Pulun təbiəti və mənşəyi

Aleks Salter, 24/12/2012
İnsanların düşüncələrinin deyil, hərəkətlərinin nəticəsi olaraq meydana gələn əlaqələndirmə sistemlərinin, yəni spontan sistemin öyrənilməsi iqtisadiyyatın qarşısında duran ən mühüm vəzifələrdən biridir. Avstriyalı iqtisadçı və Nobel laureatı F. A. Hayek hətta iddia edirdi ki, bu məsələ sosial elmlərə aiddir.
İnkişaf etməkdə olan şəbəkələri və mübadilə modelləri ilə, sərbəst bazar iqtisadiyyatı yəqin ki, spontan sistemin ən yaxşı bilinən nümunəsidir. Ancaq, inkişaf etmiş bazar iqtisadiyyatlarında geniş əmək bölgüsü (çox vaxt bu, sübuta yetirilmiş sayılır) özü də, başqa bir özü təşkil olunan və özü fəaliyyət göstərən sistemə əsaslanır. Hər dəfə pul kisənizi açanda bu sistemin bariz nümunəsini görə bilərsiniz.
Bizim «pul» adlandırdığımız vahid mübadilə vasitəsi ən elementar səviyyədən inkişaf edib qalxmaq məqsədilə hər hansı bir cəmiyyətdə əmək bölüsü üçün vacibdir. Bunun səbəbini bilmək üçün malların birbaşa mallarla mübadilə olunduğu mühitdə ixtisaslaşma və peşə limitlərini nəzərə alın. Barter iqtisadiyyatında iqtisadi hesablama mümkün deyil, çünki burada uçot məqsədləri üçün vahid məxrəc yoxdur. Gəlir və zərər hesablamaları sahibkarlar üçün müşüm siqnaldır; bu hesablamalar olmadan onlar məhz hansı məhsul xəttinin genişləndiriləcəyini, hansınınsa ləğv ediləcəyini müəyyənləşdirə bilməzlər.
Bundan başqa, gəlir və zərər uçotu olmadan iqtisadi baxımdan səmərəli mal istehsalını həmin malın əldə edilməsi üçün mövcud olan çoxsaylı texnoloji üsullardan ayırd etmək mümkün olmazdı. Bu, o deməkdir ki, sahibkarlar yekun istehlak üçün malların və xidmətlərin şəbəkəsini yarada bilməzlər. Barter iqtisadiyyatında kapitalın istifadəsi kəskin surətdə ixtisar edilir. Əmək bölgüsünə təkan verən kapital olmadan əmək məhsuldarlığı və bununla da, əmək haqqı və həyat standartları çox aşağı olur. İnkişaf etmiş, kapitala ehtiyacı olan iqtisadiyyatlar gəlir istəyən sahibkarları yönləndirən standart rolunda çıxış edən pul olmadan davam gətirə bilməzlər.
 
Çartalizm və aşağıdan yuxarıya yüksələn pul
Aydındır ki, barter iqtisadiyyatından dolayı mübadilə və ya pul mübadiləsi üzərində qurulmuş iqtisadiyyata keçməklə çox böyük gəlir əldə etmək olar. Bəs bu sistem necə yaranıb? Bəzi alimlər pulun yaranmasını dövlətlə əlaqələndirirlər. Çartalizm adlanan bu nəzəriyyədə deyilir ki, pula olan tələbat öz vətəndaşlarına öhdəliklər yükləyən və sonra da bu öhdəlikləri (vergi) müəyyən bir əmtəə formasında ödəməyi tələb edən hökumətlər tərəfindən yardılmışdır. Həmin əmtəəyə olan tələbat getdikcə daha da artmışdır, çünki o, öhdəliyin ödənilməsi məsələsini həm dövlət, həm də vətəndaşlar üçün asanlaşdırmışdır. Bu nəzəriyyənin bariz nümunəsi kimi bütün dünyada adətən mərkəzi bankın köməyilə pulun təmin edilməsində hökumətlərin mühüm rol oynadığını göstərmək olar.
Ancaq, pulun təmin edilməsində hökumətin rol oynaması o demək deyil ki, bu, həmişə belə olub. Pulun mənşəyinin tarixçələri fərqlənə bilər. Hökumətlərin tələb etdiyi bəzi əmtəələrin, məs. qiymətli metalların bütün dünyada pul kimi istifadə olunduğuna baxmayaraq, mal-qaranın nə üçün bu rolu oynaya bilməməsinin səbəbini Çartalizm də izah edə bilmir. Bizə bəzi əmtəələrin nə üçün daha yaxşı pul vasitələri olduqlarının səbəbini izah edəcək nəzəriyyə lazımdır. Avstriya iqtisadiyyat məktəbi bu sualın cavabını verir. Həmin cavab bu məktəbin banisi Karl Menger tərəfindən yaradılmış nəzəriyyədə öz əksini tapmışdır.
 
Menger və pul
Menger öz nəzəriyyəsini 1892-ci ildə «Pulun mənşəyi» adlı jurnal məqaləsində irəli sürmüşdür. Menger barter sistemindən başlayaraq, hamı tərəfindən qəbul edilmiş vahid mübadilə formasına aparıb çıxaran iqtisadi qüvvələri təsvir etmişdir. Sualın cavabı malın satıla bilmə konsepsiyasında ifadə edilmişdir. Satıla bilmə xüsusiyyəti malın digər mallara nisbətən daha yaxşı satılması deməkdir. Satıla bilmək üçün üç keyfiyyət tələb olunur: eynicinslik, bölünə bilmə və aşağı saxlama xərcləri. Eynicinslik dedikdə, malın bir vahidinin digər vahidlərlə bu və ya digər dərəcədə eyni olması nəzərdə tutulur. Bölünmə isə, malın təkrar satış dəyərinə ziyan dəymədən onun daha kiçik hissələrə bölünə bilməsidir. Aşağı saxlama xərclərini də, adından göründüyü kimi, izah etməyə ehtiyac yoxdur.
Bu meyarlardan görürük ki, qiymətli metalların satılma keyfiyyəti yüksəkdir. Qızılın bir unsiyası digər unsiya ilə eynidir; bir unsiya yarım unisiyaya bölünə bilir ki, bu zaman qızılın tələbi ödəmə keyfiyyəti (məs. zərgərlik əşyasının hazırlanması üçün) dəyişmir və qızılı saxlamaq nisbətən ucuzdur. Mal-qara isə, bu keyfiyyətlərin heç birinə malik deyil. Bir inək başqasından fərqli ola bilər; inəyi öldürmədən iki yerə bölmək olmaz; inəyi saxlamaq baha başa gəlir, çünki onu yedirmək, yırtıcılardan və xəstəlikdən qorumaq lazımdır.
Satıla bilmə xüsusiyyəti barədə bu qədər. Bəs bütün bu əmtəələr necə pul olub? Barter iqtisadiyyatında pulun iqtisadiyyatı ilə əlaqədar digər bir mübadilə ziddiyyəti mövcuddur: Siz təkcə özünüzə lazım olan malı satan bir şəxsi axtarmırsınız, həmçinin, sizə də elə bir insan lazımdır ki, o da sizin təklif etdiyiniz malı alsın. İstəklərin qarşılıqlı üst-üstə düşməsi adlanan bu problem sövdələşmənin qiymətini artırır. Ayrı-ayrı malların satıla bilmə xüsusiyyəti fərqli olduğundan, bəzi satıcıların (ticarətçilərin) ümidləri başqalarına nisbətən daha çox boşa çıxır. Ancaq, mübadilə şərtləri çox vaxt üçüncü tərəflərə açıq olduğundan, təşəbbüskar ticarətçilər strateji addım ata bilərlər: Öz mallarını istədikləri əmtəə ilə mübadilə etməkdənsə, onlar həmçinin öz mallarını daha yaxşı satıla bilən əmtəə ilə mübadilə edə bilərlər. Ticarətçilər bunu etməyə meyllidirlər, çünki daha yaxşı satıla bilən mallar tez satılır. Nisbətən aşağı satılma xüsusiyyətinə malik əmtəəni daha yaxşı satılan əmtəə ilə mübadilə etməklə, onlar istədikləri kimi ticarət aparma şanslarını artırırlar. Bu strateji addım sayəsində ticarətçi dirçəlir, çünki indi o, öz ehtiyaclarını daha asan ödəyə bilir.
Başqa ticarətçilər də bu addımı eyni səbəbdən təkrarlamaq istəyirlər. Strateji ticarət məqsədləri üçün yaxşı satıla bilən əmtəələrə daha çox ehtiyac olduğundan, bu əmtəələrə qarşı tələbat artır. Bu proses özü-özünə o vaxta qədər təkrarlanır ki, ən yaxşı satıla bilən əmtəələrə istehlak dəyəri ilə deyil, mübadilə dəyəri ilə tələbat olur. Bu proses bir əmtəənin hamı tərəfindən qəbul edilən mübadilə vasitəsinə çevrilməsi ilə sona çatır. Pul iqtisadiyyatı sosial planlaşdırıcılar və ya dövlət tərəfindən deyil, öz maraqlarını güdən çox-çox insanın davranışları nəticəsində yaradılmışdır. Bu isə, spontan sistemin səciyyəvi nümunəsidir.
 
Pulun vəziyyəti
Pul iqtisadiyyatlarının hansı şəkildə yaranması və davam gətirməsi iqtisadi siyasət üçün mühümdür. Əgər dövlət pulun arxasında dayanan yeganə hərəkətverici qüvvədirsə, o zaman pulun desentralizasiya olunmuş bazar davranışının spontan nəticəsi olması ilə müqayisədə, pulun inkişafını siyasətin yönləndirməsi fikri daha realdır. Məhz buna görə də, pulun mənşəyinə dair debatlar akademik nəşrlərlə məhdudlanmır, həmçinin müasir dövrün ən populyar dövri nəşrlərindən olan The Economist (İqtisadçı) jurnalında da öz əksini tapmışdır. Debatlar bir əsrdən  də artıq müddətdə davam etsə də, Çartalistlər və Mengerçilər bir-birlərinin fikirlərini dəyişməyə o qədər də müvəffəq olmamışlar və alimlərin bu debatlara cəlb edilməsi vacibdir. Son iqtisadi böhran fonunda və həm dolların, həm də avronun aqibətinin naməlum olduğunu nəzərə alsaq, pul başa düşülməyəcək qədər önəmsiz bir məsələ deyil.
 
Əlavə məlumat üçün:
http://www.fee.org/the_freeman/detail/the-nature-and-origin-of-money#ixz...
 

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat