Hüquq mülkiyyət bərabərliyi yaratmalıdırmı?

Səadət Cahangir, 07/02/12

Öz hökmranlığına haqq qazandırmağa çalışan fateh və hökmdarlar min illər boyu iddia etmişlər ki, insanlar bərabər yaranmayıb, bəziləri idarə etməyə, bəziləri isə idarə olunmağa məhkumdurlar. XVIII əsrdən başlayaraq maarifçi mütəfəkkirlərin meydana çıxması ilə bu fikirlər qəti şəkildə rədd edilməyə başladı. Məşhur amerikan mütəfəkkiri Tomas Cefferson belə mənasız fikirlərin  çürüklüyünü isbat edərək yazırdı :”Bəşər kütlələri heç də nə belində yəhər, nə də həmin yəhərliləri Allahın iltifatı ilə qanuni şəkildə minəcək ayağı ayaqqabılı və mahmızlı bir neçə imtiyazlı olaraq doğulmamışlar”.

Əgər tarix bu günə kimi o primitiv düşüncədə olan diktatorlar yetişdirirsə, Ceffersonun sözləri tamamilə yerinə düşür. Onun yaşadığı dövrdən başlayaraq, maarifçi filosoflar belə bir ideya üzərində dayanmağa başladılar ki, bərabər şəkildə azad olmaq üçün bərabər hüquqlara malik olmaq hər kəsin haqqıdır. Hüquqlar hökumətlərin verdiyi bəxşiş deyil. Onlar təbii və dəyişməzdir. İnsanlar hökumətləri Allahın onlara verdiyi hüquqları qorumaq üçün yaradırlar. Amma burada “hüquqların dili mənəvi cəhətdən natamamdır” fikrində müəyyən qədər həqiqət  tapmaq olar. Çünki hüquqlar əslində mənəviyyatın yalnız müəyyən sahəsinə, çox dar hissəsinə aiddir. Həqiqətən, insanın malik olduğu şəxsi əmlakı satmaq və ya bağışlamaq hüquqları niyə çərçivəyə salınmalıdır ki?

Qədim Roma fəlsəfəsinin tanınmış simalarından biri olan Siseron yazırdı: “Sərvətin bərabərləşdirilməsi arzuolunmaz olduğundan və hər kəs bərabər istedada malik olmadığından, ən azı dövlətin bütün vətəndaşlarının hüquqları bərabər olmalıdır”.  Şübhəsiz, hüquq bərabərliyi bir mexanizm kimi insanların mülkiyyət haqlarına tətbiq olunsa da, insanların mülkiyyətini zorla bərabərləşdirmək böyük ədalətsizlik olmazdımı? 

Harvard universitetinin  filosofu Robert Nozik yazır ki, əgər insanlar öz mülkiyyətlərini ədalətli şəkildə əldə edirlərsə, onda onların həmin əşya üzərində mülkiyyət hüquqları yaranır ki, onu zorla yenidən bölüşdürmək səhv olardı. Bu fikir “hamı bərabər mülkiyyətə sahib olmalı və ya heç kəs o birindən iki dəfə artıq mülkiyyətə malik olmamalı, ya da bərabərliyin başqa variantı olmalıdır”  deyənlərin yanlış düşüncələrini alt-üst edir.

Tutaq ki, dünyanın ən məşhur pop musiqiçilərindən biri dünya turnesinə çıxır və müxtəlif şəhərlərdə verdiyi konsertdən 500 min dollar pul qazanır. İndi necə olsun? Allah vergisi olan istedadı və şəxsi zəhməti sayəsində qazandığı pul onun əlindən tutub alınmalıdırmı? Bu vəsaitin bir hissəsi aylıq təqaüdü ilə dolanan bir pensiyaçının, bir hissəsi ağır əməklə güzəran sürən bir fəhlənin və ya bənzər şəxslərin cibindən çıxmış ola bilər. Amma bu yenə də əsl gerçəyi dəyişməz ki...Artıq öz zəhməti ilə əldə etdiyi qazancı necə xərcləmək pop sənətçisinin şəxsi işidir. Bəlkə o həmin pulların böyük bir hissəsini elə cəmiyyətin aztəminatlı bir təbəqəsi üçün xeyriyyə məqsədilə xərcləyəcək? Lap o məqsədlə xərcləməsə belə, həmin vəsaitlə qərar vermək haqqı artıq onun özünə məxsusdur. Məsələnin mahiyyəti ondadır ki, insanların ədalətlə qazandığı pul cəmiyyətə yalnız fayda verə bilər. Məsələn, “Hollywood” filmlərinin gözəl oyunçusu Ancelina Colinin və ya “Micosoft”un sahibi Bill Qeytsin hər il xeyriyyə məqsədilə bağışladığı pulların dəyəri neçə milyon dollarlarla ölçülür? Bunun nəyi pisdir ki?

Nəticə olaraq qəti şəkildə deyə bilərik ki, zorla mülkiyyət bərabərliyi yaratmaq mexanizmi heç bir halda özünü doğrulda bilməz. Belə bir mexanizm ən yumşaq deyimlə hüququ hüquq olmaqdan çıxarardı...

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat