“Yaxşı, Tanrı bu uşaqlara nə olacağını bilirmi?..”

Səadət Cahangir, 11/07/12

Dünyanın texnoloji nəhəngi “Apple”ın yaradıcısı Stiv Cobsun həyatı haqqında nəşr olunan kitab onun layihələndirdiyi estetik məhsullar kimi rekord qırmaqda davam edir. Kitabın müəllifi dünyaca məşhur bioqrafiya yazarı Valter İsaksonun kəşflər dahisi ilə 40-dan çox üzbəüz görüş əsasında qələmə aldığı kitab satışa çıxmazdan əvvəl sifarişlərlə fantastik  göstərici əldə edib. 28 ölkədə eyni vaxtda satışa çıxarılan nəşrin birinci buraxılışı ilk günlərdə tükənib.

Media yazır ki, bu, onun 2005-ci ildə telefon olaraq istifadə edilə bilən yeni kəşfi iPod-un “pendir, çörək” kimi satılmasına bənzəyir. Həmin il Stivin bu “sehirli qutusu” iyirmi milyon ədəd satılaraq əvvəlki ildən dördqat irəli getmişdi. Onun bu möcüzəsinin qarşısında duran ikinci güc yox kimiydi. Amma Stiv yenə narahat idi. Onu qorxudan cihaz cib telefonuydu. Öz qrupuna etiraf etdi ki, cib telefonlarının artıq kameralı olması dijital kameraya ağır zərbədir. Telefon istehsalçıları cib telefonlarına musiqi səsi əlavə edərlərsə, eyni təhlükə ilə iPod da üzləşə bilərdi…

Sonrakı çalışmalarında bir çox şirkətlərlə ortaq layihələr həyata keçirməyə can atan Cobs sonda “”Motorola” kimi quşbeyin şirkətlərlə çalışmaqdan bezdim” dedi. Yenidən yola təkbaşına davam etmək qərarı verdi…Onun sonrakı çalışmaları, dünya bazarında rəqiblərinə meydan oxuyan məhsulları haqqında uzun-uzadı danışmağın anlamı yox. Bəlkə, çevrəmizdəki hər 5 adamdan birinin evində Stiv Cobsun zəkasından meydana gələn məhsullardan bir şey var.

Amma onunla bağlı hər şey, göründüyü kimi, qibtə ediləcək dərəcədə gözəl idimi? Beyniylə dünyanı dəyişən bu “div adam”ın şəxsi həyatına nəzər salanda, əslində hər şeyin nə qədər fərqli olduğu üzə çıxır…Stiv çevrəsində çoxlarını bezdirə biləcək xarakterə malik idi.  Hər kəs düşünür ki, doğulduğu zaman tərk edilərək, övladlığa verilməsi onun psixologiyasında dərin izlər buraxmışdı. 1980-ci illərin əvvəllərində “Apple”da Cobsla çalışan Andy Hertzfeld onun qəribəlikləri ilə bağlı deyirdi: “Stivlə bağlı əsil məsələ, nədən bəzən özünü saxlaya bilməyib bəzi insanlara son dərəcə zalım və zərərverici davrana bilməsinin səbəbi doğulduqdan sonra tərk edilməsidir...” Bu fakt həm də ona görə inandırıcı görünür ki, Stivin özü də gənc yaşlarında nikahsız yaşadığı qadından doğulan qızından imtina etmiş, sonralar övladına sahib çıxmağın vacibliyini anlamışdı.

Həqiqətən, ömrü boyu dünyanı heyrətə salan nəhəng layihələrə imza atan Cobsun insan olaraq atdığı addımlar qəribəliklərlə doluydu. Stivi böyüdən ailə onun dindar bir şəxs kimi yetişməsini istəyirdi və tez-tez kilsəyə aparırdılar.  Ailə “Life” abunəçisi idi  və jurnalın iyul 1968 sayında Biafrada aclıq çəkən iki uşağın ürək yaxan fotoqrafı yayımlanmışdı. Cobs həmin fotonu götürüb kilsə keşişinin qarşısında dayanmışdı. “Barmağımı qaldırsam, Tanrı hansını qaldıracağımı məndən öncə bilərmi?” Keşiş “Bəli, Tanrı hər şeyi bilir,” deyə cavab vermişdi. O zaman Cobs “Life”dakı uşaq fotolarını göstərib “Yaxşı, Tanrı bunu, bu uşaqlara nə olacağını bilirmi?” deyə soruşmuşdu.

Amma qəribəsi budur ki, dünyadakı əsas rəqibi sayıla bilən “Microsoft”un yaradıcısı Bill Qeyts aclıq çəkən uşaqlar üçün milyardlar xərclədiyi halda, o heç vaxt bunu etmədi. Uşaqlıqda o sözlərin sahibi olan adam böyük milyardlar qazanınca, hər şeyi unutmuşdu sanki. Hər kəs bilirdi ki, o, şirkətin pullarını xeyriyyə işlərinə xərcləməyin qəti əleyhinədir. Bununla bağlı məşhur yazar Malcolm Qladvell deyirdi ki, 50 il sonra 3-cü dünya ölkələrində böyük xeyriyyəçi milyarder Bill Qeytsin heykəlləri qoyulacaq, Stiv Cobsu isə kimsə xatırlamayacaq.

2005-ci ildə xərçəngə tutulan Stiv Cobs ölümündən öncə bunları yazmışdı: “Gənc yaşlarımda bizim nəslin oxuduğu “The Whole Earth Catalog” adlı bir nəşr vardı. 1970-ci illərdə son saylarını yayınladılar. Arxa səhifədə sabahın ilk saatlarında çəkilmiş bir kənd yolunun fotosu vardı. Altında vida cümləsi olaraq belə yazılmışdı: “Stay hungry, stay foolish- Ac qalın, səfeh qalın.” Hər zaman belə olmağı arzuladım. İndi sizə də eyni şeyləri arzulayıram…”

Dünyanın böyük sərvət zəngini bunu nə üçün demişdi ki? Kim bilir, bəlkə dahilik və ac uşaqlara belə xərcləməyə qıymadığı sərvətin də hər zaman işə yaramadığını anladığı üçün...

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat