Dəmir yumruqlu “sevimli lider” öldü, amma...

Səadət Cahangir, 05/01/2012

Şimali Koreya Respublikasının rəhbəri Kim Jong İlin ölümünü ötən ilin sonuna damğa vuran hadisələrdən biri saymaq olar. O, dünyada azsaylı qatı kommunistlərdən biri kimi ad çıxarmışdı. Atasının 45 illik hakimiyyətindən sonra taxt-tacı miras alan və ölkəni təkpartiyalı sistem əsasında dəmir yumruqla idarə edən biriydi. Rəhbərliyi ələ keçirdiyi 1994-cü ildən bəri qapıları xaricə qapalı saxlamış, son illər müalicə aldığı xəstəliyi dövründə də vəzifəsinə öz oğlunu varis elan etmişdi.

Kim Jongun ölümündən sonra 13 gün davam edən matəm rituallarını seyr edərkən onun “baş qoyduğu” ideologiyanın banilərindən biri Engelsin sözlərini xatırladım: “Oğullar öz qul atalarına qarşı üsyan etməsəydilər, müasir dünya da olmazdı”. Amma görünən odur ki, davamçısı “böyük” ideoloqun bəhs etdiyi üsyankar uşaqlara heç qulaq asmaq niyyətində belə deyildi. O seçdiyi varislə məsələni çoxdan həll etmişdi. 2010-cu ildə Kim Jongun ölkədən kənarda yaşayan oğlu  Pekin televiziyasına verdiyi müsahibədə iqtidarın atadan oğula keçmə üsuluyla ötürülməsinə qarşı çıxdığını açıqlamışdı. Amma yenə də heç nə dəyişmədi. Ənənə pozulmadan taxt-tac onun seçdiyi digər “ağıllı” oğluna ötürüldü. 

Onun vətəndaşlarına xoşbəxtlik adına nəsə verdiyini düşünmək çox çətindir. Amma ölkəsindəki ləqəbi  “sevimli lider”dir. Əslində, onunla vida mərasimi səhnəsi ölkədə illərdən bəri yaradılan rejimin mahiyyətini çılpaqlığı ilə ortaya qoydu. Bəlkə kənardan baxana elə görünür ki, “sevimli lider”in ölümünə “yer-göy qan ağlayır”. Böyükdən-kiçiyə, qocadan-cavana kimi hər kəs saçını-başını yolur, televiziya aparıcıları xəbərləri hönkürə-hönkürə oxuyur. Ölkədə 13 günlük matəm elan olunur. Bütün bunlar “böyük sevgi”nin təzühürüdür, yoxsa?.. 

Bu ölkə dünyada tikanlı məftillər arasına alınmış gizli ölkə kimi tanınır. Bir sıra “orjinal” qanunları var, məsələn qadınların velosiped sürməsinin yasaqlanması kimi.

Kim Jongun bir film həvəskarı olduğu söylənir. Uzun illərdir bu ölkədə baş verənlər də dəhşətli bir filmi xatırladır. 50-ci illərdəki müharibə ilə xalqa böyük fəlakətlər gəlmiş, nüvə silahı ilə dünyaya meydan oxumaqla inkişafdan təcrid olunub qalmış, iqtisadiyyatı qapalı, bazarsız bir ölkədir Şimali Koreya.

Onun nüvə hədələri ilə bir sıra dünya ölkələri arasında vaxtaşırı yaratdığı qalmaqallar “mallar sərhədləri aşa bilməyəndə ordular aşır” ifadəsini yada salır. Bəli, onun ölkəsində yaratdığı rejim tam olaraq “saray”dan idarə olunan, qorxu saçan bir sistemə əsaslanır. Burada insan haqları, mülkiyyət hüquqları, azad söz haqqında danışmağa belə dəyməz.

O özü siqar, içki və ləzzətli yeməklər düşkünü kimi tanındığı halda, ölkədə aparıcı sinif elan edilən fəhlələrin aylıq əməkhaqqı 50 dollardır.  25 milyon əhalisi olan Şimali Koreya 1945-ci ildə parçalandığı cənub hissəsindən(Cənubi Koreya) həddindən artıq yoxsuldur. Bu yoxsulluq fərqi 17 dəfəylə ölçülür ki, onun kökündə də iqtisadiyyatın mərkəzçilik prinsipiylə idarə olunması və azad ticarətə qadağa qoyulması dayanır. 

Bütün bunları gözdən keçirəndən sonra inanmaq olmur ki, xalq öz “sevimli lideri”nə qorxudan deyil, sevgidən ağlayırdı...

Artıq onun yerini 29 yaşlı oğlu tutub. Gələn kimi ordunun başına keçən və xalqa barmaq silkələyən oğlu. Dünyada hakimiyyətin varislik ənənəsi ilə ötürülməsinə qarşı böyük hərəkatlar başlandığı bir zamanda, keçmişinə “sadiq qalan” Şimali Koreyanın yolu hara gedəcək? Onun ən yaxın dostu Rusiyanın belə dəyişikliklər ərəfəsində olduğunu düşünsək, hər halda bunu gözləmək üçün də çox zaman gərək olmayacaq.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat