti nümayiş etdirdilər. Lakin bir çox beynəlxalq qurumların da bəyan etdiyi kimi, əsasən dünya standartlarına cavab verməyən bu parlament seçkilərinin nəticələrinə görə aparıcı müxalifət partiyaları yenə parlamentdən kənarda qaldı.

- Beləliklə, seçkilərdə göstərilən fəaliyyətin nəticəsiz qalması Azərbaycan müxalifətinə böyük zərbə oldu. Müxalifət partiyalarının fəaliyyəti 2006-2007-ci illərdə xeyli sönükləşdi. Ruh düşkünlüyü yaşayan bir çox insanların müxalifət təşkilatlarında sıravi və ya funksioner kimi təmsil olunmaqdan yorulduğu nəzərə çarpmağa başladı. İndi əsas resurslarından-ofislərindən məhrum olunan, şəhərdən kənar ofislərdə və ya qərargahsız şəkildə şəxsi mənzillərdə fəaliyyət göstərməyə məcbur olan, siyasi aksiyalarına icazə verilməyən Azərbaycan müxalifəti 1993-cü ildən bu yana indiki qədər zəif görünməyib. Təbii ki, Müsavat Partiyasının ”Azadlıq” blokundan çıxması, sonra ADP-nin dialoqla bağlı təklifləri və ADP-nin ADP və ACP-yə parçalanması və hər ikisinin “Azadlıq” blokundan çıxması nəticə etibarı ilə müxalifətin təşkilati baxımdan parşalanmasına səbəb oldu.

Müxalifət partiyalarında təmsil olunmayan və ya idarəetmədə iştirak etməkdən məhrum olan xalq isə daha fərqli düşünür.

- Azərbaycan xalqı təbii ki, bir seçici və ya vətəndaş olaraq yolun salındığını, məktəblərin tikildiyini və digər abadlaşdırma işlərinin aparıldığını görür, amma o daha çox öz həyat şəraitinin günü-gündən ağırlaşdığını hiss edir. Hər bir vətəndaş üçün ilk növbədə öz həyat şəraiti, gündəlik güzəranı, uşağının ehtiyacları və sağlamlığı daha vacibdir. Həqiqətən, bu gün əmək haqları əvvəlki illərə nisbətən bir neçə dəfə artırılıb. Amma bu nisbətdə qiymətlər daha çox artıb, inflyasiya iki rəqəmli həddə çatıb.
- Azərbaycan vətəndaşı 2003-cü ildə prezident kürsüsünə əyləşən İlham Əliyevi yenilikçi, islahatçı kimi qəbul edirdi. Ancaq Azərbaycanda idarəetmə metodu olduğu kimi qalır. Hamı elə fikirləşirdi ki, korrupsiya və rüşvətxorluğun miqdarı ən azı əvvəlki illərlə müqayisədə qat-qat aşağı düşəcək. Ancaq Azərbayan vətəndaşı neft gəlirlərinin artması nisbətində elə o qədər də rüşvət və korrupsiyanın miqdarının artdığının şahidi oldu.
- Söz və mətbuat azadlığı qorunmadı. Bu gün ölkənin bir sıra aparıcı jurnalistləri həbsdədir, Elmar Hüseynovun qatilləri tapılmayıb, bir neçə jurnalistin üzərində cərimə var və s. Azərbaycan vətəndaşı məhkəmə orqanlarından razı deyil. Məhkəmə sistemindəki vəziyyət daha ağırdır və daha çox sifarişli, yaxud rüşvət müqabilində qərarlar çıxarılır.
- Azərbaycan seçicisi İlham Əliyev hakimiyyəti dönəmində milli problem olan Qarabağ probleminin həllində əsaslı dəyişikliklərə şahid ola bilmədi.
- Polis sistemini təmsil edən Hacı Məmmədovun həbsi, polis orqanlarında rüşvət və korrupsiyanın isbatı ilə yanaşı, həm də cinayətkar qrupun mövcudluğunu üzə çıxardı. Fərhad Əliyev, Əli İnsanov, Akif Muradverdiyev və başqa yüksək vəzifəli məmurların həbsi hakimiyyət dairələrində baş verən kəskin ziddiyyətlərin əyani sübutu oldu.
- Regionlarda aqrar sektorun inkişafı üçün əhəmiyyətli addımlar atılmadı. Aqrar sektor günü-gündən geriləməyə məruz qaldı və ölkə iqtisadiyyatı demək olar ki, neftdən asılı vəziyyətə düşmüş durumdadır. Azərbaycanın idxal-ixrac siyasətində də heç bir irəliləyiş görünmür.
- 2003-cü il prezident seçkiləri öncəsi yeni iş yerlərinin açılması ilə bağlı böyük vədlər verilmişdi. Prezident və hakimiyyət yetkililəri nikbin bəyanatlar səsləndirirdilər ki, son 4 ildə 600 min (son rəqəm artıq 610 min söylənilir) yeni iş yeri açılıb. Amma Azərbaycanda faktlar göstərir ki, nəinki 600 min yeni iş yeri açılmayıb, bu sahə ilə bağlı aparılan təbliğat siyasəti də iflasa uğrayıb.

Azərbaycan seçicisinin seçimi haqqında

Azərbaycan seçicisi bu iqtidarın siyasətindən narazıdır və görünür ki, mövcud hakimiyyətin yetərli səs qazanma şansı sıfıra bərabərdir. Bütün resurs və imkanlardan məhrum olan müxalifət isə gücsüzdür.
Beləliklə, xalq seçim etməkdə ciddi çətinlik çəkəcək. Nəticəni proqnozlaşdırmaq fikrindən uzaq olduğumu isə yazının əvvəlində qeyd etmişdim.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat