“Qədim müharibə şallağı”na qarşı güclü müdafiə sistemi

14/12/2011

“Liberallar həmişə qədim müharibə şallağına qarşı olmuşlar. Onlar başa düşürdülər ki, müharibə həmişə böyük sayda ölüm və dağıntı gətirir, ailələri və iqtisadiyyatı məhv edir, hakim sinfə daha çox hakimiyyət verir ki, məhz hakim zümrənin xalqın sülh hissini bölüşməməsini bununla izah etmək olar. Azad kişi və qadınlar, əlbəttə, həmişə öz cəmiyyətlərini xarici təhlükələrdən müdafiə etmişlər. Lakin bütün tarix boyu müharibə həmişə hər iki tərəfdəki sülhsevər, zəhmətkeş insanların ümumi düşməni olmuşdur.”(Deyvid Boaz , “Libertarianizm”)

Çoxdandır cəmiyyətin  xüsusi diqqət mərkəzində olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” 9 fəsil və 54 maddədən ibarət qanun layihəsi, nəhayət, oktyabr ayının 13-də müzakirəyə çıxarıldı.

Bu müzakirə zamanı çıxış edən hörmətli millət vəkillərimiz qanunun səmtini öz maraqlarına və rəhbərlik etdikləri qurumların maraqlarına yönəltdilər. Təbii ki, ölkədə icraedici və qanunverici orqandakı şəxlərin eyni adamlar olması buna gətirib çıxarır... Ümumiyyətlə, çıxışçılar ölkədə əsgərliyə gedənlər sırasında orta məktəbi bitirən gənclərin üstünlük təşkil etdiyini bildirdilər. Onlar  eyni zamanda hərbi sistemlə bağlı saysız problemlərin olduğunu, onların həll istiqamətində problemin kökünün araşdırılmalı olduğunu söylədilər. Bu dəfəki müzakirələrdə çıxışların icraedici orqanlar və ya onlara yaxın qurumların təmsilçiləri arasında bölünməsi müşahidə olundu: təhsil, səhiyyə, siyasi və hərbi.

Bu bölünməni analiz etməzdən öncə özümdə müəyyən suallara cavab axtarıram: indiki hərbi vəzifə və hərbi xidmət siyasəti nəyə görə sadəcə kosmetik olaraq dəyişdirilir; və konseptual dəyişmə niyə heç müzakirə predmetinə belə çevrilmir?

Hərbi xidmət siyasətində dövlət müdaxiləsini dəstəkləyən keçmiş hərbi komissar və indiki millət vəkili Əliağa Hüseynov insan resursu probleminin olduğunu qeyd etdi. O, ölkənin müharibə şəraitində olduğunu yenidən hər kəsin diqqətinə çatdıraraq, hər hansı bir möhlət hüququnun yolverilməz olduğunu bildirdi, bu siyasətin dəyişdirilməsinə sərt və emosional reaksiya verdi.

Daha bir siyasi-hərbi cavab vitse-spiker Ziyafət Əsgərovdən gəldi. Orduya çağırışın ildə 4 dəfədən 2 dəfəyə endirilməsi məsələsinə cavab olaraq o bildirdi ki, qanunvericilik və dünya praktikasına əsasən ordunun 75%-nin döyüş hazırlığı vəziyyətində olması vacibdir. Lakin çağırış sayında dəyişiklik (azalma) olduğu halda, hərbi xidməti 2 ilə qaldırmağın mütləq bir məsələyə çevriləcəyi barədə də bu başdan xəbərdarlıq etdi.

Çıxışlar zamanı təhsilin önəminı, gənc nəslin innovativliyinin və enerjisinin itirilməməsi üçün onların yüksək elmi dərəcələrə yiyələnməsi məqsədilə hərbi xidmətdən azad olunmasını üstün tutan millət vəkilləri də oldu. Rektor və millət vəkili Abel Məhərrəmov indiki zamanın “təhsil əsri” olduğunu xatırlatdı və qeyd etdi ki, qanun fasilə vermədən yüksək pilləli təhsil sistemindən yararlanmağa imkan verməlidir. Hazırkı qanun isə elmin inkişaf etdirilməsinə çətinlik yaratmaqdadır... Debata qatılan Siyavuş Novruzov isə magistratura dərəcəsini bitirən tələbələrin cəmi 3 faizinin elm dalınca getdiyini və əksəriyyətinin başqa sahədə iş axtardığını vurğuladı. Savadlı ordu qurmağın tərəfdarı olan millət vəkili yuxarıda qeyd olunan fikirlərin daha aşağı prioritet olduğuna inanmaqdadır.

Əslində, bu qanun layihəsinin kosmetik reform səciyyəsi daşımaqla ilk oxunuşdan keçməsinə baxmayaraq, zənnimcə, gələcək oxunuşlarda aşağıdakı komponentlər öz əksini tapmalıdır:
-    Məcburi hərbi sistemdən peşəkar kadrlardan ibarət hərbi sistemə keçilməsi. Bu siyasət hərbi sistemə olan hörməti artırmaqla yanaşı, eyni zamanda hərbçilərin daha peşəkar olmalarına və hər hərbçiyə düşən xərci artırmağa kifayət edəcəkdir;
-    Texnologiyanın son illərdə çox sürətlə inkişaf etdiyini nəzərə alaraq, dövlət büdcəsindən ayrılan vəsaitin tədqiqata və inkişafa yönəlməsi, infrastrukturun və hərbi hissələrdə vəziyyətin yaxşılaşdırılması, peşəkar hərbçilərin və ordunun ən yaxşı silahlarla təchiz olunması;
-    Müdafiə sisteminin hərbi vəzifə deyil, siyasi və mülki səlahiyyət vəzifəsi  olaraq qəbul edilməsi. Bu, qeyd olunan reform komponentlərinin daha dərindən və effektiv həyata keçirilməsində və hərbi sistemdə zorakılıq və gücdən istifadənin azalmasına kömək edəcəkdir.

Bugünkü müzakirə pluralist diskussiya ssenarisi yaratsa belə, daha çox tək partiyalı Kommunist partiyası daxilindəki çəkişməni xatırladır. Vəziyyəti fərqli görmək istəyən hörmətli millət vəkillərindən Avropa ölkələrində olan hərbi siyasəti analiz etmək və Avropa institutlarına inteqrasiya prosesində həmin yenilikləri yerli qanunvericilik bazasına gətirməyi xahiş edərdik...

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat