Kürdən tutulan: balıq, yoxsa pul?

Məhəmməd Talıblı, 08/07/12

Dahilərdən biri deyib ki, əgər sən insana bir gün balıq tutub versən, o bir gün tox olacaq, amma sən ona balıq tutmağı öyrətsən,o heç vaxt ac qalmayacaq. Həqiqətən, həm balıq, həm də balıq tutmaq üçün tilov məsələsi sadə məsələ deyil. Əslində, mədəni və insana xidmət üçün fəaliyyət göstərən hökumətlər belə bir alicənab davranışa sahib olmalıdırlar. Amma elə hökumətlər var ki, onlar nəinki tilov vermirlər, hətta “balıqçıların” tutduqları balıqları belə əllərindən alıb Kürə...yox, üzr istəyirəm, suya buraxırlar. Amma sən demə Kürə  təkcə balıq buraxmırlar, həm də oradan pul tuturlar. Yəni, büdcədən Kür daşqınlarının qarşısının alınması üçün büdcədən 100 milyona qədər vəsait ayrıldı. Bu ayrılan büdcə vəsaitlərindən həqiqətən böyün pullar mənimsənildi.

Məlum olduğu kimi, Kür və Araz çaylarının daşması nəticəsində 2010-cu ildə ciddi fəlakət baş verdi. Bu fəlakətin nəticəsində  100 min hektar torpaq yarasız hala düşdü,  8 rayona və kəndlərə küllü miqdarda maddi ziyan dəydi, aqrar sahə faktik iflic oldu və s. Amma bu istiqamətə büdcədən və büdcədən kənar fondlardan da küllü miqdarda vəsait ayrıldı. Bizim bununla bağlı tədqiqatlarımızın nəticələrinə görə, son 3 ildə büdcədən 460,9 mln.manat vəsait ayrılıb. Amma bunun xərclənməsində şəffaflıq, səmərəlilik və hesabatlılıq aşağı səviyyədə olub.  Çünki təkcə elə 2010-cu ildə büdcədən ayrılan 300 mln. manat vəsaitin 13 mln. manatının hesabatında fərq yaranıb. Maliyyə  Nazirliyi bununla bağlı xərclənmiş vəsaitin 287 mln. manat həcmində olmasını göstərib. Bununla bərabər bir neçə korrupsiya riskləri doğran məqamlar da aşkarlanıb. Məsələn, məlum olub ki,  daşqınlar zamanı 1 km avtomobil yoluna dəymiş zərərin aradan qaldırılmasına Azərbaycan hökuməti 1 km üçün 355 min dollar, dəmiryolu üçünsə 520 min ABŞ dolları xərcləyib. Özü də bu yollar yenidən qurulan yollar deyil. Sadəcə, bu dağılmış, yaxud az zərər görmüş yolların bərpasına çəkilən xərcdir. Müqayisə üçün bildirim ki, Dünya Bankı Azərbaycanda 2 zolaqlı yolların tikintisinə və asfaltlanmasına cəmi 1,2-2 mln. dollar həcmində vəsait sərf edir. Amma adi kənd və rayon yollarında daşqınlara məruz qalmış və korlanmış yolların bərpasına 355 min dollar xərclənib. Çoxlu sayda büdcə vəsaitinin xərclənməsi ilə bağlı korrupsiya riskləri onu deməyə əsas verir ki, bizim hökumət hətta fəlakətdən də qazanmağı “bacarır”. Təbii ki,buna bacarıq demək mümkünsə...

Bu rayonlar, məlum olduğu kimi, həm də aqrar zonalar olduğu üçün daha çox zərər də məhz kənd təsərrüfatında çalışan fərdi sahibkarlara dəyib. Onlar küllü miqdarda zərərə düşüblər. Amma növbəti illərdə fermerlərə dövlət tərəfindən subsidiyaların artması və aqrar sahəyə diqqəti artırmaq əvəzinə, büdcədən kənd təsərrüfatı xərclərinə ayrılan xərcləmələr artmayıb. Eyni zamanda, fermerlər üçün büdcədən hər il ayrılan subsidiyaların məbləğində bu rayonlar nəzərə alınmayıb. Beynəlxalq təcrübədən çıxış edərək deyə bilərəm ki, İtalyada subsidiyaların verilməsində regionlararası inkişafı stimullaşdırmaq və rəqabəti daha da artırmaq üçün bir alət olaraq istifadə edirdilər. Bizdə daha çox zərərə düşən rayonların inkişafını təşviq əvəzinə, onlara birbaşa və ya dolayı yardım formalarından imtina olunur. Bu isə o deməkdir ki, həmin rayonlar öz taleləri ilə baş-başa buraxılır. Əslində, mən gözələyirdim ki, bu dəymiş ziyandan sonra Sahibkarlığa Yardım Fondu daha çox həmin rayonları  uzunmüddətli kreditlər resursları ilə təmin edəcək. Çünki məhz həmin regionun aqrar depressiyadan çıxmasına böyük ehtiyac var idi. Məsələ orasındadır ki, məhz Kür daşqınlarına məruz qalmış rayonlar ölkənin kənd təsərrüfatı məhsulları ilə təminatında 33% paya malikdir. İndi ya biz istehlakın təmin edilməsində, ya strukturda məcbiri azalmalara getməli idik, ya qiymətlərin hədsiz yüksəlməsini gözləməli idik, yaxud həmin həcmdə digər ölkələrdən ixdalın səviyyəsini artırmalı idik. Ona görə, düşünürəm ki, belə situasiyalarda bazarı özünün tələb və təklifinin öhdəsinə buraxmaq deyil, tələbin təmin edilməsi siyasətinin təşviq edilməsi daha doğru idi.

Fəlsəfi baxımdan yanaşsaq, deyə bilərik ki, hər bir imkanda bir fürsət, hər fürsətdə isə bir imkan var. Amma bizim hökumət daha çox imkanları fürsətə çevirib, xalqın etimadının qazanmasına və siyasi dividentlərinin artmasına  deyil, əlinə düşən hər fürsəti özü üçün bir imkana çevirmək düşüncəsinə malikdir. Bu zehniyyət böhranı təkcə ölkə iqtisadiyyatını deyil, siyasi sistemin sütünlarını əhəmiyyətli dərəcədə təhdid edir. Kür fəlakətindəki büdcənin fəlakətli xərclənməsi bunu deməyə tam əsas verir.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat