Dünyanı dəyişən qəhrəmanlar

Səadət Cahangir, 23/01/2012

Dünyada baş verən texnoloji inqilab sayəsində uzaq qitələr arasındakı məsafə hər gün qısalır desək, mübaliğə olmaz. İnsan oğlunun axtarışları, tapıntıları və kəşfləri yer kürəsinin simasını hər an dəyişir, planetin insanlarını bir-birinə daha da yaxınlaşdırır. 70-ci illərdə məşhur bolqar alimi Atanasov özündən əvvəlki sələflərinin icadlarından bəhrələnərək ABC kompüterini yaratdı. Sonra eyni vaxtlarda “Arpanet” adlı bir layihə meydana çıxdı. Bu, 15 kompüterin bir-birinə bağlı olduğu bir şəbəkə şəklində qurulmuşdu. O, indi bizim həyatımızın ayrılmaz bir parçasına çevrilən internet idi. 70-ci illər internet kəşfləri sürətlə irəlilədi. 1971-ci ildə ilk elektron məktub-e-mail göndərildi. 1976-cı ildə ilk e-mailini internetlə göndərən İngiltərə Kraliçası onu xeyli populyarlaşdırdı…

O tarixdən sonra gələn zaman kəsiyinə baxsaq, baş verən dəyişiklikləri yalnız bir möcüzə kimi dəyərləndirə bilərik. Dahi Bill Qeytsin “Microsoft” şirkəti ilə baş verən sıçrayışlar, “Google”un, “Facebook”un, “Twitter”in və onlarla bənzər ünsiyyət vasitələrinin meydana çıxması insan zəkasının yaratdığı möcüzə idi.

Bəli, dünyada xarüqələr yaradan və həyatın rənginu dəyişən bu fərqliliklərin əsasında heç şübhəsiz yaradıcılıq azadlığı dayanır. İnsan azadlığı olan yerdə tərəqqi, çiçəklənmə və yenilik var. İnsan azadlığı olan yerdə yaradıcılıq, kəşf və rəngarənglik var. Amma yaradıcılıq azadlığı heç də insanlara asanlıqla başa gələn inkişaf imkanları açmır. Yaradıcılıq azadlığı eyni zamanda böyük rəqabət imkanları, gərgin çalışma və böyük zəhmət deməkdir. Bir ölkədə dünyaca məşhur sahibkar olmaq o ölkə üçün böyük şansdır. Çünki cəmiyyətin rifah halının yaxşılaşmasında və həyatının dəyişməsində sahibkarlar mühüm rol oynayır.

“...Cəmiyyət sahibkarlara və is adamlarına onların etdikləri üçün minnətdar olmalıdır.

Sahibkarlar dünyamızın qəhrəmanlarıdır – bütün risklərə, agır is səraitinə, cəmiyyətdən gələn
düsmən münasibətə, qonsularının qısqanclıgına və dövlətin qoydugu qaydalara baxmayaraq, onlar yaratmaga, istehsal və ticarət etməyə davam edirlər. Onlarsız heç nə yerində olmazdı”.(Yohan Norberq)

Şübhəsiz, hər kəs yaşadığı cəmiyyətdə “nədən heç nə yerində deyil” sualının cavabını müəyyən qədər də bu nöqtədə axtara bilər. İş adamlarının sıradan çıxarıldığı, azad sahibkarlığın boğulduğu bir mühitdə nəyinsə öz yolunda getdiyini necə düşünə bilərsiniz? Azərbaycanın nüfuzlu media rəhbərlərindən biri İngiltərə səfərindən sonra ölkənin nəhəng özəl neft şirkəti olan BP-nin ofisinin ona “dövlətin içində bir dövlət modeli” təsiri bağışladığını söyləmişdi. Təbii, dünyanın 100-dən çox ölkəsində nəhəng layihələr həyata keçirən, 5 ən böyük şirkəti arasında yer alan və hər il ictimaiyyətə təmənnasız olaraq milyonlarla sərmayə yatıran şirkət haqqında bu düşüncə heç də təəccüblü sayılmaz. Əlbəttə, bu gün bizim yaşadığımız ölkədə də dəyəri milyardlarla ölçülən layihələrə rəhbərlik edən BP-nin bu uğur mərtəbəsinə gəlib çatmasının ən önəmli səbəblərindən biri sahibkarlığa yaradılan azad mühit idi.

Bəli, azad sahibkarlığın nailiyyəti müəyyən zaman kəsiyində bütün dünyanın nailiyyətinə çevrilir. İndi Amerikadan və ya İngiltərədən Azərbaycana uzanan məsafəni “qət etmək” üçün bir düyməni basmaq yetərlidir. Min kilometrlərlə uzaq ölkələrdə yaşayan sahibkarların buradakı yüz milyonluq layihələrini idarə etməsi üçün çox zaman internet yazışmaları, telefon danışıqları belə kifayət edir. Günümüzdə tez-tez səslənən “dünya kiçilir” ifadəsinin anlamı da elə budur. Bizim istəyimizdən asılı olmadan dünya qloballaşır. Böyük dəyişikliklər yaradan və dünyəvi dəyərlərə dəyər qatan sahibkarlar bu prosesin öndə gedən təbəqəsi hesab oluna bilər. Bu baxımdan, qloballaşma ilə gələn “mədəniyyətlərin toqquşması” və ya “dağıdıcılıq təhlükəsindən sığortalanmağın” real çıxış yolu var. Bu yol aid olduğun toplumun dəyərləri ilə dünyəvi dəyərlər palitrasına xüsusi bir rəng qata bilmək, onun ayrılmaz parçasına çevrilməyi bacarmaqdır. Necə ki, bunu dünyanın müxtəlif irqlərini təmsil edən sahibkarlar yüz illərdir uğurla sınaqdan keçirirlər...

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat