Qanun şah deyilsə...

Səadət Cahangir, 06/03/2012

Dünyada quldarlığın ləğv edilməsi ilə bağlı ilk çağırış 1775-ci ildə Antoni Benezet tərəfindən Filadelfiyada səslənib. Bu çağırışın ardınca, demək olar ki, bir əsr ərzində bütün Qərb dünyasında quldarlıq və təhkimçilik aradan qalxıb. O zaman Britaniya parlamentində  quldarlara itirdikləri “mülkiyyət”, yəni canlı qullar müqabilində təzminat verilməsi məsələsi müzakirə olunanda, libertarianların nümayəndəsi Bencamin Pirson demişdi: “Məncə, təzminat quldarlara deyil, qulların özlərinə verilməlidir...”

Şübhəsiz, tarix hansı məqamdasa öz “günahları”nı yumağa və acı səhvlərindən dərs çıxarmağa çalışır. Elə quldarlığın ləğvini də insanlığın “heç kəsin digərinin şəxsiyyət və mülkiyyətinə qarşı zor tətbiq etmək hüququ yoxdur” prinsipinə qayıdışı hesab etmək olardı. Bu, gec olsa belə, zorakı bir qrupun başqa müdafiəsiz bir qrup üzərində hökmranlığına son qoyan ədalətin zəfəri idi.

Doğrudan da, Tanrının verdiyi nəfəs və canla öz əməyi sayəsində qazandıqlarını heç bir əvəz almadan başqasının ovcuna qoymaq məcburiyyəti hansı ədalət kitabına sığar? Məsələ ondadır ki, köləlik dövründən yüz illər keçsə belə, şəxsiyyətin və mülkiyyətinin toxunulmazlığı hələ də dünyanın aktual problemlərindən biri olaraq qalır. Bu gün beynəlxalq məhkəmələrə həmin problemlə bağlı dünyanın fərqli ölkələrindən minlərlə şikayət ünvanlanır. Yaşadığı ölkələrdə ədalət tapa bilməyən insanlar çıxış yolunu bu beynəlxalq hüquqi instansiyalara üz tutmaqda görürlər. Böyük ehtimalla, yaxınlarda yaşadığımız ölkə öz pozulmuş haqlarını uzaq sərhədlərdə arayan insanların sayına görə dünyanın birinciləri siyahısına daxil olacaq...

Keçən həftə Bakıda “Eurovision” yarışması arenası üçün seçilən ərazidə baş verən dəhşətlər bunu bir daha təsdiqləyir. Həmin gün may ayında beynəlxalq musiqi yarışmasına ev sahibliyi etməyə hazırlaşan ölkənin asayiş keçikçiləri yüzlərlə insanı xüsusi zorakılıqla şəxsi mənzillərindən çıxarıb bayıra atdı. Problemin əsas kökü ondan ibarətdir ki, məlum ərazi bu musiqi layihəsi üçün nəzərdə tutulduğu zaman nə sakinlərlə söhbət aparılıb, nə də onların fikirləri nəzərə alınıb. Günlərin birində qəflətən gəlib sakinlərə illərlə yaşadıqları evləri tərk etmək göstərişi veriblər. Göstərişə əməl etməyənləri də sürüyə-sürüyə polis maşınlarına doldurub aparıblar. İnsanların istədiyi artıq bir şey yox, onlar qanunda yazılan mülkiyyət hüquqlarına əsaslanaraq problemin ədalətli həllini tələb edirlər. Amma bir rejim konstitusiyaya yazılanları deyil, öz yumruğunu keçərli hesab edirsə, onda qanundan nicat gözləməyin mənası yox. O zaman həmin qanunlar da saxtakarlığa, yalana və zorakılığa “xidmət” göstərməkdən başqa bir şeyə yaramır.

“Rejim öz yalanlarının əsiri olduğundan, hər şeyi saxtalaşdırır. Rejim indini və gələcəyi saxtalaşdırır. O əslində hər yola qadir olan, prinsipsiz polis aparatı olduğunu boynundan atır. O guya insan haqlarına hörmət etdiyini deyir. Guya ki, heç kəsi güdmür, izləmir. Guya heç nədən qorxmur. “Guya” yalandan heç nə etmədiyini göstərməyə çalışır...”(Vatslav Havel).

Artıq bu yalanların yaratdığı acı mənzərə nəinki gözdən yayınmır, əksinə insanların gündəlik həyatının zəhərli bir parçasına çevrilə-çevrilə böyüyür. Belə “qanun mənəm” və ya “qanun şah deyil” düşüncəsi ilə idarə olunan yerdə insanların şəxsiyyət və mülkiyyət toxunulmazlığından danışmağa dəyərmi? Ümumiyyətlə, bu dəyənək rejimi nə zamana kimi davam edəcək? 

P.S. Azərbaycan yazıçısı Ə.Hacızadənin illər öncə oxuduğum romanında maraqlı bir epizod var. Biri əlindəki xurmaları yeyib, dənələrini küçədə papağını qarşısına qoyub sədəqə yığan dilənçinin başına atırmış. Dilənçi başına düşən dənələri bir-bir toplayıb papağının içinə yığırmış. Xurma bitəndə papağın içində bir yığın dənə toplanır. Dilənçi yavaşca ayağa qalxır, xurma yeyən adama tərəf gələrək dənə dolu papağı var-gücü ilə onun başına çırpır...Bunu ona görə yazdım ki, ləyaqəti tapdanan insan səbrinin də bir həddi var...

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat