On bir yaşlı Əlinin azadlıq savaşı

Səadət Cahangir, 05/07/12

Yaxın günlərdə dünya mediası 11 yaşlı Bəhreynli məktəbli Əli Həsənlə bağlı maraqlı bir məlumat yaydı. Bu, keçən il Bəhreyndə hökumət əleyhinə başlayan və fasilələrlə davam edən etiraz aksiyalarına qatıldığına görə həbs olunan Əlidir. Məlum olduğu kimi, keçən ilin fevral ayında alovlanan o hadisələrdə ölkədə böyük qarışıqlıq yaranmış, etiraz aksiyalarında 50-dən çox insan ölmüşdü. Əli Həsənin həbs olunma səbəbi də ölkədə islahatlar tələb edən o etirazçıların sırasında yer almasıdır. Bir aydır həbsxanada saxlanan və məktəb imtahanlarını da dəmir barmaqlıqlar arasında verməyə məcbur olan Əlinin məhkəmə prosesi başlayıb. Bütün dünyanın diqqətində olan bu prosesdə Əlinin müdafiəçi vəkilləri işə xitam verilməsini tələb ediblər...

Bəli, dünyanın müasir mənzərəsi heç bir halda asanlıqla şəkillənmir. Tarix boyu insanlar, cəmiyyətlər və toplumlar yaşadıqları qaydaları dəyişə-dəyişə bu günə gəlib yetişiblər. Dəyişiklik və inkişaf bəşər cəmiyyətinin əsas hərəkətverici amilidir. Bu, zaman-zaman ya dünyanın simasını yeniləyən inqilabi dəyişikliklər, ya da  nizamlı qaydada gedən təkamül prosesi sayəsində baş verir.

Son bir il indiki nəsillərin yaddaşında köklü, sarsıntılı, inqilabi dəyişikliklər ili kimi qalacaq, heç şübhəsiz. Ərəb ölkələrindən başlayan həmin dəyişikliklər özü ilə bərabər böyük ağrılar gətirsə də, əslində, bunu yeni bir doğuş ağrısı kimi qəbul  etmək olar.

O gün 11 yaşlı məktəbli Əlini  öz vətənində yenilik istəyən etirazçı toplumun arasına qatılmağa vadar edən də yeniliyə dəstək vermək hissi idi. Hüquqi müstəvidə yanaşılsa, 11 yaşlı uşağın meydana çıxıb hökumətə qarşı etirazlara qoşulması “qanunsuz” sayılacaq əlbət. Elə bu gün ona qurulan məhkəmənin gündəliyində duran məsələ də odur. Amma bu halda qanuni olan şey nədir ki? Bəlkə, illərdən bəri qanun adına xalqın adi haqlarını belə ona haram etmək özbaşınalığı?.. Bəlkə islahat və dəyişiklik istəyən dinc insanları qanına qəltan etmək harınlığı?.. Bəlkə krallığı bir allahlıq iddiası kimi qəbul edib, özünü yeganə haqlı görmək  iddiası?..

Ərəb baharının əsas mübarizlərindən biri, Yəmən inqilabının qadın qəhrəmanı, keçən ilin Nobel Sülh mükafatını qazanmış Təvəkkül Karman ərəb ölkələrindəki “fırtınanın” nədən bu dövrə təsadüf etdiyi barədə belə deyir: “İnsanları bir araya gətirən böhranlardır. Bunlar ya təhlükəsizlik, ya iqtisadi, ya da siyasi bir böhrandır. Bizi bir araya gətirən də bu səbəblərdir”.

İstanbul şəhər universitetində çıxış edərkən, baş verənlərə toxunan Karman bu dəyişikliklərin toplumun arxa sıralarına sıxışdırılmış bütün təbəqələrin inkişaf yolunda bir qığılcım olduğunu vurğulayıb: “Ərəb baharında toplumun arxa sıralarına sıxışdırılmış qadınlar öz qürurları və azadlıqları üçün savaşdılar. Sadəcə, qadın haqları üçün deyil, əsil  insan haqları üçün mücadilə etdilər. Tunisdə, Liviyada, Suriyada, Yəməndə bunun örnəklərini gördük”.

Öz ölkəsində  diktatorluğa qarşı mübarizənin önündə tələbələrin olduğuna diqqət çəkən cəsur fəal deyir ki, yəmənlilər gənci, tələbəsi və qadınlarıyla ölkələrini yenidən qurmaq zorundadırlar.

Şübhəsiz, bu gün dünyanın önəmli bir hissəsini əsir almış diktatorluqlar bütün insanlar üçün eyni dərəcədə problemlər törədir. Bəlli ki, bu işgəncədən qurtulmağı, insan kimi yaşamağı və yeni dünyanın bir parçası olmağı hamıdan daha çox istəyən gənclikdir. Bunu müasir günümüzdə fərqli qitələrdə baş verən bənzər proseslər də sübuta yetirir. Daha çağdaş dünyanın şəbəkələşmiş informasiya məkanında hər şeydən xəbərdar böyüyən yeni nəsli aldatmaq mümkün deyil. Onlar yer kürəsinin istənilən nöqtəsində cərəyan edən hadisələrdən anında xəbər tutur və ona həmin məqamda reaksiya da verə bilir. Bu, cəmiyyətlərin köhnə stereotiplərdən qurtulması və yeni dəyərlər uğrunda mübarizəsi üçün mühüm stimullardan biridir. Məlum faktorun necə böyük önəm daşıdığına biz qəddar rejimləri dəyişən ərəb baharı dalğasında da şahid olduq. Beləliklə, hər kəs qəbul etməlidir ki, dünya səhnəsinə köhnəliklə qəti şəkildə barışmayan və onu dəyişməkdə israrlı görünən yeni düşüncəli bir gənclik gəlir. Görünən bu ki, onların qarşısını heç nəylə almaq mümkün olmayacaq.

 

P.S. 11 yaşlı bəhreynli Əlinin hekayəti mənə onun çağdaş Azərbaycan azadlıq hərəkatına adı düşmüş daha azyaşlı bənzərlərini -Leylanı, Məryəmi və Muradı xatırlatdı...

 

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat