Polşaya ”məxməri inqilab” gətirən eşməbığlı elektrik…

Səadat Qabilqızı, 12/03/2008
İndi keçmiş sovet respublikalarının bir çoxunda xüsusi olaraq populyarlaşan “məxməri inqilab” ifadəsini kimlər azadlıq ideyaları, demokratiya uğrunda hərəkat, kimlərsə dağıdıcı qüvvə, çevriliş, hakimiyyətin başı üstünü almış qara bulud, real təhlükə kimi dəyərləndirir. Əslində isə bu ifadənin həqiqi açıqlamasını 80-ci illərin əvvəllərindən dünya miqyasında kommunizmə qarşı başlanmış hərəkatı xoşbəxt sonluqla başa vurmuş xalqlar gözəl veriblər. Dünya tarixinə belə parlaq nümunələrdən birini Polşada “Solidarnost” hərəkatına başçılıq etmiş məhşur inqilabçı Lex Valensa yazıb.

Avropada kommunizmin “buzqıranı”

Sadə fəhlələrin etiraz dalğasının “fəhlə dövləti” adı altında qurulmuş rejimə qarşı yönəlməsi bəlkə də yaxın tarixin ən böyük ironiyasıdır. Polşa Mərkəzi Avropada 1989-cu il “məxməri inqilabı” ilə “buzqıran” rolunu oynadı. Bu hərəkatın mərkəzində dayanan Lex Valensa-Qdanskdan olan bu coşğun, cəsur, eşməbığlı elektrik 20-ci əsrdə “Solidarnost” hərəkatını yaratmaqla polyakları kommunizmdən xilas etdi, həm də Avropada kommunizmə son qoydu.

1943-cü ildə kəndli fermer ailəsində doğulan Lex nəhəng tərsanəyə işləməyə gələndə Baltik sahilində kommunist dövləti inkişaf etməkdə idi. O, 70-ci illərdə etirazçı fəhlələrin repressiyasından hiddətlənərək kiçik müxalifət qruplarıyla əlaqə yaratdı. 1980-ci ildə 37 yaşında o heç nəyə baxmadan Qdanskda “Lenin” tərsanəsinin qulləsinə dırmaşmaqla tətil edənlərə qoşuldu. Onu işdən qovdular. Cazibəli şəxsiyyəti, iti ağlı, vergili danışıq qabiliyyəti onu qısa bir zamanda populyarlaşdırdı. O, getdikcə həmkarlarını adi əməkhaqqı tələblərindən daha vacib, sərt siyasi tələblərə doğru aparırdı. Nəhayət, bu mübarizə azad həmkarlar birliyi ideyası üzərində dayandı. Polşa kommunistləri belə bir təşkilatın yaradılmasına icazə verdikdə “Solidarnost” doğuldu. Tezliklə təşkilat üzvlərinin sayı 10 milyona çatdı və Valensa mübahisəsiz olaraq “Solidarnost” un lideri seçildi.

Alovlu “yanğınsöndürən”

Valensanı az qala hamı sadəcə Lex kimi tanıdı. Çoxlarının hiyləgər, gözlənilməz hərəkətli, tez tez-özündən çıxan adam kimi dəyərləndirdiyi Lex siyasət üçün anadangəlmə dahi doğulmuşdu. O zamanlar üçün çox vacib olan insanların əhval-ruhiyyəsini anındaca duymaq və kütləyə güclü təsir etmək bacarığı bunu deməyə əsas verirdi. O dəfələrlə bu gücü insanların artan qəzəbi ilə hökumət arasında vasitəçiliyə sərf etmişdi. Hər dəfə xalqın artan qəzəbinin üstünə “su töküb” onları qarşıdurmadan çəkindirən Valensa zarafatla özünü “yangınsöndürən” adlandırırdı. Bu cür artan etiraz dalğası qarşısında hərbi vəziyyət élan olundu və Valensaya 11 aylıq həbs cəzası verildi.

Həbsdən buraxılanda hələ “Solidarnost” ölməmişdi və Valensa simvol olaraq qalırdı. 1983-cü ildə o, Nobel Mükafatına layiq görüldü. Sonra isə Roma Papası və Amerikanin dəstəyi ilə o və həmkarları hərəkatı dirçəltməyə nail oldu.

1988-ci ildə Qdanskda- “Lenin” tərsanəsində yeni tətil oldu. Lex yenə tətilçilərlə birlikdə idi- bu dəfə gənc fəhlələr arasında “nüfuzlu böyük kişi” kimi. Bir neçə ay sonra Polşa kommunistləri “Solidarnost”la danışıqlara başladı və onlar arasında ilk dəyirmi masa 1989-cu ildə oldu. Valensa və həmkarları azad seşkilərin təminatı idilər və bu, onları triumfa aparan uğurların davamı idi. Avqustda Valensanın “Lenin” tərsanəsinin divarlarına dırmaşdığı vaxtdan 9 il sonra o, Polşanın ilk qeyri-kommunist baş naziri oldu.

Qəribə “baltalı Prezident”

Valensanın sonrakı siyasi karyerası müəyyən münaqişələrlə yadda qalıb. O, keçmiş intellektual müşavirlərinin kommunistlərlə əlaqəyə girib hakimiyyətə gəlmək istəyinə qəzəblənərək, buna qarşı “müharibə” elan etdi. “Mən bunu etmək istəmirəm, amma etməliyəm”- deyə o, qəti hökm verdi. Öz keçmiş müşavirlərinin populist çıxışlarının əksinə olaraq o, Polşanın ilk qeyri-kommunist prezidenti seçildi və 1995-ci ilə kimi bu postda qaldı.

Hakimiyyətdə olduğu illərdə o, hərbi və təhlükəsizlik xidmətləri ilə əlaqələrini daha da inkişaf etdirdi. Bəziləri onun qətiyyətli, açıq insan omasına məmnundusa, başqaları yeni demokratik dövlətin başçısı postuna qətiyyən yaramadığını düşünürdü. O, vaxtında azadlıq uğrunda çarpışan bir mübariz olsa da, sonradan demokratik prinsiplərin möhkəmlənməsi naminə müəyyən azadlıqları məhdudlaşdırmağa da razı olurdu. Beləliklə, haqqında səslənən tənqidlər onun avtoritar şəxs kimi tanınmasına, hətta “baltalı prezident” adlandırılmasına səbəb oldu.

Onun siyasi cəhətdən də qəribəlikləri vardı. Məsələn, Polşa NATO-ya üzvlüyə hazırlaşdığı bir vaxtda o, qəflətən təklif etdi ki, quruma üzv olmayan ölkələrin daxil olduğu “ikinci NATO” yaradılsın. Həmkarları onun hər belə çıxışından sonra əlləriylə başlarını tutub qalırdılar. Onun yaxın məsləhətçisi vaxtilə tennis stolunda çoxlu oyun oynadığı sürücüsü idi. Valensanın bütün prezident manerasında köhnə Lexdən nəsə qalmışdı, fəhlə sinfinin nümayəndəsi olaraq zarafatcıllığı və ilk günlərdən dostlarının xatırladığı başqa cəhətlər. Sən heç vaxt onun öz rolunda rahat olduğunu görə bilməzdin.

Sonra başqa bir tarixi ironiya oldu: Valensa ikinci müddətə prezident seçkisi keçiriləndə keçmiş kommunist Aleksandr Kvasnevskiyə uduzdu. Bu, həmin Kvasnevskidir ki, Polşanın demokratik dəyərlərin inkişaf etdiyi bir ölkə kimi Qərbə inteqrasiyasında Valensanın tutduğu xəttə nəinki dönük çıxdı, əksinə onu daha da inkişaf etdirərək məntiqi sonluğa apardı. Məhz Polşanın indi demokratiyanın yüksək səviyyədə olduğu bir ölkə kimi dəyərləndirilməsini də bunun nəticəsi saymaq olar.

“Bizim və sizin azadlığınız naminə”

54 yaşında arvadı Danuta və səkkiz övladı ilə Qdanska qayıdan Valensa öz partiyasının yarandığını elan etdi. Amma o da Qorbaçov kimi ciddi şansları olan siyasətçidən daha çox tarixi fiqur olduğuyla çətin razılaşır.

O, fenomendir. Keçən il Ukrayna inqilabı ərəfəsində onun Leonid Kuçma üçün dediyi sərt ifadələr demokratlar arasında həm də bir zarafat kimi səslənirdi “Kuçma demokratik seçkilər keçirməsə, xalq onu elektrik dirəyindən asacaq”.

Baxmayaraq, eşmə bığları nisbətən seyrəlib, amma onun Qərb üçün verdiyi dəyərlər indi də dəyişməz qalır. O, əlbəttə ki, əsl mübarizdir və onu xarakterizə edən çox qiymətli cəhətlər var- qızğın patriotizm, ciddi katolik baxışları, ailə.

Heç kəs onun tarixdəki yerini inkar etmir. Güman ki, onsuz “Lenin” tərsanəsində heç zaman tətil olmayacaqdı. Onsuz heç “Solidarnost ” da doğulmayacaqdı. Polşa “buzqıranı” olmasaydı isə, Şərqi Avropa sovetlikdə hələ də donurdu və dünyada vəziyyət kim bilir necə olacaqdı. Bütün şəxsi çatışmazlıqları ilə onun irsi azadlıq üçün böyük qazanc idi-həm də təkcə polyaklar üçün yox, bütün dünya üçün. Onun xidmətlərini qədim bir Polşa məsəliylə belə ifadə etmək olar: “bizim və sizin azadlığınız naminə”

Hazırladı: Səadət Qabilqızı

P.S. “Time” jurnalı, Timoti Qarton Eşin məqaləsindən istifadə olunub

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat