İnsanlığın qürur duya biləcəyi mənəviyyat adamı və “məxməri prezident”

Səadat Qabilqızı, 12/03/2008
“O doğru deyil ki, yüksək prinsipli insanlar siyasət üçün deyillər. O doğru deyil ki, siyasətdə yalnız qəddar, abırsız, özündənrazı, lovğa və fitnəkar adamlar uğur qazana bilərlər. Belə insanlar təbii olaraq siyasətə cəlb olunurlar. Amma sonda ziyalılıq və gözəl əxlaq hər şeydən yüksəkdə olduğunu göstərir”. Çexoslovakiyanın ən fədakar dissidenti və insan hüquqları mübarizi Vatslav Havelin siyasi əxlaqla bağlı dediyi bu sözləri, bəlkə də, hamıdan artıq onun özünə şamil etmək olar. Onun adı həqiqətən dünya siyasətinə yüksək əxlaqi dəyərlər gətirən nəhəng şəxsiyyətlər sırasındadır və o, bu bəşəri idealları ilə insan azadlığı, demokratiya uğrunda mübarizəsinə 69 yaşında da davam edir.

O, Praqada tanınmış bir ailənin oğluydu. Mədəni və intellektual bir mühitdə tərbiyə alıb böyümüşdü. Atası zəngin iş adamı, səfir və jurnalist qızı olan anası ziyalı bir xanım idi. Valideynləri uşaqlıqdan onun yaradıcı qabiliyyətini və artistlik iddialarını yüksək qiymətləndirirdi. Hələ gənc yaşlarında o, “Otuz altılar” adlı ədəbiyyat dərnəyi yaratmışdı. Bir ildən sonra onun bu arzusu xatirəyə çevrilmişdi.

1948-ci ildə Moskvaya arxalanan qüvvələr Çexoslovakiyanı tutanda onların ailəsi sinfi düşmən elan edildi və sərvətləri müsadirə olundu. Havelə yüksək dərəcəli məktəbdə oxumağa imkan verilmədi, çünki varlı ailədən olan Vatslavın tərcümeyi-halı universitetdə oxumağı yasaq sayırdı. Beləliklə, o, 1951-55-ci illərdə lobarant işləyərək gecə məktəbini bitirdi.

Onun incəsənət məktəbində təhsil almasına imkan verilmədi və o, Çexiya Texnologiya Universitetini bitirdi. 1957-ci ildə oranı bitirəndən sonra 2 il orduda xidmət etdi. O, hərbi xidmətdə ikən dramla maraqlanmağa başladı. Praqada Universitetin Dram bölümünə sənəd verdi və sənədlərini geri qaytardılar. 1960-cı ildən o, kommunist bürokratizmini tənqid etməyə başladı və onun ideyaları Praqa Dirçəliş islahat hərəkatı tərəfindən dəstəkləndi. Həmin il yolunu teatra salan yazıçı 1969-cu ilə kimi Praqanın yerli teatr yazarı kimi çalışdı. Onun 1963-cü ildə səhnəyə qoyulan ilk əsəri müasir bürokratik rejim haqqında idi. Bu əsər həm ölkədə, həm də xaricdə uğur qazandı.

Havel bu illərdə bir çox səhnələrdə tamaşalar qoymağa başladı. Bundan sonra o İncəsənət Akademiyasına daxil oldu və 1967-ci ildə oranı bitirdi. 1968-ci ildə Amerikaya səfər edən yazıçı oranın yerli mədəniyyətini, xüsusilə rok musiqisini öyrəndi.

“Biz hamımız totalitar sistemə öyrəşmiş və onun dəyişilməz olduğunu qəbul etməklə əslində bu sistemin möhkəmlənməsinə yardım göstərmişik. Başqa sözlə, biz hamımız- bu və ya başqa dərəcədə-totalitarizm mexanizminin fəaliyyəti üçün məsuliyyət daşıyırıq. Biz ancaq onun qurbanı deyilik. Biz həmçinin onun yeni yaradıcılarıyıq.”-deyirdi Vatslav Havel.


“İnanın ki, həqiqət və sevgi yalan və nifrəti əzəcəkdir”.

1968-ci ilin avqust ayında rus tankları Çexoslovakiyanı zəbt edəndən sonra tamaşalara da son qoyuldu. Elə bu zaman onun redaksiya heyətinə daxil edildiyi ədəbiyyat jurnalında konservativ Yazıçılar Assosiasiyası ilə münaqişələri yarandı .1969-cu ildə jurnalın fəaliyyətinə son qoyuldu. Həmin il “destruktiv yazılarına” görə onun pasportu əlindən alındı, sonra əsərləri qadağan olundu.

Onun Çexoslovakiya prezidenti Qustav Qusaka Aleksandr Dubçekin qovulması haqqında yazdığı məktubun nüsxələri geniş yayıldı. 1975-ci ildə Çexoslovakiyanın real həyatı haqqında yazdığı məktubdan sonra həbs edildi. 1977-ci ildə Çexoslovakiyanın Haveldən ruh alan və Amerika musiqiçisi Frank Zappanın adını daşıyan “Dünyanın plastik adamları” ("The Plastic People of the Universe") rok qrupunu qadağan etdilər. Bir çox müğənnilər və ziyalılar vəziyyətə etiraz edərək manifest imzaladılar ki, bu, tarixə “Charter-77” adıyla düşüb. Kütləvi həbslər yenidən davam etdi və bu etiraza imza atanlar da təqibdən kənar qalmadı. Havel isə 4 il ağır əmək rejimi ilə həbs olundu. Kommunist rejimi onu həbs edəndən sonra Havelə mühacirət imkanı verdilər, amma o razılaşmadı və həbsxananı seçdi. 1980-ci ildə o, mübahisəsiz olaraq Çexoslovakiya İnsan hüquqları Hərəkatının qeyri-rəsmi lideri oldu. 1989-da o, “Civil Forum” adlı yeni müxalifət qrupu yaratdı. V.Havel 1989-cu ildə yarım milyonluq əhali qarşısında çıxış edərək deyirdi:“İnanın ki, həqiqət və sevgi yalan və nifrəti əzəcəkdir”.

Kommunizmin dağılmağa başladığı həmin günlərdə o, antidövlət mitinqinə rəhbərlik etmək ittihamıyla yenidən həbs olundu. Bu ərəfədə 1968-ci ildə sislilə islahatlar aparmış və Rəyasət heyətindən qovulmuş Aleksandr Dubçek parlamentin sədri seçildi. Beləliklə, 1989-cu ildə uzun və iztirablı mübarizənin sonunda Havel Qustav Qusakdan sonra böyük səslə Çexoslovakiyanın prezidenti seçildi.

Bu zaman yazıçı prezident daha bir arzusunu gerçəkləşdirdi. O, inqilabi ruhlu musiqisinə heyran olduğu rok musiqiçisi Frank Zappanı Amerikadan dəvət edərək onu Mədəniyyət naziri vəzifəsinə təyin etdi.

V.Havel çox sevdiyi yazarlıq sənətinə də heç zaman xəyanət etmədi, president seçildikdən sonra öz siyasi həyatını əks etdirən “Yay düşüncələri” əsərini yazmağa başladı.

Bu yerdə maraqlı bir hadisəni da xatırlatmaq yerinə düşər. V.Havel həbsxanada olarkən onu böyük bir mülkün təmir işlərində fəhlə kimi işlədirdilər. Bu, onun atasına məxsus əzəmətli mülk idi ki, sovetlər gələndən sonra müsadirə olunmuşdu. Çexiya həqiqi müstəqillik qazandıqdan sonra həmin mülkü rəsmi olaraq V.Havelin özünə qaytardılar. Amma o bu “hədiyyəni” qəbul etmədi və xeyriyyə məqsədilə bağışladı.

“ Biz mənəvi xəstəyik, çünki düşündüyümüzdən fərqli şeylər danışmağa öyrəşmişik”.

V.Havel azadlıq yolunun tikanlarla dolu olduğunu, insanları totalitarizmdən demokratiyaya yönləndirməyin asan başa gəlməyəcəyini gözəl anlayırdı. “İnsanlar qaranlıq bir tuneldən keçdilər- hansı ki, sonunda onları azadlıq işığı gözləyirdi. Onlar həbsxana darvazasından çıxıb gözlənilmədən özlərini bir meydanda gördülər. Onlar indi azaddırlar və hara gedəcəklərini bilmirlər.”

1992-də Çexoslovakiya iki hissəyə parçalananda Havel prezidentlikdən düşdü, amma o, 1993-cü ildə ikinci dəfə yeni Çexiyanın prezidenti seçildi. Havel missiyasını öz ölkəsində sağlam demokratiya bərqərar etməkdə görürdü. Başı Sovet imperiyasından böyük bəlalar çəkmiş bir xalqın nümayəndəsi kimi Havel Amerika konqresinə müraciət edərək Çexoslovakiyaya kömək etməyin ən düzgün yolunu Rusiyanın demokratikləşməsinə dəstək verməkdə gördüyünü deyirdi.

O hələ 1990-cı il Yeni il çıxışında bu sözləriylə dinəyicilərin çoxunu şoka salmışdı: “Ən pisi odur ki, biz çirklənmiş mühitdə yaşayırıq. Biz mənəvi xəstəyik, çünki düşündüyümüzdən fərqli şeylər danışmağa öyrəşmişik”.

Ölkəsinin NATO və Avropa Birliyinə daxil olması üçün çalışan Havel tezliklə öz missiyasının başa çatacağını deyirdi: “Tezliklə vətənimin mənə ehtiyacı qalmayacaq. Mənsə böyük zövqlə özümü öz sənətimə həsr etmək istərdim”. Havelin belə düşünməsinə baxmayaraq, o prezidentliyindən sonra da öz xalqı üçün işıqlı şəxsiyyət, mənəviyyat adamı və böyük siyasətçi olaraq qaldı.

2003-cü ildə ikinci müddətə prezident səlahiyyəti başa çatan il Slovakiyaya səfər edəndə jurnalistlər tərəfindən ona “sizdən yeni müddətə prezident seçilməyiniz təkid olunarsa, qəbul edərsinizmi?”- sualı verilmişdi. Qətiyyətlə “yox”- demişdi. “Mən düşüncələrimlə baş-başa qalmaq, bəzi başqa məsələləri götür-qoy etmək, oxumaq, gələcəkdə nə yaza biləcəyim haqda düşünmək istəyirəm”-söyləmişdi.

Bu illərdə onun səhhəti də yerində deyildi. Dissident yazıçı olan həyat yoldaşı Olqa Havlova 1996-da xərçəngdən vəfat etdikdən sonra yazıçı özü də bu xəstəlikdən müalicə olunmuşdu. 1996-da həkimlər bu səbəbdən onun sağ ağciyərinin yarısını kəsib götürmüşdülər və o, səhhəti ilə bağlı mütəmadi olraq müalicə almaqda davam edir. “O, özünü işdə öldürməyə yaxın idi. O, bir neçə dəfə ölümə yaxınlaşıb” –Havelin dostu yazıçı Timoti Qarton Eş deyirdi.

Bu ilin oktyabrında 69 yaşını yola salmağa hazırlaşan eks-prezident dünyada gedən demokratiya proseslərinə nüfuz edə biləcək bir şəxsdir. O keçən il Ukrayna hadisələri zamanı meydanda demokratiya tələb edən xalqa müraciət göndərərək, onları açıq-aşkar dəstəkləmişdi.

2003-cü ildə o, Amerikanin ən şərəfli mükafatı sayılan “Azadlıq” medalı ilə təltif olundu. Bu medal əsasən amrerikanlara verilir, amma mükafatçılar arasında çox nüfuzlu siyasətçilərin uzun olmayan siyahısı var-Almaniya kansleri Helmut Koll, Britaniyanın baş naziri Marqaret Tetçer, Cənubi Afrika prezidenti Nelson Mandela. Yeri gəlmişkən, yaxın günlərdə Ukrayna Prezidenti Viktor Yuşşenkonun da bu mükafata layiq görüldüyü xəbəri təsdiqlənib.

V.Havelə təqdim onunan mükafatın annotasiyasında yazılıb: “Demokratiya çempionu Havel azadlığa yeni nəfəs gətirmək naminə vuruşub. Qətiyyəti, cəsurluğu, insan haqlarına verdiyi töhfə ilə o, dünyada şöhrət qazandı. Amerika Birləşmiş Ştatları bu şəxsiyyəti mübarizə yolunda şəxsi qurbanlarına, azadlıq və ədalət naminə verdiyi töhfələrə görə mükafatlandırır.”

 

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat