“Allaha məxsus olan Allaha, Sezara məxsus olan Sezara...”

Səadət Cahangir, 28/12/2011

On üçüncü əsrin teoloq-filosofu Toma Akvinski kral hakimiyyətini məhdudlaşdırmağın önəmi haqqında deyirdi: “Əgər kral öz vəzifəsinə sədaqətli deyilsə, o buna görə cəzasını almalıdır. Onu devirmək heç də qiyam deyil, o özü qiyamçıdır və xalqın onu kənarlaşdırmağa haqqı çatır. Lakin ən yaxşısı onun hakimiyyətini məhdudlaşdırmaqdır ki, o, sui-istifadə etmək iqtidarında olmasın.”

Şübhəsiz, geniş hakimiyyətin bir əldə cəmləşməsi sui-istifadəyə şirnikləndirir və totalitar idarəçiliyin əsasını qoyur. Çünki tarix göstərir ki, həqiqətən “hakimiyyət pozğunluğa meyllidir, mütləq hakimiyyət isə mütləq pozğunluq yaradır”(Lord Akton).

Bu gün dünyanın bütün totalitar sistemlərində başlanan və çox halda qanlı hadisələrlə müşayiət olunan kütləvi narazılıq dalğasının kökündə də məhz həmin məsələ dayanır. Tarixdə hansısa  bir diktatorun öz hakimiyyətini könüllü şəkildə, daha doğrusu,  qanun çərçivəsində başqasına verdiyinə dair nümunə yoxdur. Bunu günümüzdə yaşadığımız gerçəklər də tam açıqlığı ilə ortaya qoyur. Və çox qəribədir ki, bütün ümumi xüsusiyyətləri ilə bir-birini tamamlayan bu tiplər sanki bir diktatura zəncirinin halqalarını təşkil edirmiş kimi, o bağlantıdan qopub düşmək istəmirlər. Diktatorluğun bu tiplərin psixologiyasında  yaratdığı pozğunluq  onların bir-birinin acı aqibətindən ibrət almağa belə mane olur.

Hazırda bir il ərzində ərəb dünyasında baş verən və dünyanın fərqli köşələrinə yayılan inqilabi hadisələri müşahidə etməkdəyik. Baxın, Tunisdən Misirə, Misirdən, Yəmənə, Yəməndən  Liviyaya, Liviyadan  Suriyaya keçən bu proseslərdə heç  bir  diktator o birindən dərs almadı. Çünki  ən azı  30 il əllərində cəmləşdirdikləri  geniş hakimiyyət gücü onları əbədi  “hakimi-mütləq” olacaqlarına inandırmışdı. O dərəcədə inandırmışdı ki, ölümü belə yaxına buraxmadan sona kimi getməyi gözə almışdılar. Bəlkə siyasi proseslərin mahiyyətinə varmayan biri üçün bu, qəhrəmanlıq kimi görünə bilər. Amma  hadisələrin acı sonluğunda qaranlıq səhnənin işıqları yanan zaman bu “qəhrəmanlığın” yalnız oyundan ibarət olduğu göründü. Sən demə, bu “aktyorlar”ın bütün “qəhrəmanlıq oyunları” özləri bəyan etdikləri kimi “ləyaqətlərini” deyil,  uzun illər sadə insanlardan oğurladıqları  şəxsi  sərvətlərini qorumağın başında imiş. Özlərini kölə etdikləri insanlara “xalq atası” kimi sırımış bu tiplərin evlərindən, gizlinlərindən, xarici hesablarından nələr çıxdı-ton-ton qızıl, daş-qaş, brilyant, milyardlarla pul...

Keçən həftə də Rusiya intellektualları başda olmaqla, on minlər paytaxt Moskvada “Putinsiz Rusiya!” şüarlarıyla etiraz aksiyası keçirdi. Rusiyada yeni bir mərhələnin əsasını qoyan bu etirazlar göstərdi ki, artıq 12 ildən bəri hakimiyyətdən dördəlli yapışan və prezidentlik kürsüsünə yenidən göz dikən Vladimir Putin asanlıqla istədiyinə nail ola bilməyəcək... Artıq bir sirr deyil ki, hazırda geniş insan azadlıqlarına yol açmaqda olan bu dalğadan yaxa qurtarmaq heç bir sərt rejimə nəsib olmayacaq.

Hansı sistem olursa-olsun, hakimiyyətin bir şəxsin iradəsinə tabe edilməsi mütləq mənada ağır fəsadlar törədir və hətta o şəxsi Allahlıq iddiasına qədər gətirib çıxara bilir. Dördüncü əsrdə imperator Teodosi Milanın yepiskopu Müqəddəs Ambroziyə öz kafedral kilsəsini ona verməyi əmr etmişdi. Yepiskop Ambroz ona belə cavab göndərmişdi: “Kral ancaq ona məxsus olan şeylər üzərində hüquqa malikdir.  Lakin vicdanınızı bir imperotor kimi müqəddəs şeylər üzərində də hüququnuz olması fikriylə yükləməyin. Özünüzü göylərə qaldırmayın, bütün hakimiyyətiniz boyu Allaha itaət edin. Yazılıb ki, Allaha məxsus olan Allaha, Sezara məxsus olan Sezara məxsusdur.”

Yazıda Deyvid Boazın “Libertarianizm” kitabından istifadə olunub

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat