İki fərqli qadın tablosu...

Səadət Cahangir, 20/06/2012

Bu günlər sosial şəbəkələrdə dolaşan məşhur videonu xatırlamış olarsınız. Polisin sürüklədiyi və dirəniş göstərdiyi məqamda əynindəki paltarları çıxıb, yerdə çılpaq qalan həmin qadın mülkiyyət haqlarının pozulmasına etiraz etdiyi üçün bu hala düşən bir azərbaycanlı qadını idi. Gəncədə baş vermiş bu hadisə böyük qalmaqala çevrildiyi  üçün  sonradan onu ört-basdır etməyə çalışdılar. Guya məsələnin polisə heç bir dəxli yoxmuş. Buralarda belə şeylər tez-tez olur. Bir neçə il əvvəl Koroğlu adlı polisin gəncəli  qadına qarşı tətbiq etdiyi amansız işgəncədən sonra da, onu bənzər şəkildə təkzib verməyə məcbur etmişdilər...

Bunları yazmaqda sözümün canı var. Dünya tarixinin ən önəmli mərhələlərində mütləq dəyişikliklərə stimul verən bir qadın obrazı çıxıb meydana. Qadınlar bütün inqilabi dəyişikliklər erasında bir örnək, bir simvol yarada bilib. Amma bu simvol yerdə sürüklənən, ayaqlar altına salınan bir obrazı deyil, savaşın ortasında, kütlənin içində “Azadlıq!” hayqıran bir simanı canlandırıb tarixin səhifələrində.

Yuxarıda bəhs etdiyim video mənə fransız incəsənətinin ən dəyərli rəsm əsərlərindən biri sayılan “Xalqa yol göstərən azadlıq” tablosunu xatırlatdı.  Bu dünyaca məşhur əsərin müəllifi fransız romantik cərəyanının nümayəndəsi Eugen Delakrokisdir. Tablo 1830-cu ildə Kral 10-cu Çarlzın devrilməsinə yol açan üç günlük xalq  hərəkatının şərəfinə yaranıb. Bu əsər indi də dünyada Fransa inqilabının  simvolu kimi qəbul edilir.

Bəhs edilən tabloda azadlığın simvolu kimi bir əlində fransız bayrağı, o biri əlində tüfəng tutaraq arxasınca gələn inqilabçı insanlara rəhbərlik edən qadın təsvir olunub. Qarşıdakı barrikadaları aşmağa doğru gedən üsyankar qadının paltarı cırıq, sinəsi və ayaqları çılpaqdır. Qadının bir yanında yoxsulları təmsil edən, hər iki əlində  tapança tutan on-on iki yaşlarında bir uşaq, o biri yanında burjuaziyanı təmsil edən, əli tüfəngli, başında silindir şapka olan bir adam var. Əsər toqquşma baş verən, ölülərin və yaralıların olduğu bir şəhəri təsvir edir. Bu tablo həm də modern rəsm sənətinin ilk siyasi nümunəsi sayılır.  Əsər hazırda Luvr muzeyində sərgilənməkdədir.

Bu tablonun tarixi ilə bağlı çox maraqlı məqamlar var ki, onları da qeyd etmək yerinə düşər. İlk sərgiləndiyi zaman tənqid atəşinə tutulan əsərə qarşı ittihamlar ondan ibarət idi ki, rəssam nədən azadlığı bir yarıçılpaq və kirli-paslı  qadın obrazında simvollaşdırıb. Fransa hökuməti tərəfindən 3000 franka satın alınan əsər bir neçə ay Lüksemburq sarayında qalıb. Əvvəlcə onu hakimiyyətə gətirən inqilabın simvolu olan əsəri çox bəyənən Kral Luis Filip sonra öz siyasi gələcəyindən əndişə duyaraq tablonu saraydan atmaq qərarına gəlib. Bu zaman rəssamın əsəri geri almasına və bibisinə göndərməsinə icazə verilib. 1848-ci ildə Kral Luis devrilib 3-cü Napoleon seçildiyi zaman  əsər yenidən işıq üzünə çıxıb.

O cümlədən, dünyada bir çox sənət əsərlərinə impuls verən “Xalqa yol göstərən azadlıq” tablosu Nyu-Yorkdakı  Azadlıq heykəlinin də əsas motivi olub. Abidə bu əsərdəki qadını örnək alınaraq qoyulmuş, Fransa tərəfindən Amerikaya hədiyyə edilmişdir. Ancaq amerikalı rəsmilər qadının yarıçılpaq vəziyyətdə olmasını uyğun görməmişlər. Beləliklə, heykəldə dəyişiklik edilərək, qadının açıq qalan sinəsi qapadılmışdır.

Bu, dünyanın iki fərqli nöqtəsində, iki fərqli zaman kəsiyində haqsızlığa məruz qalmış iki qadın obrazının müqayisəsi idi. Biri ölümdən belə qorxmadan zülmün üzərinə yeriyib dünyada azadlığın simvoluna çevrilən, o biri yerdə sürüklənib zalımın hədə-qorxusuna təslim olan iki qadın... Bu gün dünyanın hər yerində, elə bizim ölkədə də birinci qadının çox sayda bənzəri var. Azadlıq üçün savaşmaq hər zaman müqəddəs işdir. Heç vaxt yerdə sürüklənib zalımın zülmünə boyun əyən qadın obrazına bənzəməyin!

 

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat