“İşləyən yoxsullar” ölkəsi (I hissə)

Məhəmməd Talıblı, 12/07/12

Yoxsulluq qlobal fenomen kimi

Qeri Çartyenin “Hökumət yoxsulların dostu deyil” essesi bir çox kreativ yanaşmalar baxımından maraq doğurasıdır. Maraqlı detalları və fəlsəfi düşüncələri özündə ehtiva edən essedir. Dövlətin yoxsulluqla mübarizədəki rolu, “dişsizliyi”, öhdəliklərinin icrasındakı ləngliyi, tənzimləmə siyasətindəki qanunvericilik boşluğuna  dair mülahizələri diqqətimi cəlb etdi. Bir anlıq Azərbaycanda yoxsulluqla mübarizə metodları, statistik blef və onun təzahür formaları göz önümə gəldi. Fikirləşdim ki, yoxsulluqla mübarizənin institusional və konseptual bazası haqqında dərindən düşünmək, illər üzrə dəyişən dinamikanı yenidən təhlil etməyə dəyər. Ona görə ölkəmizlə bağlı yoxsulluq siyasətinin təhlilindən öncə, yoxsulluqla mübarizənin qlobal bir fenomen olaraq dərk edilməsinə ehtiyac var.

Dünyada yoxsulluqla mübarizə ona görə qlobal xarakter alıb ki, dünyada insan tələbatına uyğun olmayan maddi nemətlər və resurslar var. Belə deyək ki, dünyadakı mövcud resurs və rezevrlər  insan sayına və onun tələbatına adekvat deyildir. Ona görədir ki, hazırda dünyada 6 milyarddan artıq bəşər övladının 1,5 milyardı gündəlik adı qidalanmadan məhrumdur. Onların adı çörəklə qidalanması belə mümkünsüz olub. O baxımdan yanaşanda məlum olur ki, yoxsulluq qlobal xarakter alması bütövlükdə dünyadakı mövcud resurslardan daha optimal istifadəni zəruri edir.  Amma yoxsulluq təkcə bio-fizioloji xakakter daşımır, onun əhəmiyyət az olmayan sosial təsirləridə var. Yəni yoxsulluq sabaha inam, keyfiyyətli həyat, cinayətkar mühit və s. amilləri ilə sıx bağlıdır. Yoxsulluq səviyyəsinin yüksək olması insan inkişafına manə olur. Ona görədir ki, dünyada insan inkişafı prosesinin əsas mərhələrindən biri də yoxsulluqla mübarizədir. Hazırda dünyada yoxsulluqla mübarizə sayəsində ixtisaslaşan tədqiqat insitutlarının(o cümlədən, Social Watch International) gəldiyi son qənaət bundan ibarətdir ki, son 20 ildəki fəaliyyəti "yoxsulluqla mübarizədə itirilmiş onilliklər” adlandırıb. Qloballaşmış dünyanın yoxsulluq həddinin bu qədər genişlənməsi dünya insanlarının ümidlərini puç etmişdir. Onlar qlobal miqyasda  yoxsulluqla bağlı pozitiv tendensiyaları görə bilmədiklərindən, ona qarşı mübarizəni də ayaq üstə alqışla qarşılamırlar. İndi dünyada beynəlxalq maliyyə qurumlarının əsas vəzifələrindən biri də bu qlobal problemin həlli yollarını həmin yoxsulluq “dərinliyində” yaşayanlara əyani görsətməlidirlər. Etiraf etmək lazımdır ki, bir çox beynəlxalq maliyyə qurumları və “beyin mərkəzləri” bu istiqamətdə yorulmadan fəaliyyət göstərirlər. Amma nəticələr böyük ümidlər vəd etmir. Vaxtı ilə DB-da vitse-prezident və ABŞ prezidentinin iqtisadi müşaviri olmuş, “Nobel”çi Cozef Stilqlitz özünün “Qloballaşma və onun doğurduğu nazarılıqlar” kitabında yazır: “Biz hamımız bir planetdə yaşayırıq. Biz qlobal cəmiyyətik və bütün cəmiyyətlər kimi birgə yaşaya bilmək üçün bir sıra qaydalar olmalıdır. Bu qaydalar adil və ədalətli olmalı, onlara həm yoxsullar, həm də varlılara eyni dərəcədə diqqət ayrmalıdırlar.” DB-nın Vaşınqtondakı ofisinin önündəki şüar da bu baxımdan diqqəti cəlb edir:  “Bizim arzumuz yoxsulluq olmayan dünyadır.” Doğrudanmı, belə ambisioz hədəfə yetmək asandır? Yəqin ki, dünya  miqyaslı maliyyə qurumu bunun fərqindədir. Çünki, dünyadakı yoxsulluğun coğrafiyasının belə genişliyi həmin insitutun nəzərindən kənarda deyil. Bir neçə il öncə dünyada gündəlik gəliri 1 ABŞ dollarından az qazanan 1,2 milyard insan, 2 dollardan az qazanan 2,8 milyard nəfər təşkil edirdi. Bu isə dünya əhalisinin 45%- i deməkdir. Son 20 ildə dünyada iqtisadi artımlar qeydə alınıb və ticarət sferası genişlənib.Yəni, 1990-cı ildə adambaşına düşən ÜDM-in səviyyəsi 4080 ABŞ dolları və ticarət həcmi dünya üzrə 781 milyard ABŞ dolları səviyyəsində idisə, 2010-cu ildə adambaşına düşən ÜDM 9116 ABŞ dolları, ticarət dövriyyəsi 3,7 trlyon ABŞ dolları olmuşdur. Rəqəmlərdən də göründüyü kimi, son 20 ildə dünyada adambaşına düşən ÜDM 2 dəfədən çox, ticarət həcmi isə 5 dəfədən artıq olmuşdur. Amma bu artım templəri yoxsulluğun azalmasını neçə dəfə deyil, neçə faiz azalda bilmişdir? Məlum olmuşdur ki, bu makroiqtisadi tendensiyalar(milli gəlir, ticarət həcmi) yaxşılaşması yoxsulluğun sərhəddini daralda bilməmişdir.

Sizcə, bu nəyi ifadə edir? Fikrimizcə, bu dünyadakı adambaşına düşən ÜDM-in artması fonunda yoxsulluğun daha da dərinləşməsi ondan xəbər verir ki, qlobal miqyasda əldə olunmuş gəlir və ÜDM qeyri-bərabər və ya ədalətsiz şəkildə bölünməkdədir. Bu artan ÜDM yoxsulluğu azaltmaq və yumşaltma əvəzinə onu daha da dərin fazaya keçirir. Bu məqam xeyli düşündürücüdür.

Bu təhlildən də belə mənaya gəlmək olur ki, dünyada ÜDM-in artması onun hələ ədalətli bölgüsü anlamına gəlmir və sonucda bu yoxsulluğun azalmasını şərtləndirən faktor olaraq çıxış etmir. Yəni, dünyadakı ÜDM-in bölgüsündən yenədə daha böyük və güclü  subyektlər(transmilli korporasiyalar, holdinqlər, zəngin dövlətlər) gəlir götürür, yoxsul ölkələrə bu “piroqdan” pay az düşür. Yəni, dünyada zənginlərlə yoxsullar arasında fərqdə ili-ildən böyüyür. Aşağıdakı statistikik müqayisə bunu bir daha ortaya çıxarır. 1960-cı ildə dünyanın zəngin dövlətlərinin 20%-nin gəlirləri ilə yoxsul ölkələrin 20%-nin gəlirləri arasındakı fərq 30-un 1-ə nisbətində olduğu halda, 1990-cı ildə bu fərq 60-ın 1-ə, 1997-ci ildə isə 70-in 1-ə nisbətində olub. Bu statistikadan da göründüyü kimi dünyada gəlirlərin bölgüsündəki disproporsional hədd zəngin ölkələrin imkanlarını genişləndirməkdə və  yoxsul ölkələri isə təhdid etməkdədir.

 

Yoxsulluğun teoloji əsasları

Bəzən yoxsul insanla kasıb insan arasında fərq nəzərə alınmadan onlar arasında bərabərlik işarəsi qoyulur. Kasıb insan yoxsul insan deyildir. Yoxsul insan həyatın dərinliyində elementar maddi ehtiyaclarını ödəyə bilməyən insandır. Daha dəqiq desək, yoxsulluq-insanın yaxud istənilən sosial qrupun real gəlirlərinin maddi ehtiyaclarının və sağlamlığının qorunması üçün minimal xərclərinə bəs etməməsi deməkdir.

Yoxsulluq göydən səbətlə düşən bədbəxtlik də deyil. Onun meydana gəlməsində həm təbii, həmdə qeyri-təbii amillər rol oynayır. Təbiət hadisələrinin dəyişkənliyi-sellərin yaranması, zəlzələlərin ölkələri viran qoyması və bu qəbildən olan hadisələr yoxsullar ordusunun yaranmasında mühüm rol oyanaya bilər. Qeyri-təbii hadisələr isə daha çox idarəetmə siyasətinin mənfiliyindən yoxsulluğu meydana çıxarmış olur. Əgər ölkədə makroiqtisadi göstəricilər (inflasiya, istehsal templərinin aşağı düşməsi, işsizlik və s.) pisləşirsə, onda yoxsulluq göstəriciləridə pisləşməkdə davam edəcək. İdarəetmənin keyfiyyətindən də asılı olaraq yoxsulluq səviyyəsi dəyişə bilər. Əgər ölkədə korrupsiyanın səviyyəsi durmadan artırsa, həm istehsalda, həmdə ticarətdə inhisarçılıq halları genişlənirsə onda yoxsul əhali qrupları artacaq və ölkənin milli gəliri bir yığım insanın əlində cəmləşəcək ki, bu da sonda bir ovuc hədsiz varlı təbəqənin varidatının artmasına, yoxsulların isə daha da yoxsullaşmasına gətirib çıxaracaq. Bu halda idarəetmənin səriştəsizliyi yoxsulluğu “stimullaşdırmış” olacaq.

Amma yoxsulları bir-birindən ayıran fərqləri də nəzərə almaq lazımdır. Əsasən yoxsulluğu 2 formada təsnifləndirmək lazımdır: Nisbi yoxsulluq və mütləq yoxsulluq. Nisbi yoxsulluq orta təbəqə ilə müqayisədə yoxsul olanlar başa düşülür. Məhz orta təbəqə ilə. Mütləq yoxsulluq isə, həqiqətdə olduğu kimi yoxsulluğun ifrat halını özündə ehtiva edir. Yəni, yeməyə, geyimə və yaşayışa elamentar tələbatın ödənməsi anlamına gəlir.

Bəs hansı insan yoxsul insanlar hesab olunurlar? Yoxsulluğun həddinin ölçülməsi daha çox ölkələrin özünün inkişaf səviyyəsi ilə bağlı olur. Məsələn, inkişaf etmiş ölkələrdə yoxsulluq həddi ilə inkişaf etməkdə olan ölkələrdə yoxsulluq həddi biri-birindən fərqlənir. Məsələn, bir neçə il öncə dünyada yoxsul əhali qruplarını müəyyənləşdirilməsi üçün Dünya Bankı(DB) gündəlik gəliri 1 ABŞ dolları gəliri olanları bu kateqoriyaya aid edilirdi. Son illər isə DB-ı Şərqi Avropa və MDB ölkələri üzrə yoxsulluq həddinin gündəlik gəlirlilik həddini müəyyənləşdirmişdir. Yəni, MDB məkanında olan ölkələrdə bir şəxsin gündəlik gəliri 4$, inkişaf etmiş ölkələrdə isə 14,4$ təşkil edirsə, həmin insanları yoxsul əhali qrupları hesab edilməlidirlər. Dünya nəhəngi ABŞ-da isə yoxsul insanı əldə etdiyi gəliriləri fonunda ərzağa çəkdiyi xərclə müəyyənləşdirirlər. Yəni, o insan ki, aylıq gəlirinin 1/3/-i ərzağa xərcləyirsə, o, yoxsul hesab olunur. Beynəlxalq metodologiyaya görə isə, əgər hər hansı bir insan ölkədə orta aylıq əməkhaqqının 60%-i həddindən aşağıda gəlirə malikdirsə, həmin insanlar yoxsul hesab olunurlar.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ölkələri üçünsə, yoxsulluq fərqli yolla müəyyənləşir. İnsan Yoxsulluğu İndeksi (İYİ)-2 əsasında hesabalamaya görə, 3 indikator və 1 əlavə təcrid edilmə komponenti ilə hesablanır. Bu zaman aşağıdakı statistik göstəricilərdən istifadə olunur. 60 yaşına qədər ölüm, funksional savadsızlığın əmsalı, yoxsulluq həddindən aşağı yaşayan əhalinin faizi və uzunmüddətli işsizlik əmsalı.

 

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat