RLS-in sosial və iqtisadi aspekti

Məhəmməd Talıblı, 14/06/2012

“İnsanlar pul qazanmaq üçün sağlıqlarını itirər, sonra əldə etdikləri pulları onu qaytarmaq üçün xərclərlər.”(Platon)

Qəbələ Radio Lokasiya Stansiyası (RLS) daha çox hərbi obyekt kimi beyinlərdə assosiasiya olunur. Amma nəzərə  almaq lazımdır ki, stansiyadan həm istifadəyə görə, həm də ora qoyulan investisiyaya görə, həm də oradan əldə olunan icarə haqqına görə, onun sosial və iqtisadi aspektləri haqqında da düşünmək lazımdır. 2000-ci ildən Rusiya ilə imzalanan sazişə görə, RLS-dən istifadə müddəti  bu ilin iyul ayında bitir. Bununla bağlı həm ölkə daxilində, həm də Rusiya tərəfində xeyli narahatçılıqlar var. Rusiyanın narahatlıqları daha çox militarist maraqlar olduğu üçün onun haqqında mən yox, “Kreml” təmsilçiləri düşünməlidirlər. Amma Azərbaycan maraqları ilə bağlı mənim bir iqtisadçı olaraq narahatçılıqlarım var. Onları sizinlə qısacaq olaraq bölüşmək istəyirəm.

Məlumat üçün bildirim ki, son 12 il ərzində Azərbaycan tərəfi hərbi kompleksin istifadəsindən ildə 7 mln. dollar icarə haqqı alırdı. Əvvəla, bu vəsaiti heç bir ölkədə olan hərbi obyektlər üçün ayrılmış ölkələrlə müqayisə etmək olmaz. İkincisi, bu illər ərzində bütün illər üzrə inflyasiya göstəricilərini nəzərə alanda, məlum olur ki, bu əldə olunmuş simvolik qiymətləndirilmədən belə əldə olunmuş  gəlirin(icarədən) bir qismi inflyasiyanın “yeminə” çevrilib. Eyni zamanda, bu illər ərzində ölkə daxilində stansiyada istifadə olunan elektrik enerjisinin haqqı və suyun qiymətlərində də  Tarif Şurası artımlar edib. Həmin tarif qiymətlərinin də fərqini üzərinə gələndə məlum olur ki, hətta xərclərin artıqlığı icarə haqqından az olmayıb. Məlumat üçün bildirim ki, 2 il bundan öncə Nazirlər Kabinetinin enerji borclarının bağışlanılması haqqında bir sərəncamı olmuşdu. Həmin sərəncamla Qəbələ RLS-in 2 ildən çox müddət ərzində enerjidən istifadəyə görə ödəmədikləri enerji haqqı silinmişdi. Bu vəsaitin məbləği 14 mln. manat məbləğində idi. Yəni, manatı da ABŞ dollarına konvertasiya edəndə məlum olur ki, 2,6 illik icarə pulundan Azərbaycan rəsmən imtina edib. Halbuki, bu borcların silinməsi ölkə daxilindəki təsərrüfat subyektləri üçün nəzərdə tutulmalı idi. Çünki, bu sərəncamın preambula hissəsində qeyd olunmuşdu ki, bu vətəndaşların enerji borclarının ödənməsindəki çətinliklərini və s. nəzərə alınaraq verilmişdir. Amma təəssüf ki, həmin borclu kateqoriyaya Rusiyanın Müdafiə nazirliyi də şamil olundu. Müqayisə üçün bildirim ki, Rusiyanın Qırğızıstan və Qazaxıstandakı olan hərbi obyektlərinə görə ödədiyi icarə haqqının həcmi ilə bərabər, onun sosial xərclərini Rusiya tərəfi ödəyir.  Düzdür, Ermənistandakı fərqli təyinat üçün nəzərdə tutulan hərbi baza üçün heç bunlar ödənmir, əksinə sosial xərcləri Ermənistanın dövlət büdcəsindən istifadə edirlər.

RLS 27 ildən çoxdur ki, istifadəyə verilmiş RLS keçmiş SSRİ-nin raketdən müdafiə kompleksinin 8 aparıcı stansiyasından biri olub. Stansiya 7 min km radiusunda ərazini nəzarətdə saxlamaq gücünə malikdir. Demək, böyük bir ərazini də radiasiya təsiri özündə saxlayır. Bu isə o deməkdir ki, böyük bir ərazini, konkret halda Qəbələ və ətraf rayonların həm ekoloji, həm də aqrar sektoruna böyük zərbə vurur. Yəni, həmin ərazilərdə əkinə yararlı torpaqlarda məhsuldarlığı ya zay edir, ən yaxşı halda isə onun məhsuldarlığını aşağı salır, yaxud ekoloji təmiz  məhsulların yetişdirilməsinin qarşısını alır. Halbuki, həmin zonalar vaxtı ilə sovet dönəmində kənd təsərrüfatı məhsulları istehsal templərinə görə ən yüksək məhsuldarlıq göstəricilərinə malik olublar. Demək, bu stansiyanın olması aqrar sektora potensial zərbə vurmaqda davam edir. Bu isə özlüyündə, həmin regionda yaşayan və aqrar sektorda çalışan məşğul əhalinin işsizlər ordusuna qatılması deməkdir.

Mən torpaqdan istifadə üzrə qüsurlu qiymətləndirməyə bir misal çəkmək istəyirəm. RLS üçün həmin ərazinin stansiya üçün az olmasını əsas gətirən Rusiya tərəfi bu iddiadadır ki, əgər növbəti 25 illik ərzində müqavilə bağlanarsa, o zaman həmin infrastruktur sökülərək yerində daha böyük ərazidə və sahədə yeni tipli stansiya tikiləcək. Qəbələdə yaradılan yeni turizm kompleksləri həmin ərazidə torpaqların qiymətlərinə böyük təsir göstərib. Torpaqların hər sotu üçün qiymətlər 3000-5000 dollar həddində dəyişir. Hesablamalar görə, RLS stansiyanın yerləşdiyi 250 min hektar ərazinin birdəfəlik qiyməti 600-700 mln. dollar edir. Belə bir böyük ərazini nə üçün yeni turizm zonasına çevirib, davamlı büdcə gəlirləri kanalı yaratmaq yerinə təhlükəli stansiyanın olmasına razı olmalıyıq? Turizm sektorunda həm məşğulluğun təmin olunması, həm ölkənin beynəlxalq səviyyədə mədəni tanıtımı, həm dövlətin və sahibkarların gəlirlərinin formalaşması kimi gözəl fürsətlər olduğu halda, nə üçün ölkə ərazisini geopolitik baxımdan təhdid mərkəzlərinə çevirməliyik?  Mən şəxsən belə hesab edirəm ki, ölkədə istər dənizdə, istərsə də quruda ekoloji təhlükəli fəaliyyət kimi qiymətləndirdiyimiz subyektlərə  “ekoloji vergilərin” tətbiqinə start verməliyik.  Nə üçün transmilli neft şirkətlərinin 32-40 min tonunda olan 10-la platformalarının istifadə müddəti bitəndən sonra dənizin dibinə buraxılmalıdır? Yaxud uzunömürlülüyə və sağlam yaşayışa təsir göstərən təhlükəli ekoloji vəziyyətə vətəndaşlarımızı “qonaq” etməliyik? Axı, ən böyük kapital elə insan kapitalıdır...

RLS-in istifadəsi zamanı bəlli regionda əhalinin sağlamlıq durumunda bəzi xəstəliklərin kütləvi sürətdə yaranmasına səbəb olmuşdur. Tədqiqatlar göstərir ki, RLS-in birbaşa təsiri nəticəsində  bəzi rayonların (Qəbələ, Ağdaş, Göyçay, Ucar, İsmayıllı, Zərdab və Kürdəmir) əhalisində kütləvi olaraq Qəbələ və ətraf rayonlarda bəzi  meyvə ağaclarının məhv olmasında (şabalıd, Qızıləhmədi alma və sair), xərçəng, sonsuzluq kimi xəstəliklərin geniş yayılmasında RLS-in rolununu yüksək olması mütəxəssislər tərəfindən də təsdiqlənir. Qəbələ RLS-in fəaliyyəti üzündən Qəbələ, Ağdaş, Göyçay, Ucar, İsmayıllı, Zərdab və Kürdəmir rayonlarının əhalisi arasında onkoloji (xərçəng) xəstəliklər digər rayonlara nisbətən 9, əsəb xəstəlikləri 14, böyrək çatışmazlıqları 13, ürək-damar xəstəlikləri 7 dəfə artıb. Şüalanma nəticəsində şikəst doğulan uşaqların sayı isə 19 dəfə artıb. Ekspertlər hesab edirlər ki, əgər RLS-lə bağlı növbəti illər üçün sazişin şərtləri uzadılarsa, haqqında danışdığımız xəstəliklərin həcmi durmadan artacaq.

Bütün söyləyib və qeyd etmədiyim tədqiqatlar onu göstərir ki, insan sağlamlığı üçün əsas olan ekoloji təmiz məhsul istehlakı uğrunda dünyada yeni hərəkat başlayıb. İnsanlar hər şeyi yox, yalnız sağlam ekoloji təmiz məhsulları yeməlidirlər. Hökumətlər isə özlərinin ən doğru bildiklərini və ən çox lazım olanı deyil, vətəndaşlarının istədiklərini onlara verməlidir. Ona görə, dövlət gəlirləri haqqında deyil, vətəndaş çıxarları haqqında da dərindən düşünmək lazımdır. Bu mövzu mənə vaxtı ilə  filosof Platonun(Əflatunun) ibrətamiz bir fikrini yadıma saldı: “İnsanlar pul qazanmaq üçün sağlıqlarını itirər, sonra əldə etdikləri pulları onu qaytarmaq üçün xərclərlər.”

Ona görə, vətəndaş sağlam və zəngin olmalıdır ki, dövlət də varlı və güclü olsun!

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat