Nə üçün Bill Qeytsin mənim kitabımdan xoşu gəlmir?

Uilyam R. İsterli, 11/03/2008
Tərcümə edən: Tural Vəliyev, “Azad Düşüncələr Assosiasiyası”
Bu yaxınlarda “Wall Street Journal” xəbər vermişdir ki, Bill Qeytsin mənim fikirlərimdən xoşu gəlmir. Mən heç də incimirəm. Ən uzağı bir neçə aylıq intensiv psixoterapiya hər şeyi müalicə edər. Cənab Qeyts yenə də bir xarici yardım qurumuna qoşulmuşdur. Bu qurumun mənim kimi insanların tənqidlərinə həssas olduğu yaxşı məlumdur. O şəxslərin ki, qurumun yardım sahəsindəki fəaliyyətləri ilə bağlı möhtəşəm layihələrin faktiki olaraq kimisə yoxsulluqdan xilas etməsinə dair heç bir dəlil görməmişlər.

Cənab Qeyts bu günlərdə Davosda keçrilmiş Ümumdünya İqtisadi Forumundakı çıxışı zamanı özünün “yaradıcı kapitalizm” sxemini irəli sürmüşdür. O, iddia edir, bugünkü kapitalizm yoxsullara fayda vermir. Cənab Qeytsin fikrincə, kapitalizm davamlı olaraq “yalnız ödəmək imkanı olanların adından” işləyir.” Sahibkarlar varlıların ehtiyaclarını ödəmək üçün dəridən-qabıqdan çıxdığı zamanda “yoxsullara xidmət etmək üçün maddi maraq sıfıra bərabərdir”. Nəticədə, ərzaq və dərman kimi əsas ehtiyaclar ödənmir.

Göründüyü kimi, cənab Qeyts çıxış yolunu kommersiya şirkətlərini problemin həllinə inandırmaqda görür. O hesab edir ki, yoxsulların ehtiyaclarının ödənilməsinə korporotiv xeyriyyəçilik fəaliyyətinin “qiymətləndirilməsini” ruhlandırmaqla nail olmaq mümkündür. Lakin bunun özünü doğruldacağını söyləməyə imkan verəcək tarixi faktlar qovluğu pəhriz saxlayan supermodel Keyt Moss qədər incədir. Hər şeydən öncə, mənfəət motivi ilə müqayisədə qiymətləndirmə motivinin xeyli zəif olduğu sübuta yetirilmişdir. Əks halda, Amerika şirkətlərinin xeyriyyəçiliyi sayəsində Üçüncü Dünya ölkələrinə ildə 5,1 milyard dollardan xeyli artıq vəsait gedərdi (ən son etibarlı rəqəmləri olan 2005-ci il üzrə). Bu, azad bazar üçün 12,4 trilyon dollar ABŞ istehsalının 1%-nin yüzdə dörd hissəsini təşkil edir. Həqiqətənmi, yoxsullar yalnız “Gap” şirkətinin Afrikada QİÇS müalicəsi məqsədilə cazibəli köynək üçün bir neçə penni ianə edəcəyinə ümid bəsləyirlər?

Digər tərəfdən, mənfəət motivli kapitalizm kasıb işçilər üçün möcüzələr yaratmışdır. Mənfəət güdən kapitalist zavod sahibləri istehsalı və beləliklə, gəlirləri artıran maşınlar alır. Kapitalistlər qoyulmuş eyni vəsait müqabilində daha çox fayda əldə olunmasına imkan verən texniki nailiyyətlər axtarırlar. Daha çox maşınlar və daha yaxşı texnologiya ilə işləyərək fəhlələr bir saat ərzində daha çox məhsul istehsal edirlər. Rəqabətə əsaslanan əmək bazarında daha məhsuldar olan bu fəhlələrə tələbat çoxalır, nəticədə də onların əmək haqları artır. İxtisassız fəhlələr üçün əmək haqlarının davamlı surətdə artması həmin fəhlələri yoxsulluqdan xilas edir.

Öz uşaqlarını ərzaqla təmin etməyə imkanı olmayan yoxsul insanların sayı əvvəlkinə nisbətən çox azdır. Bu da, kapitalizm sayəsində mümkün olmuşdur. Kapitalizm pis qidalanmaya səbəb olmayıb, əksinə onu azaldıb. 1950-cı ildən indiyə qədər kapitalizmin qloballaşması nəticəsində dünya üzrə illik orta gəlir 2000 dollardan 7000 dollara kimi artıb. Geniş yayılmış əfsanədən fərqli olaraq, yoxsul ölkələr zəngin ölkələrlə təxminən eyni templə inkişaf etmişdir. Bu inkişaf nəticəsində dünya tarixində yoxsulluqdan kütləvi şəkildə ən böyük azad olma hadisəsi baş vermişdir.

Hələ də dünyanın yoxsul hissələri kapitalizmin aşağı səviyyədə inkişafından əziyyət çəkir. Bu gün Afrikaya yatırılan birbaşa xarici sərmayələrin həcminin artmasına baxmayaraq, bu, dünya üzrə hərəkət edən investisiyaların yalnız 1%-ni təşkil edir. Bu, Afrikada özəl sahibkarlıq mühitinin hələ də əlverişsiz olmasından irəli gəlir. Afrikada bəzi sənaye sahələri və ölkələr haqqında müvəffəqiyyət hekayətəri var, lakin bunlar yetərli deyil.

Cənab Qeyts həmçinin elan etmişdir ki, onun fondu “Afrika fermerlərinin qəhvə əkinlərindən əldə etdikləri gəliri ikiqat artırmaq üçün onların “premium” markalı qəhvə bazarına çıxmasına imkan verən tərəfdaşlığa” başlayır. Bu, Ruanda və Keniyanın qəhvə yetirşdirməklə məşğul olan bir neçə fermerinə kömək etməyə yönəlmiş cüzi bir səy olaraq yaxşıdır, lakin çətin ki, kapitalizmi kökündən dəyişdirsin. Yoxsul ölkələrdə ixracatın qarşısını alan əsas maneələr zəngin ölkə alıcılarının “premium” markalı qəhvəyə marağının olmaması deyil, korrupsiya və siyasi çəkişmələr kimi daxili əngəllərdir.

Bundan başqa, xeyriyyəçilər hər hansı bir ölkənin inkişafına məhz hansı məhsulun təkan verəcəyini necə seçirlər? Araşdırmaların çoxu göstərir ki, hökumətin sənaye siyasəti vasitəsilə “qaliblərin seçilməsi” özünü doğrultmamışdır. Qaliblərin əvvəlcədən müəyyən edilməsi həddən artıq çətin olduğuna görə, onların hökumət bürokratları, xüsusən də kənardan gələn xeyriyyəçilər tərəfindən “kəşf” olunması mümkün deyil. Nəyə görə Misir İtaliyanın hamam keramikası üzrə idxal bazarının 98%-ni öz əlində saxlayır? Nəyə görə kifayət qədər ixtisaslı əmək qüvvəsi olmayan iqtisadiyyata malik Hindistan ixtisas tələb edən sənaye texnologiyası və kənar resursların cəlb olunması sahəsində nəhəngə çevrilmişdir? Nəyə görə Kenya Avropanın kəsmə gül bazarının 39%-ni öz əlində saxlayır? Nəyə görə kiçik Lesoto ABŞ üçün toxuculuq mallarının nəhəng ixracatçısına çevrilmişdir? Nəyə görə Filippin dünyanın elektron interqral mikrosxem bazarının 72%-dən çoxunu ələ keçirmişdir? Çünki mənfəət güdən kapitalistlər müvəffəqiyyəti mərkəzləşdirilməmiş şəkildə axtarmağa başlamışlar.

Əlbəttə, qoy kapitalizm sayəsində zənginləşənlər hələ də yoxsul olanlar üçün yaxşı şeylər eləməyə çalışsın. Cənab Qeytsin məhz belə bir seçim etməsi çox gözəldir. Lakin yeni əsrdə bazar stimullarının zahiri rifahın qiymətləndirilməsi ilə birləşməsi yoxsulluğa son qoymayacaq. Tarix göstərmişdir ki, mənfəət motivli kapitalizm hələ də yoxsulların ən gözəl ümidi olaraq qalır.
Nyu-York Universitetində çalışan və Brukinqsə elmi işçi kimi dəvət olunmuş İqtisadiyyat üzrə professor cənab İsterli “Ağ insanın ağır yükü: Nəyə görə Qərbin digərlərinə kömək etmək üçün səylərinin ziyanı bu qədər çox, xeyri isə bu qədər az olmuşdur” kitabının (“Penguin” nəşriyyatı, 2006-cı il) müəllifidir.

Məqalə ilk dəfə Wall Street Journal qəzetində çap edilmişdir.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat