İnkişafın təməli-zamanla dəyişmək…

Səadət Cahangir, 11/12/2011

Qolunuzda zamanın “nəbzini ölçən” saat adlı kiçik bir cihaz var. Mexanizmi yalnız vaxtın irəli doğru axınına hesablanıb. Nə olur-olsun, geriyə dönmək, ara vermək, dayanmaq yox-tam qəlbinizin ritmi kimi. Gündəlik həyatınızın anlarını saniyə-saniyə ölçüb gedər həmin dostca “qolunuza girmiş” cihaz. Məncə, o sehirli mexanizm yalnız zamanı ölçmək üçün deyil, həm də insana inkişafı xatırlatmaq, onu dayanmadan irəli aparmaq üçün düşünülüb. Saatınız “yatdığı” zaman özünüzü necə hiss edirsiniz? Zamanın orbitindən çıxmış, özünüzü itirmiş, vaxtın ortasında azmış kimi. O halda ağlınız kəsəndən sizə yoldaşlıq edən, gecənizi gündüzdən ayıran, yuxuya qalanda çağırıb oyadan o cihazla ayaqlaşmağı unutmayın! Əks halda...

Dünyanın çox sürətli bir dəyişiklik içində olduğunu hər kəs görür. İndi sel kimi gələn bu dəyişikliklərin  axarında uğurlu, yoxsa uğursuz gələcəyə doğru üzmək hər kəsin özündən asılıdır. Əslində, bu təlatümlü proseslərin gətirdiyi nəhəng dalğaların qarşısında susqun dayanıb səni nə vaxt alıb aparacağını gözləmək  və ya ona gücündən artıq dirəniş göstərməyə qalxmaq da yaxşı heç nə vəd etmir. Bu məqamda ən önəmli olan şey həmin sıçrayışlı dalğalarla gələn qlobal dəyərlərdən yararlanmaq üçün onu öz həyatında doğru  istiqamətləndirmək, ona düzgün və zamanında reaksiya vermək bacarığıdır.

İnsanın yadına məşhur yazıçı Frans Kafkanın “Dəyişmə” əsərində bir sabah oyanıb böcəyə döndüyünü görən Qreqor Samsa obrazı düşür. Bu qəhrəmanın ən böyük faciəsi nədir, bilirmisiniz? Böcəyə döndüyü andan sonra artıq heç nə əvvəlki kimi olmayacaq. Toplumun və ailəsinin onu əsir edən davranışları heç bir halda dəyişməyəcək. Çünki o indi öz çevrəsində iyrənc böcəkdən başqa bir şey deyil...

Yaxın çevrədə “iyrənc böcək” kimi arzuolunmaz bir varlığa çevrilmək çox ürəkağrıdıcı deyilmi?  Zamanın saatından geridə sürünmək şəksiz ağır nəticələr doğurur. Bu gerilik içində çapalayıb qalanları qəfil gələn dumanlı bir rüzgar hər an sovurub apara bilər... İndi də o dəyişiklik rüzgarının Afrikadan üzü Rusiyaya doğru əsməkdə olduğu görünür. İlin əvvəlində Tunisdən başlayan “vahiməli fırtına” qapılarını bərk-bərk yeniliyə qapayan sərt rejimləri cənginə alıb aparır. Bu çevrəyə sovetlərdən qalan qırıq-sökük idarəetmə mexanizmlərini qoruyub saxlamağa çalışan post-totalitar sistemlər də daxildir.

“Post-totalitar sistemin məqsədləri ilə həyatın məqsədləri arasında dərin uçurum var. Belə ki, həyat mahiyyətcə plüralizmə, müxtəlifliyə, müstəqil özünüidarəetməyə, özünü təşkilə, qısası,  insanın öz azadlığını gerçəkləşdirməsinə doğru getdiyi halda, post-totalitar sistem uyğunlaşma, yeknəsəklik və intizam tələb edir. Həyat yeni və gözlənilməz şeylər yaratmağa can atmaqda ikən post-totalitar sistem həyatı həmişəki vərdiş olunmuş halına qaytarmaq üçün çalışır...”(Vatslav Havel)

Amma zamanın təkərinə çubuq soxub onu saxlamaq mümkünmü? Həyatın qarşımıza çıxardığı dəyişikliklərə doğru adaptasiya olunmaq, onu düzgün mənimsəmək azad və rahat yaşamağım ən ilkin şərtidir bəlkə də. Həyatın yaranışından keçən min illər ərzində hansı dəyişikliklərə səhnə olduğunu düşünün! Bu gün dünyanın fərqli qitələrində müasirliyə və inkişafa müqavimət göstərən primitiv təfəkkürlü tiranların hakimiyyəti tarixə qovuşur. Bunun birinci səbəbi odur ki, dəyişmə və inkişaf təbiətin özündən gəlir. Həyatın ən böyük gözəlliyi də elə bundadır.

“Zuan Ziu təbiəti belə təsvir edir…Qış gəldiyi zaman ağaclar yarpaqlarının töküldüyünü görüncə, sanki üzüntüylə ah çəkirlər. Öz-özlərinə deyirlər: “Bir daha əsla əvvəlki kimi olmayacağıq.” Əlbəttə… Yoxsa özlərini yeniləməyin nə anlamı qalar? Yeni çıxacaq yarpaqların xüsusi özəlliyi olacaq. Onlar yeni gələn və özündən öncəkiylə tam fərqli bir yaz mövsümünə aid olacaqlar…” (Paulo Coelho)

Təbiətin ayrılmaz bir parçası olduğumuza görə, bu gün heç nəyin dünənki kimi olmayacağına təəssüflənməyə dəyməz. Yetər ki, vaxtın arxasınca sürünməyək, inkişafdan uzaq düşməyək, beynimizi yeniliyə qapatmayaq və dəyişməkdən qorxmayaq. Heç şübhəniz qalmasın ki, o zaman hər şey əvvəlkindən daha gözəl olacaq!

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat