Azad düşüncənin və ya “həbsxanadakı məhkumlar”ın səsi…

Səadət Cahangir, 06/06/2012

Tarixi uzaq min illərə gedib çıxan musiqinin azad insanlar tərəfindən yarandığına heç şübhəm yox. Həqiqətən, azad düşüncənin məhsulu olmayan bir sənət insana bu qədər zövq verə bilər? Musiqi tarixən xalqların taleyində də çox önəmli yer tutub, hətta böyük müharibələrdə, azadlıq mübarizələrində onun xüsusi önəmi olub. Bəlkə, bu səbəbdəndir ki, hər bir xalq özünə azadlıq simvolu olaraq bir himn yaratmağı da vacib sayıb…

Yaxın günlərdə Bakı ilk dəfə ev sahibliyi etdiyi “Eurovision” musiqi yarışmasını yola saldı. Qalib İsveçi təmsil edən gənc bir qız oldu-Lorin. Bu gənc qızın adı yəqin ki, Azərbaycanda uzun zaman xatırlanacaq. Çünki məhz o gənc qız belə bir musiqi yarışması keçirilən ölkədə insan haqlarının qorunmasının da önəmli olduğunu söyləməkdən çəkinmədi. Çıxış etdiyi zalın tikintisi zamanı mülkiyyət hüququ pozulan vətəndaşların cəsarətli müdafiəçisinə çevrildi. Bu, Azərbaycanda islahatlara başlamağın, dəyişikliklərin baş verməsinin labüdlüyü üçün səslənmiş  önəmli bir mesaj idi. “Mən məşq etməkdən, çıxışımı hazırlamaqdan başqa, həm də insan haqları təşkilatlarına getdim ki, bir az məlumat yayılsın, Azərbaycanda nə baş verdiyi barədə xəbərlər çıxsın. Məni buna görə sevməyənlər oldu. Amma mənim üçün bu, vacib idi...”- söyləmişdi Lorin BBC-yə verdiyi müsahibədə.

Bəli, musiqi böyük gücdür. Onun bu təsir gücü zaman-zaman yeniliyə, dəyişikliyə, azad cəmiyyətə qarşı olanları narahat edib. Məsələn, zamanında caz musiqisi Hitler tərəfindən qadağan olunmuşdu. Və yaxud tarixdə öz xalqlarının azadlıq mübarizəsinə dəstək verən musiqi ifaçılarının barmaqlarının kəsilməsi faktı məlumdur. Çilidə Pinoçet rejiminə qarşı gitarada mahnılar yazan Viktor Xaranın 1973-cü ildə barmaqları və əlləri kəsilərək öldürülməsini də buna misal göstərmək olar.  Amma bu yasaqlar heç də keçmişdə qalmayıb. Şübhəsiz, musiqi qorxusu və qadağalar bu gün də var. Keçən il Özbəkistan rep və rok musiqisini “şeytani musiqi” adlandıraraq qadağan etdi. O zaman Özbəkistan dövlət televiziyasında yayımlanan “Musiqi və fəlakət” adlı proqramda rok və rep musiqisinin özbək gənclərinə təhlükə olduğu bəyan olundu. Bu proqram rokun “Afrika ov ənənələrindən”, repin isə “həbsxanalardakı məhkumlardan” yarandığını elan edib: “Pis qüvvələr tərəfindən idarə olunan bu musiqi qərb gənclərini alçaltdı, indi də özbək gəncliyinə zərbə vurmaqdadır”.

Heç şübhəsiz, bu öz hakimiyyəti dövründə demokratik tələblərlə küçəyə çıxan insanları gülləboran edən, yüzlərlə insanın qanını tökən və müxalif fikirli ziyalıları həbsxanada çürüdən diktator İslam Kərimovun təxəyyülünün məhsuludur. O Kərimov ki, “qərbsayağı demokratiyanı da ifrat demokratiya” hesab edərək ölkəsini qapalı bataqlığa çevirib.

Bir çox musiqi janrlarının uzun illərdən bəri İranda yasaqlandığı da məlumdur. Bu gün oradakı təqiblərdən canını qurtarmaq və yaradıcılığını uzaq ölkələrdə davam etdirmək üçün xaricə mühacirət edən yüzlərlə insan var.

Bəli, musiqi azad sözün gücündən yaranan sənətdir və onun çox zaman yeniliklə köhnəliyin toqquşmasına yol açması da təsadüfi deyil. Bu baxımdan Azərbaycanda İsveçdən “Eurovision” yarışmasına qatılan gənc Lorinin insan haqları ilə bağlı səsləndirdiyi fikirləri də yeniliyə bir çağırış kimi qəbul etmək olar. Musiqi insan duyğularına yoldaşlıq edən sənətdir, onun sərhəd tanımadan ölkə-ölkə dolaşması da bundan irəli gəlir. Bakıda qalib olan Lorinin sözləri də musiqinin məhz insan həyatına gözəllik qatdığı üçün dəyərli olduğunu isbat etdi. Həqiqətən də, insanlıqdan kənar hansı sənətin dəyəri ola bilər ki?..

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat