Xoşbəxtliyin iqtisadi dəyərləndirməsi

Məhəmməd Talıblı, 30/06/12

Xoşbəxtlik iqtisadi kateqoriya deyil. Amma xoşbəxtliyin əldə olunması çoxistiqamətli sosial dəyərlərlə yanaşı, həm də başlıca olaraq iqtisadi məzmun daşıyır. Əslində, xoşbəxtlik haqqında fikirləşməyən insan yoxdur. Bütün çalışma və fədakarlıqlar xoşbəxtliyin təmin olunması üçündür. Amma bununla belə xoşbəxtliyində universal meyarı və resepti də yoxdur. Çünki, biri üçün xoşbəxtlik ölçüləri digəri üçün əhəmiyyətsiz, digərləri üçün dərin məna kəsb etməyən xoşbəxtlik meyarı o biri üçün həyatı məna kəsb edir. Bütün bu xoşbəxt olmaq yolunda qeyri-müəyyənliklər bütün insanları qeyri-ixtiyarı gərgin fəaliyyətə sövq edir.

Hər zaman xoşbəxt olmaq üçün fəaliyyətdən öncə ona xərclənən vəsait və onun haqqında düşüncələr də rol oynayır. Məşhur filosoflardan biri deyirdi ki, xoşbəxtlik haqqında düşünənlərin çoxunun xoşbəxt olmağa bəzən vaxtları çatmır.

Xoşbəxtliyin əldə olunması nələrinsə alınması ilə birbaşa bağlıdır. O baxımdan yanaşanda xoşbəxtliklə onun əldə olunması üçün vacib olan pul arasında qarşılıqlı əlaqə var. Bu isə əsla xoşbəxtliyin satın alınması anlamına gəlmir. Amma ortada pul faktoru var. Bütün bunlar isə fikrimcə, səbəb-nəticə əlaqəsi ilə ölçülə bilər. Antik filosof Sokratın fikirləri bu baxımdan maraqlıdır: Pulla ayaqqabı almaq olar, amma xoşbəxtliyi yox, pulla çarpayı almaq olar, yuxunu yox, pulla yemək almaq olar, amma iştahı yox, pulla dərman almaq olar, sağlamlığı yox, pulla qulluqçuları almaq olar, dostları yox, pulla əyləncəni almaq olar, sevinci yox, pulla müəllimləri almaq olar, amma ağılı yox.

Xoşbəxtliyin mənəvi-psixoloji, iqtisadi, sosial aspektləri artıq dünyadakı müxtəlif beyin mərkəzlərini də dərindən maraqlandırdığından bu istiqamətdə çoxlu sayda araşdırmalara rast gəlmək olur. Bir neçə il bundan əvvəl mənim bu sahədə daha dərindən düşünməyimə səbəb Böyük Britaniyanın tədqiqat mərkəzlərindən birinin hesabatı oldu. Daha sonralar isə bu haqda müxtəlif diskussiyalarda iştirak və müxtəlif araşdırmalarla tanışlıq fikirlərimi sistemləşdirməyə kömək etdi. Belə ki, Böyük Britaniyanın “New Economics Foundational” tədqiqat mərkəzi 2006-cı ildə dünyanın ən xoşbəxt  və ən bədbəxt ölkələrinin siyahısını tərtib etdi. Dünya Xoşbəxtlik İndeksinin(DXİ) müəyyənləşdirməsi üçün bir neçə indikator əsas götürülüb: insanların ömür uzunluğu, vətəndaşların həyatlarından məmnunluq dərəcəsi, vətəndaşların öz istəklərinə adekvat olaraq qida qəbulu ilə təmin olunması və s. Dünyanın 178 ölkəsi üzrə həyata keçirilən tədqiqatda ən xoşbəxt ölkəsi kimi birinci yerə çoxumuzun yaxından tanımadığımız Sakit okeanının Malaneziya adalarında yerləşən Vanuatu Respublikası seçilib. İkinci yerdə Kolumbiya və 3-cü yerə  Kosta-Rika dayanıb. Ən bədbəxt ölkə isə Zimbabve olub. Tədqiqatın nəticələrinin maraqlı tərəfi orasındadır ki, inkişaf etmiş ölkələrin əksəriyyətində insanlar özlərini xoşbəxt hesab etmirlər. O cümlədən, AB-yə daxil olan ölkələr və ABŞ uğurlu yerləri bölüşmürlər.

Görünür ki, bu 3 meyar əsasında formalaşmış reytinq cədvəlində nəzərə alınan indikatorlar içərisində korrupsiyanın səviyyəsi belə insanların xoşbəxt yaşamasına ciddi maneələr yaradır. Yaxud sosial müdafiə sistemi təkmil olmayan və sabahından ümidi olmayan vətəndaşın özünü xoşbəxt hiss etməsi olduqca ciddi məsələdir. Özünü ifadə azadlıqlarının (imkanlarının) məhdud olduğu cəmiyyətlərdə insanın daxili məmnunluğunun olmaması başa düşüləndir. Çünki, insan təkcə biofiziolji varlıq deyil, həm də (daha çox) sosial varlıqdır. Onu daxili azadlıqlarını, biofizioloji ehtiyaclarının təmin olunmaması sonucda onun özünü xoşbəxt hiss etməsinə mane olur.

Yaxud, fəlsəfi baxımdan yanaşsaq, insan maddi ehtiyaclarla tam təmin oluna bilər, amma yenə də xoşbəxt olmaya bilər. O baxımdan, düşünürəm ki, bu, bəzən xoşbəxt olmaqdan daha çox, özünü xoşbəxt hiss etməkdə böyük rol oynayır. “Xoşbəxt hiss etmək” məsələsi daha çox mənəvi-psixoloji dünyanın özəllikləri və ona əlçatma dərəcəsi ilə bağlıdır. Xoşbəxtliyin iqtisadi tərəfi daha çox xoşbəxtlik üçün ona sərf olunan pulun həcmi ilə ölçülə bilər. ABŞ tədqiqatçıları  xoşbəxtlik üçün nə qədər pul lazım olduğunu hesablaya biliblər. Sonda məlum olub ki, bir insanın xoşbəxt olması üçün ildə 75 min dollar(2011-ci ildə) vəsait kifayət edir. İqtisadçı Anqus Diton və psixoloq Deniel Kanemanın hesablamalarına görə, insan nə qədər az məvacib qazanırsa, həyat onun üçün bir o qədər keşməkeşli və əzablı keçir. Bir insanın həyatdan məmnun qalması üçün 75 min dollar yetərlidir. Ən maraqlısı isə budur ki, bundan artıq pul xoşbəxtliyin üstünə xoşbəxtlik gətirmir. Tədqiqatın sonunda müəlliflər belə bir nəticəyə gəlmişlər ki, pul ilə xoşbəxtlik arasında möhkəm qarşılıqlı əlaqə (müsbət korrelyasiya) var və bu fundamental xarakter daşıyır. Bu amillərə özünəhörmət, özünəinam, müstəqillik, dost və maraqlı iş göstərilib. Bununla yanaşı, xoşbəxtliklə bağlı digər araşdırmanın nəticələri də maraq doğurur. Belə ki, 2012-ci ildə BMT-nin təşkilatçılığı ilə dünyada xoşbəxt ölkələrin reytinqini müəyyənləşdirən “Dünya Xoşbəxtliyi haqqında hesabat” açıqlayıb. Hesabatı hazırlayan Kolumbiya universitetinin bir neçə tanınmış iqtisadçılarından olan Con Helliuel, Riçard Leyard və Cefri Saksdır. Həmin hesabatda yer alan ölkələri müəyyənləşdirən bir neçə indikator əsas götürülüb. Siyasi azadlıqların vəziyyəti, əhalinin sosial müdafiə sisteminin necəliyi və ölkədə korrupsiyanın mövcud durumu. Hesabat 160 ölkəni mövcud kriteriyalar üzrə qiymətləndirib. Hesabatda 1-ci yeri Danimarka, 2-ci yeri Finlandiya və 3-cü yeri Norveç tutur. Orta yerləri isə Belarus(62-ci yer), Moldova(75-ci yer), Türkiyə (78-ci yer), İran(84-cü yer), sonuncu yerləri isə Afrika ölkələri, o cümlədən Cənubi Afrika, Toqo və Benin tutur. Azərbaycan isə Qırğızıstandan(102-ci yer), Latviyadan(106-cı yer), Ermənistandan(112-ci yer) və Gürcüstandan(146-cı yer) əvvəlki mövqedə yer alır. Tədqiqatlardan çıxardığım nəticə ondan ibarətdir ki, xoşbəxtlik üçün həm müəyyən səviyyədə pul və  sənə lazım olan faktorları dəqiqləşdirməyin əsasdır. Xoşbəxtlik üçün pulun əlahiddə rolu olduğu kimi, lazım olandan artıq vəsaitin olması da xoşbəxtliyi şiddətləndirmir. Fikrimcə, tədqiqatdan çıxan növbəti bir nəticə isə odur ki, inkişaf səviyyəsi yüksək olan ölkələr xoşbəxt əhali sayılmadığı kimi, iqtisadi inkişaf səviyyəsi aşağı olan ölkə əhalisi də bədbəxt sayılmır. Xoşbəxtlik və bədbəxtlik iqtisadi inkişaf səviyyəsini özündə həm əks etdirir, həm də əks etdirmir. Əhali gəlirlərinə görə vacib atributdur, amma gəlirlilik xoşbəxtlik üçün yetərli də sayılmır. Pulun xoşbəxtlikdə oynadığı rol olduğu kimi mənəvi-psixoloji, sosial faktorlarında rolu ağırlıq təşkil etməkdədir. Mənəvi-psixoloji faktorlar daha çox insanın özünün “istehsal” etdiyi mənəvi sərvət sayıldığı üçün onun xammalı həmin şəxsin öz dünyasına bağlı olan dünyagörüş məsələsidir. Sosial faktor isə, daha çox dövlətdə insan hüquq və azadlıqlarının sərhəddi, hüquqi normalar, demokratiyanın səviyyəsi ilə bağlıdır. Demək hökumətlərdən asılı olan 2 faktor əhalinin xoşbəxtlik anlayışını ona qaytara da bilər, onu oğurlaya da. Onun üçün gərək hökumətlər xoşbəxtlik oğrusu yox, onun təminatçısı olsun. Bizə xoşbəxtlik bəxş edən hökumət lazımdır.

 

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat