Liberalizm: Stereotipler ve Bilmədiklərimiz

Zaur Heydərov, 12/03/2008
Son bir neçə gündə Sosializm və Liberalizm haqqında müzakirələr aparmışıq, bəzi dostlarımın sosialist düşüncəli olması (hərçənd ki, onlar özlərini belə adlandırmır) məni təbii olaraq Liberalizmin müdafiəçisi halına gətirdi. Ümumiyyətlə isə, ozümü hər hansı bir ideologiyaya bağlı görmürəm və Liberalizmin özünü də Hayekin sözleri ilə “İdeologiya olaraq” görmürəm.

Müzakirələrdə cəmiyyətimizdə yanlış təsəvvürlərin olduğunu gördüm, bunlar əsasən Liberalizmin cəmiyyətə baxışı, dövlət-fərd münasibətləri, liberalizm xarici siyasət politikası kimi movzuların bir qədər yanlış anlaşıldığını gördüm.

Bildiyiniz kimi, Liberalizmə görə Fərd mahiyyəti etibarı ilə hər hansı bir sosial qrupdan, o cumlədən dövlətdən daha öndə gəlir və onun yaşamaq, can və mal güvənliyi kimi əvəzolunmaz haqları vardır. Fərd dövlət deyilən qurumdan çox- çox əvvəl mövcud olduğu kimi, dovlətin də əsas məqsədi fərdlərin azadlıqlarının qorunmasıdır. Dövlətin işləri bundan irəli getmir və gedə də bilməz.

Fərd öz fəaliyyət sahəsi çərçivəsində azad şəkildə hərəkət etməli və belə demək mümkünsə, “öz həyatını yaşamalıdır”. Bir çox sosialistlər dövlət və fərd arasındakı bu münasibətlərin cəmiyyət içərisindəki zəngin təbəqəyə maddi imkanları məhdud olanların istismarı üçün münbit şərait yaratdığını irəli sürürlər. Yəni zənginlər öz əllərində olan maddi imkanlardan yararlanaraq kasıb təbəqələri bir növ öz xeyirlərinə işlətməkdədirlər. Doğrudanmı belədir? İşin teorik tərəfində hər şey çox normaldır, həm liberallar, həm də sosialistlər “qurduqları” cəmiyyətlərin daha xoşbəxt və firəvan olacağını irəli sürürlər. Deməli, məsələnin analizi praktiki yanaşma tələb edir. Sosialist ölkələrinin bir neçə örnəyindən də göründüyü kimi, onlar teorik olaraq irəli sürülənləri gerçəkləşdirə bilməmişlər, yəni cəmiyyətdə kasıb-varlı ayırımını ortadan qaldıra bilməmişlər və belə olan zaman liberal cəmiyyətlərdəki kasıb insan ilə sosialist cəmiyyətdəki kasıb arasıdakı fərq yalnızca onların “kasıblıq” dərəcələri olacaqdır. Amma, heç şübhəsiz sosializm cəmiyyətində kasıb təbəqələr daha az azadlıqlardan yararlanacaqlar, çünki üzərlərində hər zaman dövlət kimi bir qurum olacaqdır ki, onlara öz həyatlarını necə idarə etmələrini öyrədəcək.

İkinci yanlış anlaşılan məsələ liberalların dəstəklədiyi qloballaşmanın gətirəcəyi və bəlkə də artıq gətirmiş olduğu “monoton” həyat tərzi, düşüncələr, geyim tərzləri, mədəniyyət və s. dir.

Qloballaşmanın ənənəvi cəmiyyətlərə güclü təsir etdiyi doğrudur, qloballasma hər şeydən öncə fərdlərə alternativlər təklif etməkdədir ki, bu, ənənəvi cəmiyyətin prinsiplərinə ziddir, fərdin yox. Əgər kimsə monarxiya üsuli- idarəsində yaşamaq istəmirsə, qloballaşma ona demokratiyanı təklif edir, kimsə ayran içmək istəmirsə, ona “Coca-Cola” təklif olunur, bunu seçmək və ya seçməmək imkanı da o fərdə tanınır.

Cəmiyyətdə eyni tipli həyat tərzini müdafiə edənlər heç vaxt liberallar olmamışlar, liberalizm hər zaman cəmiyyətdə plüralizm tərəfdarı olmuşdur. Sosializm cəmiyyətində fərd əgər cəmiyyətin digər hissəsi kimi düşünmür və ya geyinmirsə, deməli, o “xəstədir” ya “müalicə” edilməlidir, ya da zorla cəmiyyətə uyğunlaşdırılmalıdır. Göründüyü kimi, cəmiyyətdə təktipliliyi müdafiə edənlər liberallar yox, məhz sosialistlərdir. Və qloballaşma bir proses olaraq lokal mədəniyyət və kimliklərin məhvini məqsəd olaraq görmür, tam əksinə, onların qorunmasının təmin edilməsinə çalışır. Qloballaşma eyni zamanda çeşidliliyi qoruduğu kimi, “Qərbliləşmə” (westernization) və ya “Amerikanın qlobal imperializminin” vasitəsi də deyil.

Bir çoxları Amerikanı liberalizmin əsas mərkəzi olaraq görür və onun bütün addımlarının liberal olduğunu düşünürlər. Halbuki, məsələ belə deyil və bu gün ABŞ bir çox liberalların tənqid hədəfidir. Amerika imperializmini tənqid edənlər hələ 20 il bundan əvvəl sosializm imperiyasının mövcudluğunu da unudurlar.

Sosialistlər və liberal demokratlar arasındakı digər fərq isə onların müxalif fikirlərə qarşı yanaşma tərzlərində özünü göstərir. Həm teorik, həm də praktiki olaraq sosialistlər əks, muxalif fikirlərə qarsi dözümlü deyillər və dövlət gücü vasitəsilə bu fikirlərin basdırılmasının tərəfdarlarıdırlar. Bu isə sosializmin özünu yenidən istehsalının qarşısını alır, yəni Marksın özünün istifadə etdiyi tezis-antitezis prinsipinin rədd edilməsi sosializmi statik və durğun hala gətirir. Bunu praktiki olaraq SSRİ-də görmək mümkün idi, sosialist ölkə olmağına baxmayaraq, SSRİ- də heç vaxt təsirli bir elmi əsər yazılmamısdı (Lenin və yaxud çar dönəmində olanlar istisna təşkil edirlər, çünki onlar özləri sosialist yox, kapitalist cəmiyyətlərin onlara vermiş olduğu imkandan yararlanmışdılar). Amma liberallar müxalif fikri vacib görməkdədirlər ki, bu da liberalizmin daim inkişafda olmasına kömək edir.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat