Şəxsi mülkiyyət və “kral ilə qul arasındakı bağlılıq…”

Səadət Cahangir, 19/12/2011

Şəxsi mülkiyyətin tərəfdarı olan qədim filosoflar onun anlamını “hər bir insanın evi onun qalasıdır” aksiomu əsasında izah etmişlər. Məşhur ingilis filosofu Con Lok özünün “mülkiyyət nəzəriyyəsi”ndə “kral ilə qul arasındakı bağlılıq baba ilə oğul arasındakı bağlılıq kimidir” deyən  Robert Filmerin fikirlərini qətiyyətlə rədd edən arqument irəli sürmüşdür. Filmer bu deyimiylə şəxsi mülkiyyətin sadəcə hökmdar tərəfindən bəxş edilə biləcəyini iddia edirdi. Lokk isə insanların yaranışdan bir yaşam haqqına sahib olduğunu, Tanrının mülkiyyət haqlarını hansısa monarxa ehsan etmədiyini bidirirdi: “Atımın yediyi ot, bağbanımın biçdiyi çim və hər hansı bir yerdə açdığım su çuxuru, digərləriylə ortaq haqlara sahib olsam da, mənim mülkiyyətimdir...”

Dünyanın hansı bucağında olursa olsun, mülkiyyət haqqı insan hüquqlarının təməli kimi qəbul edilməlidir. Məsələn, bir yazarın əqli mülkiyyətinin məhsulu onun söz haqqında ifadə olunur. Heç şübhəsiz ki, burada özəl mülkiyyətin  mətbuat azadlığının da əsası olduğu özünü göstərir. Uzağa getmədən, dövlətin bütün televiziya kanallarına sahib olduğu ölkədə “mətbuat azadlığı”nı təsəvvür etməyə çalışın. Seçkidə hakim partiyanın təbliğatına saatlarla vaxt ayrıldığı halda, müxalif tərəf bu haqdan heç cür yararlana bilmir. Hər gün TV kanalları eyni adamlardan danışır, eyni  üzləri göstərir, eyni sözləri çevirir. Fərqli fikir yox, fərqli üz yox, fərqli görüntü yox. Acınacaqlı mənzərədir, deyilmi!

Amma indi zaman xeyli dəyişdiyinə, informasiya məkanından sərhədlər qaldırıldığına, dünyanın informasiya yükünü iri sosial şəbəkələr çox asanlıqla üzərinə götürdüyünə görə məlumatlanma problemini nisbətən yüngülləşmiş hesab etmək olar. Çünki artıq qoşulduğu qlobal sistemdə sosial şəbəkələrin bir üzvünə çevrilən insanlar üçün istədiyi xəbəri almaq və yaymaq an məsələsidir.

Yenidən yuxarıda bəhs etdiyimiz “hər kəsin evi onun qalasıdır” fikrinə qayıtsaq, məsələnin daha fərqli olduğunu görərik. Axı şəxsi mülkiyyətin bir istiqaməti də insanların hakimiyyət əldə etməsinə aparıb çıxarır. Əgər dövlət bir qurumun bütün mülkiyyətinə sahibdirsə, o zaman fərdlər dövlətin “diktə”sindən necə azad olacaq? Elə totalitar rejimlərin insanların şəxsi  mülkiyyət haqlarını hər yolla məhdudlaşdırmağa can atması da bununla bağlı deyilmi? Axı həmin o rejimlər genişlənən şəxsi mülkiyyətin onlar üçün real təhlükəyə çevrildiyini də yaxşı anlayırlar.

Bəzi ölkələrdə şəhərsalma və ya yeni layihələrin həyata keçirilməsi zamanı insanların şəxsi mülkiyyət hüquqları tapdanır. Dövlətin ”iradəsini ifadə edən” bu layihələr zamanı qanunsuz olaraq mülkiyyət sahibləri zorakılıqla evindən, torpağından, ticarət obyektindən məhrum olur. Bu zaman yaranan problemin iki tərəfi olur. İlk addımda insanlara mənəvi zərbə dəyir. O illərlə yaşadığı, çalışdığı, əmək qoyduğu mülkündən məhrum olur. İkinci problem onlara dəyən maddi  zərər müqabilində ödənən kompensasiya nəticəsində yaranır. Mülkiyyət sahibinin qanunla tələb etdiyi dəyər ödənmir, rəsmi qurumların ödədiyi də onu qane etmir.  Bir nümunə göstərək. Azərbaycanın Konstitusiyasının “Mülkiyyət” haqqında 13-cü maddəsində  yazılır: “ Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.”

Amma müxtəlif vaxtlarda baş verən faktları nəzərdən keçirsək, görərik ki, yaşadığımız ölkədə mülkiyyət hüquqları heç də qanunda yazıldığı kimi qorunmur və insanların haqları vaxtaşırı pozulur. Bununla bağlı ən maraqlı fakt gələn ilin may ayında Bakıda keçiriləcək “Eurovision” musiqi  yarışması ilə bağlıdır. Hazırda konsert üçün böyük arena hazırlayan hökumət ərazidəki bütün sakinləri evindən “bayıra atır”. Sakinlər nə baş verdiyini anlayınca, onlara deyilib ki, evlərindən xoşluqla çıxsınlar, artıq rəsmi sənədlərə görə onların bu ərazidə evi yoxdur. Azad Iqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayıl BBC kanalına müsahibəsində deyib ki, artıq Azərbaycanda  mülkiyyət haqlarının pozulması adi hala çevrilib və bu yalnız o faktlardan biridir: "Bura cəlb olunan hökumət qurumları qapalı və qeyri-şəffaf qurumlardır. Onlar insanlarla əməkdaşlıq etmək və ya onları eşitmək istəmirlər. Onlar ancaq insanlara hədə-qorxu gəlirlər”( http://www.bbc.co.uk/news/world-europe-16223311).

Beləliklə, bütün faktlar bir daha belə dövlətlərdə hakimiyyətin hər addımda şəxsi mülkiyyətin genişlənməsinə maneçilik tərətdiyini aşkara çıxarır.  Bu isə Con Lokun ifadə etdiyi kimi, birbaşa Tanrının insana verdiyi təməl haqlara qəsddir: “Dünya və bütün yaradılmışlar insanların ortaq mülkü olmaqla birlikdə, hər insan “özlüyündə” bir mülkiyyətə sahibdir. Özü üzərində ondan başqa heç kimin haqqı yoxdur. Vücuduyla ortaya qoyduğu əmək və qol işi tamamən özünə aiddir...”

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat