“Eurovision” Azərbaycana nə verəcək?

Ramil Qafarov, 08/01/2012

2012-ci ilin Azərbaycanına ilk addımları atdıq. Bu il Azərbaycanı gözləyən ən maraqlı hadisənin “Eurovision-2012” musiqi yarışması olacağını söyləyə bilərik. Ancaq baxaq Avropada populyar olan bu yarışma harada keçirilir? Siyasi məhbusu, jurnalisti, onlarla dindarı etiraz səsinə görə həbsə atılmış və vətəndaşların evi başına uçurulmuş paytaxt Bakıda. Başda müxalif fikirli kəsim olmaqla bir çoxları düşünür ki, “Eurovision” Bakıya xilaskar rolunda gələcək. Siyasi məhbuslar azadlığa buraxılacaq, paytaxtın daxili problemləri bir müddətlik həll olunacaq, vətəndaşların sərbəst toplaşmaq və bir çox hüquqları bərpa olunacaq.

Həqiqətən belə olacaqmı? Musiqi yarışı keçirənlər Bakıya onun problemlərini həll etməyəmi gəlirlər, yoxsa əylənməyəmi? “Eurovision” bir prosesdir, problemin həlli, yaxud həllin son vaxtı yox. Bu hadisə heç nə olmamış kimi ötüb keçə, qarşımıza qoyduğumuz problemlərin ən təsirli həll vasitəsi də ola bilər.

Dünya xəritəsində mövcud olan istənilən demokratik ölkənin tarixinə baxsaq, orada hər hansı bir vətəndaş hərəkatının bu prosesdə həlledici rolunu görərik. Bu dövlətlərin bir qismi qanlı inqilablardan, inqilab yaşamayanları isə vətəndaş təlatümlərindən keçmişlər. Lakin heç birində vətəndaş hüquq və azadlıqları “yuxarı”dan bəxş edilməyib. Dövlətin əhalisini təşkil edən qüvvələr təşkilatlanaraq tələblər ortaya qoymuş, müxtəlif mübarizə vasitələri ilə hakim elitanı qoruyan güc orqanlarına qarşı müqavimət göstərmişlər.

Kraldan və ya diktatordan sadəlövhcəsinə gözlənilən “əfv” çox zaman ümidləri doğrultmamışdır. İnqilab və yaxud vətəndaş hərəkatları iflasa uğramışdır. İdarə edən qüvvə vətəndaş hərəkatının müqavimətini qıra bilməyəcəyini anlayanda, güzəştə getmək məcburiyyətində qalmışdır. 2011-ci ilin “Ərəb baharı” buna ən gözəl nümunədir. 2011-in yanvarından başlayan demokratiya dalğası demək olar ki, bütün ərəb ölkələrini əhatə etdi. Bu demokratik dəyişikliklər hökümət islahatlarından qanlı inqilablara qədər bütün ssenarilərdə inkişaf etdi. Hakim qüvvənin xalqa müqaviməti hansı şiddətdə artırsa, diktatorlar üçün nəticə də bir o qədər acınacaqlı olur.

Azərbaycana gəldikdə… 2011-ci ilin siyasi aktivliyi Azərbaycanda ciddi dəyişikliklər etməsə belə, vətəndaş aktivliyini artırdı. Proses çoxsaylı siyasi həbslərlə müşahidə olunsa da, tam sönmədi. Lakin siyasi məhbusların azadlığı və sərbəst toplaşmaq problemi həll olunmamış qalır. Onları necə azad edək? O şəxslər ki, düşünür ““Eurovision” yaxınlaşdıqca Azərbaycana beynəlxalq diqqət artacaq və ölkənin imicini qorumaq üçün məhbusları azad ediləcək” böyük yanlışlığa yol verirlər.

Tarixə istinadən əyləncə tədbirləri əsla diktaturaya zərbə endirən vasitə olmayıb. Əksinə, onun əsaslarını möhkəmlədən, problemlərdən yayındıran “narkotika” vəzifəsini görüb. Qədim Romanın “çörək və tamaşa” siyasətindən bu yana məlum vasitə bir çox müstəbid rejimlərdə uğurla tətbiq olunub. Qərbi Avropanın tam demokratikləşdiyi müddətdə Franko diktaturasının 70-ci illərin ortalarınadək davam etməsinin başlıca səbəbi futbol stadionları və buğa döyüşləri əyləncəsi idi. Müasir dövrdə əhalinin fəallığının qarşısını almaq üçün efir şou-biznesi və idman yarışlarının nümayişindən geniş istifadə olunur. Bu səbəbdən gözləmək olar ki, “Eurovision” tədbiri öz səs-küyü ilə bütün narazılıqları boğacaq, əhalinin narazılığı isə müvəqqəti ekstaza çevriləcək.

Ancaq prosesi dəyişmək də olar. Bunun ən gözəl nümunəsi 70-ci illərin sonu Argentinada mövcud olan hərbi diktaturaya qarşı göstərilib. Hərbi diktaturanın cinayətlərinə qarşı yaranmış “Ağ çalmalı analar hərəkatı” 1978-ci ildə Argentinada keçirilən Dünya futbol çempionatında fəallığını artırdı. Ölkəyə gəlmiş jurnalistlərə cinayətlər haqqında məlumat verildi. Əcnəbi futbolçularla birgə aksiyalar keçirildi. Beləliklə, bütün dünya xuntanın cinayətlərindən agah oldu. Hərbi elitada parçlanmalar getdi. Proses isə demokratik seçkilərlə yekunlaşdı…

Mümkünsüz şey yoxdur. Demokratiyada isə çarə tükənmir. Bu gün təşkilatlanan vətəndaş hərəkatları sabah demokratik qalibiyyətlərə imza ata bilərlər. Yetər ki, hədəf uğrunda hərəkət yaransın.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat