“Nasaz” kapitalizm, yoxsa kapitalizm konsepsiyasından sui-istifadə…?

Tarix boyunca bütün ictimai siyasətlər (policies) yerli ölkənin və qlobal siyasətin (politics) təsiri altında olmuşdur. İctimai çıxışlarda və mediada səslənən populist siyasi fikirlər isə hər zaman iqtisadçıların mülahizələrindən üstün sayılmışdır. Nəticə etibarı ilə problemlərin həlli qısa zamanda uğur əldə olunmasına yönəlməklə, davamlılıq və uzaqgörənlik xüsusiyyətlərindən uzaqda yer almışdır.

Bu yazının məqsədi iqtisadçı olmayan, lakin bazar dinamikası ilə maraqlananlara və “intellektual sahibkarlar”a yönəlməklə, bazar sistemi iştirakçıları (hökumət, özəl sahibkarlar, sivil cəmiyyət qurumları və s.) arasında olan əlaqəyə nəzər salmaq; keçid ölkələrində həmin proseslərin növlərini ayırd etməklə, davamlı iqtisadi inkişaf qurulması üçün daha uyğun mexanizm komponentlərini oxucuların diqqətinə çatdırmaqdır. Bu yazı üç sistemin analiz olunması ilə hökumət və biznes qurumlarının fərqli rollarını və klan kapitalizmindən (crony capitalism) azad bazar sisteminə keçidin ikitərəfli uduş olduğunu (win-win) vurğulayır.

Kapitalizm / bazar iqtisadiyyatı: bu, istehsal vasitələrinin şəxsi mülkiyyətə əsaslanan sosial əməkdaşlıq formasıdır. Bu mexanizmə əsaslanaraq, istehlakçıların sifarişləri istehsalçılara ötürülür və beləliklə, iqtisadi sistemin hamar fəaliyyəti təmin edilir. Açıq-aşkar bazar qiymətləri tələb və təklifin kəsişdiyi zaman meydana çıxır. Kapitalizm sistemi əsasında sahibkarlar yeganə təbəqədir ki, nəyin və nə qədər istehsal olunacağına ehtiyacı hesablaya bilirlər. Bu zaman onlar aşkar şəkildə öz mənafeləri üçün deyil, istehlakçıların marağı naminə istehsal edirlər. Bazarda istehlakçı ehtiyacları istehsal həcmini müəyyənləşdirir. Bu kəsişməni tuta bilməyən sahihkarlar isə bazardan kənarda qalacaqlar. Hökumətin rolu isə qanunun aliliyini həyata keçirilməsinə məhdudlaşaraq, əməkdaşlıq hər iki tərəfin hüquq və öhdəlikləri əsasında mümkün olacağına əminlik yaracaqdır.

Onu da qeyd etmək lazımdır ki, bazar tərəfdarları dövlətin düşmənləri deyildir! Onlar, siyasət nəticələrinin effektivliyi və səmərəliliyindən narahatdırlar. Bu səbəbdən, mal və xidmətlərin təmin olunması üçün hökumətin bir tərəf olaraq bazara müdaxiləsi uyğun deyil. Bir platformada (xüsusi bir sektorda) dövlət və özəl sektorun əməkdaşlıqlarının mövcudluğu, tam mühiti məhv edə bilər və vergi ödəyicilərinin resursları sayəsində özəl sahibkarları sıradan çıxara bilər. Malların təsnifatının bir hissəsi kimi, bu yalnız dövlət məhsulları ilə bağlı istisna təşkil edə bilər. Bütün liberallar yaxşı idarə edilən dövlət istəyir, çünki onlar dövlət üçün belə vacib bir vəzifə təyin edirlər: fərdlərin rifah halının müdafiəsi və bərabər imkanlara çıxış.  

Sosializm/ kommunizm/ planlı iqtisadiyyat: bu istehsal vasitələrinin dövlət mülkiyyətində olduğu bir sosial əməkdaşlıq formasıdır. Sosializmin iki tipi var: 1) Marksist/ Rus: sadəcə bürokratik və istehsal vasitələrinin hökumətə aid olduğu tipdir. Burada hər şey mərkəzi hökumətə əlaqələndirilir. 2) Alman modeli: burada istehsalın və sahibkarlığın özəl vasitələri mövcuddur, ancaq o "sahibkarlar" hökumət tərəfindən idarə edilir (hökumət qiymətlərə və kəmiyyətə nəzarət edir və istehsal edilən malların növünü diktə edir). Biz təsdiq edirik ki,  sosializm etibarsız universal iqtisadi sistemdir, çünki sosialist cəmiyyəti iqtisadi məsələlərdə rasional hesablamalar edə bilmir. Bu səbəbdən, həmin sistem əsasında çatışmayan resurslardan effektiv və səmərəli istifadə edilmir və hər zaman əməliyyat qiymətləri mövcuddur. Bu modeldən fərqli olaraq, kapitalist iqtisadiyyatında hesablamalar sabitdir və bazar qiymətlərinə və şərtlərinə əsaslanır.

Çoxları üçün bu sistem hərbi strukturu xatırlada bilər. Həqiqətən! Ən aşağı səviyyəli icraedici orqanlarda həyata keçiriləcək bir iş üçün yuxarı səviyyədən sifariş gəlir. Məcburilik həm də oyunun bir hissəsidir: bir fərd məcburi təyin edilmiş sahədə işləməlidir və yalnız hökumət tərəfindən ayrılan məhsulları istehlak etməlidir. Bu baxış əsasında xatırlatmaq mümkündür ki, sosialist cəmiyyətinin vətəndaşları öz həyatlarında qərar qəbul etmək üçün azad deyildirlər.

Müdaxilə (interventionism): bu xüsusi doktrina daha çox böhran dövründən sonra inkişaf edir. Bu, hökumətin qayda və qadağalarla müdaxilə etdiyi istehsal vasitələrinin özəl sahibkarlığıdır. Və bu səbəb özəl mülkiyyəti hədəf götürür. Hazırkı iqtisadi və maliyyə dinamikası bu sistemə yaxındır, hökumət özəl şirkətlərə yardım göstərməyə başlayır və bazara müdaxilə edir. Burada qeyd edilməlidir ki, müdaxilə mexanizmi tam olaraq bir iqtisadi sistem deyil, əksinə sanki əvvəlki sistemin qüsurlarını düzəltmək istəyən bahalı siyasətlər toplusudur. Təcrübə göstərir ki, müdaxilə mexanizmi sosial ədalət gətirmək, bərabər imkanlar əldə etmək üçün platforma təmin etmək və azlıq təşkil edən resursları səmərəli bölüşdürmək imkanına malik deyildir.

Qeyd edildiyi kimi, müdaxilə insanlara öz məqsədlərinə nail olmaq imkanı verən bir iqtisadi sistem deyildir. Sadəcə, bazar iqtisadiyyatını pozan və nəticədə dağıdan bir istehsal sistemidir. Daha dəqiq desək, o, istehsala maneəçilik törədir və ehtiyacların ödənilməsinə ziyan vurur, ən yaxşı və səmərəli nəticəyə aparan istehsalı öz yolundan döndərir, artıq capital və əmək sərfinə səbəb olur, texnoloji prosesləri kənara qoyur və kütləvi daimi işsizlik yaradır. O da qeyd edilməlidir ki, bu mexanizm heç bir halda insanları zənginləşdirmir.

Yalnız çox məhdud sayda xüsusi şəxs və ya qruplar başqalarının hesabına imtiyazlardan  istifadə edə bilərlər. İqtisadiyyatda qısa müddət ərzində, müdaxilə süni bum gətirə bilər, ancaq nəticədə o, tənəzzülə səbəb olur. Eyni zamanda, malların süni qıtlığı və qiymət artımı da müşahidə edilir. Nəticə kimi bəyan etmək mümkündür ki, bu mexanizm kapitalizm üçün ittiham yaradır, hətta onun vasitəsiylə bazar iqtisadiyyatı xaosa çevrilir. Burada, klan kapitalizmi (crony capitalism) anlayışı ağla gəlir. Klançılıq müdaxilə mexanizminin xüsusiyyətidir ki, bu zaman hakimiyyət gücü çoxluğun hesabına xüsusi imtiyaz qazandırdığı bir qrupu himayə edir. O, rəqabətin qarşısını alır, sərvətləri qeyri-bərabər şəkildə paylaşdırır və yalnız siyasi gücə malik olanların maraqlarını qoruyur (http://tomgpalmer.com/).

Yuxarıda göstərilən qeydləri nəzərə alan bu məqalə bazar iqtisadiyyatını səsləyir. Hökumət yalnız hamı üçün hüququn aliliyi və bərabər imkanların təmin olunmasına görə məsuliyyət daşımalıdır. O heç bir arzuolunmaz vəziyyətə və xüsusi şəxslərə heç bir xüsusi qayğıya yol verməməlidir. Çünki bu bütün bazar mexanizmini dağıdır və proqnozlaşdırılmayan vəziyyət yaradır. Hətta hökumət müdaxiləsinə əsaslanan son maliyyə böhranı (ABŞ-dan başlayan) qanunvericilik bazasında boşluqların və “mənəvi təhlükə” (moral hazard) effektinin mövcudluğu şəraitində müdaxilə mexanizmi ilə nəticələndi – başlıca olaraq xilas məqsədi daşıyan yardım paketləri (bailout packages). Bir çox insan isə uğursuz siyasətin nəticələri üçün kapitalizmi ittiham edir. Hər halda, bu xüsusi vurğulanmalıdır ki, bütün siyasət dinamikası kapitalistlərə və bazar prinsiplərinə deyil, əksinə müdaxilə mexanizminə əsaslandı!

Biz güman edirik ki, azad bazar şərtləri yalnız hazırkı şirkətlərə xeyir verməklə, həm də sahibkarlığı çiçəkləndirir. Azərbaycanda azad bazar mexanizmi iqtisadiyyatın diversifikasiyası üçün əlavə stimul yaradacaqdır. Bu, bir arzu deyil; artıq dünyanın müxtəlif ölkələrində həyata keçirilən işlək bir mexanizmdir.

* Yazı Lüdviq fon Mizesin “İnterventionism: an economic system” kitabındakı bəzi fikirləri əks etdirir

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat