Sosial siyasətin görünən və görünməyən tərəfləri

Məhəmməd Talıblı, 26/12/2011

Ölkədə sosial vəziyyəti şərtləndirən çoxlu sayda faktorlar var. Mən bu təhlil yazımda onlar arasında qarşılıqlı əlaqəni yaratmağa çalışacaq və asılılıq paradoksunu izah etməyə çalışacam. Bu mövzunun aktuallığı həm də onunla bağlıdır ki, hökumət qəliz rəqəmlərlə sosial siyasətin dominantlığında, sadə vətəndaş isə onun həyatına necə təsir etməsində maraqlıdır. Orta ststistik azərbaycanlı özü üçün dəqiqləşdirməyə çalışır ki, hər dəfə prezident tərəfindən verilən fərman və sərəncamlar onun süfrəsində necə təzahür olunacaq? Çünki, demək olar ki, hər il az da olmuş-olsa sosial artımlarla bağlı müəyyən addımlar atılır. Bunun nə qədər təsirli olub-olmaması başqa mövzunun söhbətidir. 2008-ci ilin sentyabrında ölkədə minimum əməkhaqqı və pensiya məbləğlərinin səviyyəsi 15 manat, 2010-cu ilin sentyabrında isə 10 manat artırılmaqla, dövlət büdcəsindən maliyyələşən bir sıra qurumlarda çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşları orta hesabla 10% yüksəldildi. 13 dekabr 2011-ci ildə isə 8,5 manat yaşayış minimumu artırılaraq 93,5 manata çatdırıldı. (Yaşayış minimumunun qəpiklə artımı ilk dəfədir ki, qeydə alınır.) Proqnozlaşdıra bilərik ki, növbəti illərdə, bu rəqəm 2013-cü ildə 120 manat, 2014-cü ildə 127 manat, 2015-ci ildə isə 140 manat olacaq. O zaman sosial xərcləmələrin bəzi bloklarına diqqət edək.

Büdcənin sosial xərcləmələri

Sosial problemlərin tənzimlənməsində büdcədən bir alət olaraq istifadə  olunur. Büdcənin sosial və ya investisiya yönümlü olması bir çox hallarda ziddiyyətli olduğu üçün mübahisə yaradır. Ölkəmizin son 5 ilində investisiya xərclərinə 20 milyard manat (25 milyard dollar) vəsait sərf olunduğu halda, sosial xərcləmələrə (təhsilə 5,5 milyard, səhiyyəyə 2 milyard) isə 7-8 milyard manat sərf olunub.

Büdcənin gəlir hissəsinin artmasına baxmayaraq, sosial istiqamətlərin artım tempində əhəmiyyətli artımlar hiss olunmur. Çünki, sosial xərclərin artım tempi büdcə gəlirlərinin artım tempindən bir qayda olaraq geridə qalır. 2011-ci ilin proqnozu ilə müqayisədə 2012-ci ildə ümumi büdcə xərcləri 6.5 faiz artmasına baxmayaraq, “Nəqliyyat və rabitə” xərcləri 24.9 faiz, “Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq” xərcləri 20.6 faiz,  “Səhiyyə” xərcləri 5.7 faiz, elm xərcləri isə 3.4 faizlik artım nəzərdə tutulur. Hökumətin bu artım “proporsiyasını” başa düşmək, ümumiyyətlə çətindir. Nə üçün növbəti ilin büdcəsinin 17 milyard manatının təkcə 7,2 milyard manatı investisiya xərclərinə sərf olunmalıdır? Yalnız nəqliyyat sektoru üçün ayrılan xərclərin həcmi səhiyyə və təhsil xərclərinin toplam xərclərindən artıqdır. Bu, büdcənin sosial xərcləmələrinə verilən prioritetdən xəbər verir.Yaxud növbəti ilin büdcə xərcləmələrində sektorlar üzrə artım paylarının xüsusi çəkisinə diqqət edək. Büdcənin birinci xərc piroqunda təmir-tikinti, investisiya xərcləri büdcənin 34 faizini, sosial müdafiə və sosial təminat xərcləri isə üçüncü olmaqla 10 faizini (1,78 miyard manat) təşkil edəcək. Təkcə səhiyyə xərclərinin ÜDM-də payı 1 faiz təşkil edir ki, bu da dünyadakı (Dünya Səhiyyə Təşkilatının tövsiyyələrinə görə, bu ÜDM-nin 3% həddində olmalıdır) mövcud normadan 3 dəfə aşağıdır. Müqayisə üçün bildirim ki, Pribaltika Respublikalarında bu hədd bizdən bir neçə dəfə yüksəkdir. Belə ki, hələ 2007-ci ildə dövlətin səhiyyə xərclərinin ÜDM-də payı Latviyada 3,1%, Litvada və Estoniyada 3,9% təşkil edib.

Neft və qeyri-neft sektorları üzrə orta aylıq əməkhaqqının səviyyəsi

Ölkədə orta aylıq əməkhaqqında illər üzrə artımlar kordinal dəyişiklikləri özündə ehtiva etmir. Çünki bu artımlar ölkənin əsas gəlir mənbəyi olan neft gəlirləri fonunda  heç də böyük fərq yaratmır. Belə ki, orta aylıq əməkhaqqı məhz sektorlar üzrə ortalama həddi müəyyənləşdirir. İllər üzrə müqayisə verək. Hesablamalarımız göstərir ki, 2008-2009-cu illərdə neft sektorunda orta aylıq əməkhaqqı 1000 manat ətrafında olduğu halda, həmin illərdə qeyri-neft sektorunda bu hədd 300 manat ətrafında olub. 2010-2011-ci illərdə neft sektorunda orta aylıq əməkhaqqı 1050-1100 manat civarında tərəddüd etdiyi halda, qeyri-neft sektorunda  bu hədd həmin illər ərzində 350-380 manat olub. 2010-cu ildə isə ölkədə orta aylıq  əməkhaqqı 325 manat səviyyəsində olmuşdur. Rusiyada bu məbləğ 2006-cı ildə, Qazaxıstanda isə 2007-ci ildə qeydə alınıb. Yaxın 4 il müddətində isə bu iki ölkədə orta aylıq əməkhaqqıda xeyli artıb. Bu ölkələr inkişaf etmiş nə Avropa ölkəsidir, nə də Amerika. Bizimlə eyni siyasi keçmişi və sosial-iqtisadi start vəziyyəti olan ölkələrdir.

Məlumat üçün bildirim ki, Azərbaycanda orta aylıq əməkhaqının yüksək olduğu sahələr bunlardır: mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, tikinti. Bizdə orta aylıq əməkhaqqını “şişirdən” amil neft sektoru ilə birbaşa bağlıdır. Belə ki, neft sektorunda yüksək maaşla çalışan işçilərin əməkhaqqı ölkədə aşağı səviyyədə əməkhaqqı alanların (həkimin, müəllimin) orta aylıq əməkhaqqını formalaşdırır. Bu isə o deməkdir ki, ölkədə orta aylıq əməkhaqqını “şişirdən” neft sektorundakı yüksək səviyyəli əməkhaqqının məbləğidir.

Əhalinin kommunal xərcləmələrin, istehlak mallarının qiymətlərinin qalxması, sosial xərclərin bahalaşması (metropolitendə qiymət artımı və digər TŞ-nın qiymət artımları) baş vermişdir. Tarıf Şurasının qiymət artımlarındakı əsas “arqumentlər” ondan ibarət olmuşdur ki, dünyadakı tariflərə(qiymətlər) və keyfiyyətə stanadartları çatdırmaq üçün bu qiymət artımına gedirlər. Halbuki, həmin ölkələrdə yüksək həddə olan orta aylıq əməkhaqqı və əhali gəlirlərinin yüksək həddi mövcuddur. Hələ 4 il bundan öncə, 2007-ci ildə orta aylıq əmək haqqı Litvada 759 avro, Latviyada 719 avro, Estoniyada 827 avro, Slovakiyada 842 avro, Polşada 983 avro, Macarıstanda 1104 avro, Çexiyda 1126 avro,

Sloveniyada 1871 avro olub. Göründüyü kimi, bizdəki göstəricidən həmin ölkələrdəki orta aylıq əməkhaqqı bir neçə dəfə geridə qalır. Eyni zamanda, sosial xərclərdə orta aylıq əməkhaqqının müqayisəsində digər ölkələrlə aparmağa ehtiyac var. Sosial istiqamətli olan təhsildə müəllimlərin orta aylıq əməkhaqqısına təhlil etməyə ehtiyac var. Təhsil işçilərinin ölkədə sayının çox olmasına baxmayaraq  onların əməkhaqqısı hələdə aşağı səviyyədə olaraq qalıb. Hazırda təhsil sahəsində çalışanların orta aylıq əməkhaqqısı 272 manat olduğu halda, ABŞ-da bu göstərici 3000$, Fransada 2000-2500$, Avstaliyada 2500$, Qazaxıstanda 543$ olub. 
Əməkhaqqıların artımı fonunda inflyasiya amili

Məlum olduğu kimi, ölkədə minimum əməkhaqqı əsaslı sürətdə də olmasa, simovolik və kiçik faizlərlə(ortalama il üzrə 10-15%)  artır. Amma bununla bərabər bu artımı “yeyən” və ya əhəmiyyətsizləşdirən iqtisadi proseslər də baş verir. Bu həmin artımın real vəziyyətini xarakterizə edir. Belə ki, il ərzində istehlak mallarının indeksində azalmalar baş verir, yəni inflyasiya halları genişlənir.

2005-2010-cu illərdə makroiqtisadi trendlər

Göstəricilər

2005-2008

2009-2010

Real ÜDM-in artım faizi

24.2%

7.2%

Neft ÜDM-in artım faizi

42.9%

8.3%

Qeyri - neft ÜDM-in artım faizi

11.8%

5.6%

İnflyasiya

13.9%

3.6%

Əhalinin nominal gəlirlərinin artım tempi

31.8%

10.7%

Əhalinin nominal əmək haqlarının artım tempi

27.0%

8.9%

Dövlət büdcəsinin nominal xərclərinin artım tempi

64.3%

6.8%

Bank aktivlərinin artım tempi

65%

14%

Mənbə: Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi

İndi təqdim olunan cədvəldən görəcəyik ki, əhalinin gəlirləri həmin illər üzrə rəsmi elan olunan inflyasiya tempindən yüksək olmayıb. Yaddaş üçün qeyd edim ki, bu cədvəl rəsmi olaraq dövlət orqanlarının elan etdiyi göstəricidir. Təkcə 2010-cu ildə hökumətin elan etdiyi rəqəmlərdə inflyasiya tempi 5,7 faiz olduğu halda, müstəqil mənbələr bunun 12,45% olduğunu elan edib. Həmçinin ərzaq məhsulları, içkilər və tütün məhsulları üzrə 7,2%, qeyri-ərzaq məhsulları üzrə 2,3%, xidmətlər üzrə isə 4,3% olmuşdur. Həmin il ərzində isə ölkədə əməkhaqqı səviyyəsi və minimal pensiya cəmi 10 manat artıb. Yəni, pensiyanın minimal məbləği 75 manatdan 85 manata yüksəlib. Təhlillər göstərir ki, son 5 ildəki (2005-2010-cu illər) inflyasiya səbətində 68%-ə yaxınının ərzaq məhsullarındakı inflyasiyanın payına düşür. Əhalinin də  daha çox istehlak etdiyi məhz elə ərzaq məhsullarıdır. Bu zaman həmin əməkhaqqıdakı artımların daha çox ərzaq məhsullarının istehlakına sərf olunduğu(xərcləndiyi) məlum olar. Bu isə həm inflyasiyanın doğurduğu məqamdır, həm də yoxsulluğu artıran amil.             

Əməkhaqqı həddi və yoxsulluq dərinliyi

Əməkhaqqının aşağı səviyyədə olması və yaşayış üçün nəzərdə tutulan istehlak büdcəsinin yüksək olması  həmin əhali qruplarını yoxsulluq girdabına tərəf  itələyir. Ona görə, ölkələr daha çox maraqlı olurlar ki, ya faktik olaraq  yoxsulluğun azaldılması istiqamətində real işlər görüb bu yoxsul əhalini bəladan qurtarsın, yaxud statistika üzərində spekulyasiya qursun. Təhrif olunmuş statistikanı ictimaiyyətə sırısın. Rəsmi dövlət statistikasına görə, Azərbaycanda yoxsulluğun səviyyəsi belə olmuşdur:  2002-ci ildə 46,7%, 2003-cü ildə 44,7%, 2004-cü ildə 40,2%, 2005-ci ildə 29,3%, 2006-cı ildə 21,0%, 2007-ci ildə 15,%, 2008-ci ildə 13,2%, 2009-cu ildə 11,0%, 2010-cu ildə 9,1% elan olunub.

Rəsmi olaraq elan olunan rəqəmlərdə illər üzrə enmələr var, amma bu enmələri şərtləndirən amillər açıqlanmır. 
Növbəti ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 116 manat nəzərdə tutulur. Alternativ və ya müstəqil mənbələr yaşayış minimumu məbləğinin 167 manat həddində olduğunu göstərir. Minimum əməkhaqqının 93,5 manat olmasının təsdiq olunması da göstərir ki, bu hədd hələ də hökumətin rəsmi olaraq elan etdiyi  yaşayış minimumuna yaxın deyil. Onun üstünə gələndə ölkədəki 1,3 milyon nəfər pensiyaçının (bunun 675 min nəfərinin aldığı dünənə qədər 85 manat idisə, bundan sonra 93,5 manat olacaq), tələbələrin aldıqları simvolik  təqaüdlər, ünvanlı sosial yardım alanları da əlavə etsək, onda ölkədə yoxsulluğun səviyyəsinin daha da yüksək olması meydana çıxar. Əslində, minimum əməkhaqqı hər bir insanın bioloji yaşam tələbatının ödənməsi üçün nəzərdə tutulur. Bir sıra Avropa ölkələrində, o cümlədən Almaniya, İtaliya, İsveçrə, Avstriya, Norveç, Danimarkada və İrlandiyada vahid minimum əməkhaqqı anlayışından ümumiyyətlə istifadə olunmur. Çünki həmin ölkələrdə minimum əməkhaqqı müxtəlif region və sahələr üzrə fərqlənir.

Dekabrın 24-də ölkə Prezidentinin sərəncamından sonra minimum əməkhaqqı səviyyəsi 85 manatdan 93,5 manata yüksəldi. Büdcə təşkilatlarında işləyən 800 minə yaxın insanın tarif cədvəli üzrə 95-200 manat arasında olan əməkhaqqına prezidentin son fərmanlarından irəli gələn 10%-lik artımları da əlavə etsək, onda bunun 10-20 manat həcmində artırılması deməkdir. Bu halda isə sosial siyasət nəticəsində söhbət əhəmiyyətli sıçrayışlardan deyil, simvolik artımlardan gedir. Eyni zamanda nəzərə almaq lazımdır ki, mütləq yoxsulluğun da səviyyəsini bura əlavə etsək, onda  vəziyyət daha fərqli olur. Hesablamalara görə, azərbaycanlıların ancaq 1 faizi dünya üzrə mütləq yoxsulluq – aclıq həddi sayılan həddə yaşayır. Yəni günə 1.25 ABŞ dollardan az qazanır. Amma ölkə üzrə qiymətlər nəzərə alınanda əhalinin 15.8 faizi minimum istehlak zənbilindən az qazanır. Dünyada yoxsulluğun alternativ ölçülməsi üsullarından birini də “Social Watch lnternational” təşkilatı həyata keçirir. Bu təşkilatın indeksinə görə, dünyada son 20 il “yoxsulluqla mübarizədə itirilmiş onilliklər” hesab edilir.

Bizdə ən çox sosial baxımdan əziyyət çəkən sosial qrup pensiyaçılar və tələbələr hesab olunur. Bizdə pensiya məbləği yaşayış minimumuna kifayət etməsə də, MDB ölkələrinin əksəriyyətindən yuxarı, Rusiya və Qazaxıstandan aşağıdır. Çünki onlarda minimum pensiya 165 ABŞ dollarıdır. Estoniyada 424, Litvada 310, Latviyada 362 dollardır. Bu. Norveçdə 2150 və Finlandiyada 1900 dollar səviyyəsindədir.  Əslində, neftlə zəngin olan Azərbaycanda pensiya məbləğinin aşağı olması çox acınacaqlı haldır. Bu sosial siyasətdə ciddi korreksiyaların aparılmasını zəruri edir.

Azərbaycandakı sosial durum beynəlxalq hesabatlarda

Dünyada ölkələrin sosial rifah səviyyəsini müəyyənləşdirən çoxlu sayda təşkilatlar  var. “İnternational Living” jurnalı 2011-cu ilin həyat keyfiyyəti indeksini açıqlayıb. Azərbaycan 157 ölkə arasında 106-cı yeri tutub. Reytinq cədvəli həyat səviyyəsi, infrastruktur,iqtisadiyyat, ictimai təhlükəsizlik və s. digər sahələri üzrə qiymətləndirmələr var. Bu cədvəldə Estoniya 32-ci, Latviya 33-cu, Litva 36-cı yerləri, Ermənistan 110-cu, Qırğızıstan 114-cu və Gürcüstan 58-ci yerdə qərar tutublar. Eyni zamanda, həmin hesabatda insanların həyatından məmnunluğu da qeyd olunub. BMT-nin hesablamalarına görə, 10 ballıq sistemlə azərbaycanlıların həyatından razılığı 4.2 balla qiymətləndirilib.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat