Xoşbəxtliyin iqtisadi dəyərləndirilməsi (III hissə)

Məhəmməd Talıblı, 21/12/12
Xoşbəxtliyin mənəvi-əxlaqı təsirləri.
İnsanın xoşbəxt olmasına təsir edən iqtisadi amillərlə yanaşı, bir sıra mənəvi-əxlaqi amillər də var. Onlar xoşbəxt insan tipini tormozlamaqla yanaşı, onu xoşbəxt etməyi də şərtləndirmiş olur. Tormozlayıcı və ya neqativ amillərə insanların günahkarlıq kompleksindən xilas ola bilməməsi, özündən razılıq və ya təkəbbür, nifrət və ya kin-küdurət, narkotik asılılığı, paxıllıq  və s. aid etmək olar. Pozitiv amillər sırasında isə, insanlar və insanlıq haqqında xoşniyyətli olmaq, həyata xoşgörüylə baxmaq, həyatından məmnunluq, ətrafından razılıq, dostların əhatəsində olmaq, ən çətin vəziyyətdə belə optimizmi qoruyub-saxlamaq və s.
 
Xoşbəxtliyin gender ölçüsü və dəyəri.
Xoşbəxtliyin hər bir insanda doğurduğu effekt insanlar arasında necə fərqlənirsə, onların qadın və kişilər üzrə təsiri də fərqli olur. Yəni, eyni hadisəyə görə, qadınlar və kişilərin  münasibətləri müxtəlif olur. Avstriyalı iqtisadçı Pol Frijters insan həyatına xoşbəxtlik gətirən hadisələri pulla hesablamağa nail olmuşdur. P. Frijters 10 il ərzində(2001-2011) 10 mindən çox  insanların həyatına bu təsirləri öyrənməyə çalışmışdır. Alimin araşdırmalarından sonra məlum olmuşdur ki, məsələn, kişilər boşanmanı emosional şəkildə elə yaşayırlar ki, sanki 61,5 min funt sterlinq itirmişlər.  Bu hadisə qadınların 5 min funt sterlinq itki hiss etməsinə bərabər sayıla bilər. Yaxın adamların və ya uşaqların ölümü qadınlarda 73 min funt, kişilərdə 350 min funt itki ilə qiymətləndirilir, uşaq doğulması kişilərə 18,2 min funt, qadınlara 4,9 min funt dəyərində sevinc gətirir. Qadınlar üçün toy 8,7 min funt, kişilər üçün 17,7 min funt gəlir əldə etməyə bərabərdir. Təzə yerə köçmək isə qadınlarda 1,45 min funt gəlirə, kişilərdə 8,95 min funt itkiyə bərabərdir. Demək, xoşbəxtliyin və ya bədbəxtliyin insanlara müxtəlif təsirləri olduğu kimi, onun kişi və qadın olaraq onların mənəvi dünyasına da təsirləri tamam fərqli olur. İqtisadçının araşdırmasından da aydın olur ki, kişi və qadının eyni hadisəyə təsirinin valyuta ilə ekvivalenti ortalama olaraq 3-5 dəfə dəyişkən olur. Demək, pulla xoşbəxtliyi nə satın almaq olar, nə də onsuz keçinmək olar. Bu haqda əvvəlki yazımızda fikirlərimizi bölüşmüşük. Tanınmış musiqiçi, Freddi Merkuri deyirdi ki, pulla xoşbəxtliyi almaq olmaz, amma pullar xoşbəxtliyin tez bir zamanda gəlməsinə şərait yaradır.
 
Xoşbəxtlik, rifah və intihar paradoksu.
Xoşbəxtlik əbədi zirvə deyil. Oranı fəth edə bilərsən, amma orada nə qədər dura bilərsən, burası dəqiq ölçülüb biçilmiş müvazinət istəyir. Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinin insanlarının həyat dəyərlərinə diqqət edək. İEOÖ-də həyat keyfiyyəti İEÖ-dən geri qaldığı halda, orada insanların həyatlarına olan qəsdləri, intihar halları İEÖ-dən xeyli azdır. Maraqlıdır ki, rifah səviyyəsi yüksək olan ölkələr, o cümlədən Avropa Birliyinə daxil olan ölkələr öndə gedir.  İlk baxışdan inkişaf səviyyəsi yüksək ölkələr həm də orada yaşayan xoşbəxt vətəndaşlar kimi beyinlərdə assosiasiya olunur. Çünki, onlardakı xəyali xoşbəxtliyin örnəyi kimi Avropa və Skandinaviya ölkələri gəlir. Həmin ölkələrdə adambaşına düşən milli gəlirin yüksək olmasına baxmayaraq, eyni zamanda həmin ölkələrdə də yüksək intihar hadisələri məhz həmin ölkələrin payına düşür. Bu baxımdan yüksək gəlir səviyyəsinə malik ölkələrlə intihar hadisələrinin çoxluğu arasında tərs mütənasiblik halı mövcuddur. Bunun sadə izahı bundan ibarətdir ki, insan həm yüksək gəlirə və rifaha, həm də azca inciklikdən və ya ləyaqətinin alçalmasından belə həyatla vidalaşmaq kimi riskli davranışa malikdir.
 
Xoşbəxtliyin universal düsturu nədir?
Bu suala cavab bir az absiyalı səslənə bilər. Çünki, belə bir resept heç kimə mənsub olmayıb. Yəni,  belə bir universal düsturun indiyədək elan olunması və onun hamı tərəfindən qəbul edilməsi real deyil. Çünki, hamını qane edən elə formula tapmaq çətindir. Xüsusilə də, 2 əsrlik bəşəriyyət belə tapıntı ilə tanış deyil. Belə bir universal düsturun olmaması, xoşbəxtliyə daha yaxın olan amilləri inkar etmir. Ona görə, mənim şəxsi düşüncəm bundan ibarətdir ki, xoşbəxtliyi nisbətən insana yaxın və əlçatan edən amillər mövcuddur. Onları lakonik olaraq belə söyləyərdim.
Biz hansı  bucaqdan baxsaq, özümüzdə və həyatımızda çatışmazlıqlar görə bilərik. Çünki, həyatda bizləri tam qane  edən situasiya və subyektlər yoxdur. Bu narazılıqlar və narahatlıq içərisində insanın özünü büsbütün xoşbəxt sayması real deyil. Bir gün nəsə ürəyimizcə olur, o birisi gün isə nəsə ürəyimizi ağırdır. Bir məmnunluq duyğusu sinəmizdə “oturmamış” digər narazılıq hissi onu oradan qovur. Amma məmnunluq və narazılıq hissləri belə sürətlə bir-birini əvəz etməkdə davam edir. Əslində, həmin mübarizənin kəsişdiyi nöqtə və zaman kəsiyi bizim xoşbəxtlik duyğularımız üçün daha münasibdir. Yəni, növbəti tsikl gəlməmiş həmin xoşbəxtlik anlarının zövqü ilə yaşamaqdır xoşbəxtlik. Hələ 12-ci əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi “Sirlər xəzinəsi” əsərində insanların xoşbəxtliyi ilə bağlı yazırdı ki, dünyada daimi xoşbəxtlik yoxdur, kiçicik səadət məqamları var. Məncə Nizaminin bu fikirləri bu məqamı çox sərrastlıqla açır.
Fikrimcə, insanların xoşbəxt olmalarına mənfi təsir göstərən amil onların kütləvi zövqlər arxasınca qaçmalarıdır. Yəni, çoxluq xoşbəxt olmağın yeganə yolunu bahalı mənzilə, avtomobilə, bağa, biznesə sahib olmaqda görür. Amma hamının eyn şeyi istəməsi razılaşaq ki, anormallıqdır. Halbuki, birində olan imkan, güc digərlərində yoxdur. Amma hamı sanki, qarşılarına məqsəd qoyur ki, mən mütləq xoşbəxt olmalıyam. Yəni, çox vaxt xoşbəxt olmaq üçün çalışmaqdansa, xoşbəxt olmaq haqqında daha çox düşünür. “Nobel” mükafatı lauratı Orxan Pamuk yazır ki, xoşbəxtlik haqqında çox düşünməyin, bu sizi bədbəxt edər. Amma belə düşüncələrin konsentarasiyası digər fəaliyyətləri kölgədə saxlayır. Xoşbəxtliyi məqsədə çevirməyin özü insanın imkanlarına adekvat olmalıdır. Məşhur filosof Aristotel vaxtı ilə yazırdı ki, biz səadəti  məqsədlərimizdə deyil, enerjimizdə axtarmalıyıq. Razılaşaq ki, xoşbəxtlik üçün çox zaman bizdə istək olsa da, uyğunluq və layiqlik məsələsində problemlərimizi görə bilmirik. Əksinə, hesab edirik ki, elə daha çox xoşbəxtliyə layiq bizik. Demək, xoşbəxtlik həm də özünə tənqidi yanaşma tələb edir. Əslində, bəşər övladı yaşadığı həyatdakı bütün zamanlarda xoşbəxtlik axtarışında olur. Bunu əldə edənlər həyata pozitiv gözlə, buna çata bilməyənlər isə pessimist ovqatla yanaşmağa başlayır və ətrafındakılara öz baxışlarını daha çox sirayət etdirməyə çalışır. Amma unutmaq lazım deyil ki,  həyat bizə xoşbəxtlik borclu deyil, amma bizlərin özümüzə xoşbəxt bir həyat qazanmaq borcumuz var.
P.S. İqtisadçı təkcə iqtisadiyyatdakı illər üzrə trendləri təhlil etməli və bununla bağlı statistikadan çıxış edərək proqnozlar verməklə işini bitirməməlidir. Cəmiyyətin sosial rifahı və iqtisadi güzəranı haqqında düşündüyü kimi, istənilən bir insanında iqtisadi durumunun da xoşbəxtliklə necə assosiasiya olunduğunu düşünməlidir. Bu baxımdan xoşbəxtliyin iqtisadi dəyərləndirilməsi üzərində mülahizə formalaşdırmaq və onlar arasında qarşılıqlı əlaqələri tapmağa cəhd etməsi insan taleyi ilə dərindən maraqlanmaq ehtiyacından doğur. Bu mövzuda bundan sonrada müşahidələrimi və gəldiyim qənaətləri sizinlə bölüşməkdə davam edəcəyəm.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat