Azərbaycanda liberalizmin gələcəyi

Elxan Şahinoğlu, 27/11/2011

Bir müddət öncə “Azadlıq” radiosunda bir proqrama dəvət olunmuşdum. Mövzu Rusiyanın baş naziri və prezidentliyə real namizəd Vladimir Putinin irəli sürdüyü Avrasiya İttifaqı ideyasıydı. Proqrama məndən başqa tanınmış siyasi eksperlərdən biri də qatılmışdı. Proqram zamanı söhbət gəlib çıxdı Azərbaycandakı duruma. Həmkarım qətiyyətlə söylədi ki, Azərbaycan demokratiyaya hazır deyil, çünki vətəndaşların əksər hissəsi rüşvət verir, rüşvət alır, seçki saxtakarlığına göz yumur və s.

Əlbəttə, həmkarımın sadaladığı neqativ hallar Azərbaycanda dərin kök salıb, ancaq bu o demək deyil ki, xalq demokratiyaya və ciddi dəyişikliklərə hazır deyil. Razıyam ki, 1990-cı illərin əvvəllərindəki demokratiya çoxunun gözünü qorxudub. Demokratiya ilə anarxiya arasında sərhəd şəffaflaşmışdı. Ancaq biz nə gördük ki? 1918-1920-ci illərdəki demokratiyamız cəmi 23 ay yaşadı, bu dəfə isə ondan da az fikir prüalizmi, demokratik seçki, söz azadlığı dada bildik.

Azərbaycanın demokratik təcrübəsi azdır. Ancaq məgər Gürcüstanın demokratik təcrübəsi çoxdur? Qonşu ölkə islahatları ilə sübut edir ki, istək olan yerdə böyük nəticələr qazanmaq  mümkündür. Azərbaycanda insan haqlarına barmaqararası baxıb, kütləvi seçki pozuntularına yaşıl işıq yandırıb, ardından da söyləmək ki, Azərbaycan demokratiyaya hazır deyil, vaxt lazımdır, bu, kökündən yanlış fikirdir. Bu sadəcə həmin siyasəti yürüdənlərin bəhanəsidir. Çünki dərin siyasi, hüquqi və iqtisadi islahatlar hakimiyyətin indiki konstruksiyasını dəyişmək gücündədir. Bu isə hakimiyyətdə olan fərqli qruplara  sərf etmir. Bu gün rüşvət almağa və verməyə məcbur edilən və seçki saxtakarlıqlarına göz yummağa sürükləndirilən insanlara seçim imkanı verilsə, şübhə etmirəm ki, bir çoxu daha layiqli həyata üstünlük verər. Ona görə düşünürəm ki, Azərbaycanda liberalizmin gələcəyi var:

-    Ölkədə ən azı fəal vətəndaşlar var, onlar özlərinin və başqalarının haqları uğrunda mübarizə aparırlar. Belələri passiv vətəndaşları da öz arxalarınca aparmaq qabiliyyətinə malikdirlər;

-    Qloballaşmanın təsirləri Azərbaycandan yan keçmir. Azərbaycan vətəndaşları dünyada baş verənləri xarici kanallardan və internetdən izləyir və bu da beynin daim işləməsinə, sualların meydana çıxmasına yol açır. Məsələn, vətəndaş soruşur: “Niyə Azərbaycanın nefti, qazı, on milyardlarla dollar pul olduğu halda, Gürcüstanda ərzaq və xidmət Azərbaycandakından ucuzdur” və ya “niyə xarici maşını Gürcüstanda rahatca rəsmiləşdirmək mümkündür, Azərbaycanda isə sürünməli və maşının qiymətindən də baha rüsum ödəməlisən”;

-    Gənc nəsilin fəal hissəsi mövcud qaydalara üsyan edir. Çox cüzi hissəsi bu üsyanı müəlliminə, valideyninə və polisə bildirir. Böyük qismi hələ ki, bu üsyanı daxilində, bəlkə də evində daşıyır. Ancaq bu çoxluğun da partlama nöqtəsi var. “Belə yaşamaq olmaz!” şüarı onların da qəlbində yaşayır. Xaricə təhsil arxasınca gedən gənclərin sayı ilbəil artır. Dövlətin xətti və valideynlərin maliyyə dəstəyi ilə gedənlər də az deyil. Bu gənclər normal dövlətlərdə həyat şəratini, insani dəyərləri görüb geri qayıdırlar. Əlbəttə, bir qisim geri dönür və Azərbaycandakı şərtləri qəbul edərək fəaliyyətində heç bir yeniliyə üstünlük vermir. Ancaq bir qisim də var ki, ölkəsini təhsil aldıqları sivil ölkə kimi görmək istəyir. İkinci qrupu da iki hissəyə bölmək olar. Dəyişiklik istəyini daxilində gəzdirənlər, Azərbaycanı dəyişmək arzusuyla qollarını çırmalayanlar. Azərbaycanda liberal dəyərlərin bərqərar olunmasına ümid Azərbaycanı dəyişmək arzusuyla qollarını çırmalayanlaradır. Onların uğuru başqalarını da bu cərgəyə sövq edəcək.

Öz tələbəlik illərimi xatırlayıram. 1990-cı il 20 yanvar olayından bir neçə ay keçib. Sovet qoşunları Bakıdadır, fövqəladə vəziyyət rejimi hökm sürür. Buna baxmayaraq, Bakı Dövlət Universitenin bir qrup tələbəsi hər həftə “diskussiya klubu” təşkil edirdi. Əvvəlcə axşamlar Universitetin dar otaqlarından birinə sığınırdıq, sayımız 20 nəfərə güclə çatırdı. Bir müddət sonra sayımız artdı, ardıcıllarımız çoxaldı və Universitetin keçmiş rektoru zalın qapılarını bizə açmaq məcburiyyətində qaldı. Aydındır ki, indi vəziyyət daha mürəkkəbdir və inanmıram ki, Universitetin hazırki rektoru fəal tələbələrə yığışmaq imkanı versin. Ancaq dəyişiklik tələb edən tələblərin sayı çoxalarsa, heç bir qüvvə onların qarşısında dayana bilməz.

Yetər ki, ədalətsizliyə, rüşvətə və seçki saxtakarlıqları kimi eybəcərliklərə qarşı müqavimət artsın. Ancaq medalın başqa üzü də var. İdeya uğrunda mübarizə davamlılıq, cəsarət və əyilməməyi diqtə edir. Yenə öz təcrübəmdən çıxış etmək istəyirəm. Təbələlik illərində fəal 3-4 tələbə tanıyırdım. Məhz onlar bizi yürüşə çağırır, sovet eybəcərliyinə qarşı mübarizəyə səsləyirdilər, tələbə mitinqlərində liderlik edirdilər. Azərbaycan müstəqillik qazansa da, eybəcərliklərin sayı nəinki azalıb, hətta bir az daha artıb. Ancaq haqqında danışdığım keçmiş lider tələbələr bu gün öz problemləri ilə məşğuldurlar, bir neçəsi şəxsi biznes qurub. Halbuki, liberal dəyərlərin bərqərarı uğrunda missiya nəinki  tamamlanmayıb, yeni başlayıb.

Yəni elə ola bilər ki, bu gün də öndə gördüyümüz bəzi gənclər sabah kənara çəkilsinlər və boşluğu yenə kimsə doldurmaq məcburiyyətində qalsın. Bu tsiklin özü də Azərbaycanda liberalizmin möhkəmlənməsində müəyyən problemlər yaradır. Çünki, Azərbaycanda liberal dəyərlər uğrunda mübarizə aparan, çıxışları və yazıları ilə ictimaiyyətin diqqətini cəlb edən çoxluğa ehiyac var. Sayın artması çox önəmlidir.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat