İntellektuallar niyə kralların cangüdənlərinə çevrilir?

Səadət Cahangir, 19/08/12

Lap qədim zamanlardan hökmdarlar öz hakimiyyətlərini əldə möhkəm saxlamaq üçün kütləyə nüfuz edə biləcək kəsimin gücündən yararlanırdılar. O dövrün keşişləri insanları kralın müqəddəs olduğuna inandırmaq üçün dəridən-qabıqdan çıxırdılar. Hətta Yaponiyada xalqın qulağını doldurmuşdular ki, krallar günəş nəslindəndir. Bəli, geniş səlahiyyətləri olan güclü hakimiyyət üçün zor tətbiq etməkdənsə, yumşaq yol-inandırma yolu daha sərfəli idi. Uzun zaman bu missiyanı sarayların xüsusi qayğı ilə himayə etdiyi sehrbazlar, keşişlər, münəccimlər və başqaları yerinə yetirdi. Amma zaman dəyişdi və elə bir məqam gəldi ki, artıq hakim siniflər öz hakimiyyətlərini saxlamaq üçün ayinlərin yetərli olmayacağını anladılar...

XVII əsrdə Avropa tarixində yeni bir era açan maarifçilik dövründən sonra hakim elita həmin missiyanı icra etmək üçün başqa bir təbəqəyə üz tutdu. Bu, cəmiyyət içində xüsusi çəkisi olan intellektuallar idi. Beləliklə, əslində cəmiyyətin aydınlanması və inkişafı üçün hərəkətverici qüvvə olan kəsimin təmsilçiləri tədricən saray hökmdarlarının himayəçilərinə çevrilməyə başladı. Bu dövrdən başlayaraq hakim dairələr bütün dünyəvi intellektuallardan öz müttəfiqlərini yaratmağa çalışdılar. Bura rəssamlar, ssenaristlər, tarixçilər, sosioloqlar, iqtisadçılar, texnokratlar və başqa düşüncə adamları daxil idi. Hiyləgər idarəçilərin düşündüyü bu üsul özünü gözləndiyindən daha çox doğrultdu. O dərəcədə doğrultdu ki, XIX əsrdə Berlin Universitetinin professorları özlərini Prussiya krallarının intellektual cangüdənləri elan etmişdilər.

Şübhəsiz, bu, bütünlükdə intellektual təbəqənin saraya boyun əyib, onun sözçüsünə çevrilməsi demək deyildi. Amma bir fakt vardı ki, bu təbəqə arasında dilə tutularaq ələ alınanlar və könüllü şəkildə hökuməti tərifləməyə can atanlar çoxluq təşkil edirdi. Bunun əsas səbəbləri aydın idi. Hakim güclər onların hakimiyyətinə yardım edənləri həmişə mükafatlandırmışlar. Bəzən hətta o intellektuallar sarayda yaşayır və adi insanların yuxusunda belə görmədiyi dəbdəbəli həyat sürürdülər. Bu şəxslər arasında yüksək vəzifə və imtiyaz alanlar da az deyildi.

Amma burada bir maraqlı məqam da var. Bəzi intellektuallar həqiqi mənada hökumətə geniş səlahiyyətlər verilməsini, onun hər şeyin planlaşdırıcısı olmasını özləri istədiklərinə görə onu müdafiə edirdilər. Çünki bu ideya onlar üçün həmişə cazibədar  olub, onlar hər şeyi təhlil edib nizama salmağı seviblər. Onlar özləri sistem və modellərin həvəskar yaradıcıları olduğundan, bu modellərlə reallığı ideal sistemlə asanlıqla müqayisə edə bilirlər. Buna görə də, bir çox cəmiyyətlərdə kitabların, tədqiqatların, filmlərin və qəzet məqalələrinin yaradıcısı olan intellektual təbəqə geniş səlahiyyətli hökumətə haqq qazandırmaqla, əslində öz maraqları naminə hərəkət edirlər.

Bəs tarixdən geri dönüb bu günün reallıqlarına baxsaq, gözümüzün önündə hansı mənzərə canlanacaq? Bəlkə də, böyük əksəriyyətiniz “heç çox şey dəyişməyib” deyəcəksiniz. Razılaşmamaq mümkün deyil. Yaşadığımız cəmiyyətə nəzər salsaq, hamımız həmin “cangüdənlər”in böyük çoxluğu ilə üz-üzə dayandığımızı görəcəyik. Hər halda, cəmiyyət o zaman bu bəladan qurtulacaq ki, “insanları bir-birinə ziyan vurmaqdan çəkindirən, sənaye və inkişaf ilə bağlı öz məqsədlərinə çatmaq üçün onları azad buraxan” (Tom Cefferson) hökumət hakim olacaq. Belə hakimiyyət qurulduğu halda, məhdud səlahiyyətli normal hökumət istəyən intellektual azlığa qarşı hücumlara da son veriləcək. Bu isə həqiqi mənada idealist insanların, böyük düşünən intellektin qalib gəlməsi demək olardı.

Qeyd: yazıda Deyvid Boazın “Libertarianizm” kitabından istifadə olunub.

 

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat