Cəmiyyətimizdə qadınlar

Şəbnəm Bəkirzadə, 11/03/2008
Hər bir insan ömrü uşaqlıqdan başlayır. Kişinin öz uşaqlığı, öz dünyası olur, qadının isə öz qızlıq ömrü. Mən istisnaları nəzərə almadan bütünlükdə bu gün cəmiyyətimizdə qadınların uşaqlıqlarına diqqət yetirmənizi istərdim. Qızlarımız necə bir mühitdə doğulur, böyüyür və həyatla tanış olurlar?

Anaların və ataların qız uşaqlarına münasibəti həm eyni, həm də çox fərqli olur. Qız uşağı öz doğumu ilə ailəyə bir az nisgil gətirir. Ən yaxşı halda isə, nə yaxşı ki, övladımız sağlam doğuldu, deyə özlərini təsəlli edirlər. Yaxşı qız atası oğlunun olmamasından çəkdiyi acını qızının sağlam doğulması faktı ilə həzm etməyə çalışır. Bir çox hallarda qız anası da eyni hissləri yaşayır.

Hər bir ana özünün görmədiyi gözəl günlərlə dolu olan bir həyatı öz qız övladına arzulayır. İstəyir ki, qızı onun kimi bədbəxt və hər zaman hər bir acıya dözmək məcburiyyətində qalacaq ömür yaşamasın. İstəyir ki, qızı sadəcə xoşbəxt olsun. Bütün bunları arzulaya-arzulaya analar öz qızlarını öz bədbəxt ömür yollarının cığırları ilə getməyə məcbur edirlər. Yəni öz əlləri ilə öz qızlarını bədbəxt edirlər. Qız uşağının saç düzümündən başlamış hansı ixtisasa yiyələnəcəyi ilə bağlı olan bütün qərarlar ailə tərəfindən verilir.

Məsələn, az savadlı və ya əyalət insanı öz qızını mütləq ya təhsilsiz, ya da təhsil alarsa, müəllimə kimi görmək istəyəcək. Nisbətən savadlı kəsim isə uşaqlıq yaşından qızını məcburən ya pianino dərslərinə, ya da dil kurslarına yazdırır. Əlbəttə ki, buna məqsəd qızının gələcəkdə incəsənət adamı olması deyil. Ya da ki, heç bir valideyn könüllü şəkildə öz qızının xarici ölkədə yaşaması, təhsil alması kimi bir arzuya düşmür. Pianino və ya xarici dil kursları sədəcə qonşuların və qohumların yanında «ziyalı ailə modeli» yaratmaq üçün bir addımdır.

Bu gün qadın və azadlıq kəlmələrini bir arada işlətmək üçün ya avantürist, ya da ki, hüquqşünas olmaq lazımdır. Məişətdə, ailəmizin içində qadına yalnız mətbəxdə azadlıq verilib. Vəssalam. Bu hüquqpozma isə yalnız və yalnız öz «sahibkarı» olan kişi tərəfindən həyata keçirilir.

Bir qadın küçə ilə gedərkən ona yol verən, avtobusun qapısını açan, yerini ona güzəşt edib özü ayaqüstə gedən kişiləri içində bəyənir və təqdir edir. Onu daim evində əzən, alçaldan, icazəli mühitdə yaşamağa məhkum edən ər, ata və ya qardaşından fərqli olaraq tanımadığı kişilərin ona daha çox dəyər verdiyi qənaətinə gəlir. Ancaq böyük bir faciə var. Bu faciə ondan ibarətdir ki, onun qəddar və mədəniyyətsiz kimi tanıdığı ər, ata və ya qardaş da küçədə yad qadınlara qarşı mədəni və nəvazişlidirlər. Evindәki qadının dәyәrini anlamaqda çәtinlik çәkәn kişi mәnәn öz qadınını necә itirdiyinin fәrqinә varmır.

Qadın mövzusuna toxunan zaman qanun mövzusundan yan keçmək olmur. Belə ki, bütün cəmiyyətlər, o cümlədən bu məmləkət qanunlar sayəsində idarə olunur. Qanunun iki tipi mövcuddur: yazılmış və yazılmamış. O ölkədə yazılmış qanunlar işləyir ki, həmin məmləkətin qanunları real həyatla uyğunlaşdırılmış şəkildə olur. Amma Azərbaycan tipli ölkələrdə qanunlar yerli mütəxəssislər tərəfindən yazılmır, yerli tərcüməçilər tərəfindən tərcümə olunur. Ona görə də bu tipli qanunların yerlərdə işləməsi gülünc olardı.

Hələ mən anadan olan il, yəni 1984-cü ildə ABŞ-da bir qadın əri tərəfindən zorlandığı üçün məhkəməyə müraciət etmişdi. Məhkəmə onun xeyrinə nəticələnmişdi. Mən inanmıram ki, öldüyüm günə qədər (hələ 50-60 il yaşamaq fikrim var) bizim cəmiyyətimiz bu kimi faktla rastlışsın. Hətta hər hansı cəsarətli qadın «ərim məni zorlayıb» şikayəti ilə məhkəməyə müracət etsə, çox güman ki, özünün psixoloji durumu haqda şübhələr yaradacaq. Amma qadın zorakılığı barədə hər iki ölkədə, həm ABŞ-da, həm də Azərbaycanda eyni qanunlar var. Ancaq Milli Məclis qərar versə ki, işdən yorğun qayıdan və ya hər hansı problemi olan ər öz arvadını hirsi soyumaq məqsədi ilə döyə bilər, həmin qanun sözün əsl mənasında işləyər.

Ailə quran qadınlarımızın əksəriyyətinin boşandıqdan sonra yaşayış yeri, təminat və s. problemləri meydana gəlir. Təbii ki, ailənin dağılmaması daha yaxşı olardı, amma bunu labüd edən amillər varsa, dağılması hər iki tərəf üçün münasib olur. Lakin qadınların əksəriyyəti boşandıqdan sonra ər evindən mülkiyyət əldə edə bilmir. Qanuna görə nikaha daxil olmamışdan öncə ailə qurmağa hazırlaşan qadın yaşayacağı evin (ər evi) sahibi ilə sövdələşməyə getməli, boşanma halında ona düşəcək mülkü və ya daşınan əmlakı ayırd etməlidir. Bu fakt nikah müqaviləsində əks olunmalıdır. İndi bu qanunun real həyata inikasına baxaq.
Nişanlı qız toydan əvvəl gedir qaynatısının evinə. Oturur qaynatası ilə üzbəüz və başlayır şərt kəsməyə ki, bəs mən boşanası olsam evin filan tərəfi mənimdir və s. Hansı ailə nişanlı qızın belə şərt kəsməsini görsə, o ailə heç vaxt o gəlini qəbul etməz. Deməli qanunun təməlində yalnışlıq var.

Kişilərin qadına münasibəti qanunun cəmiyyətə münasibəti kimidir. Qanunlar cəmiyyətimizi əks etdirmədiyi və idarə edə bilmədiyi kimi kişilər də qadınların arzularını realizə edə bilmir və idarə etməkdə çətinlik çəkirlər. Bunun tək yolu isə zorakılıqdan keçir. Məsələn, qadın işləmək isətyir, kişi isə onun nisbətən azad həyat tərzi sürməsinə göz yuma bilməz. Buna səbəb kişilərimizin özünə güvən hissinin az olmaması və qadınlarımızın əksəriyyətinin özünü azadlıqda rahat hiss etməməsidir. Qadının arzusunu realizə edə bilməyən ər söz arqumentləri ilə «olmaz»ı izah edə bilməyəndə zor işə düşür. Təbii ki, məsələ bununla da yekunlaşır.

Amma qadınlarımızın cəmiyyətdə aktiv rolu elə gözəldir ki!!! Daima müxtəlif kollektivlərdə qadınlarla təmasda olmuşam. Heç vaxt cəmiyyətin ön sıralarında olan qadının riyakarlığı, simasızlığı ilə rastlaşmamışam. Hətta siyasi fəaliyyətlə də qadınlar daha vicdanla məşğul olurlar. Üzvü olduğum siyasi partiyanın iclaslarında sədrin sağ və sol tərəfinə soxulub ona daha yaxın dayanmaq və bununla siyasi natamamlığını yaltaqcasına ödəyən kişilər görmüşəm. Ancaq indiyə qədər bir qadının özündən statusuna görə yuxarı olan kişiyə yaltaqlandığı faktına rastlamamışam. Qadın azad və savadlı olanda kişidən daha gözəl, maraqlı və məğrur olur.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat