İlsonu... Santa Klausun heybəsində nələr var?..

Səadət Cahangir, 27/12/12

İl sona yaxınlaşır. Dünya tarixinin daha bir qanlı-qadalı ilini yola salmağa hazırlaşırıq. Bir yandan, ənənəvi ilsonu hesabatlarının dərdi, bir yandan da Santa Klausun sehrli heybəsindən çıxacaq yeni il sürprizlərinin həyəcanı…

Artıq dünyanın nüfuzlu təşkilatları öz illik hesabatlarını açıqlayıb. Təbii ki, hər kəs bu hesabatlarda ilkin olaraq öz adını, aldığı qiymətləri axtarır. Belə mühüm hesabatlardan birini keçən həftə “Transparency İnternational” təqdim edib. Təəssüf ki, bu ilin nəticələri də ölkəmiz üçün xeyli utandırıcıdır. Azərbaycan 2012-ci ildə də Qafqaz regionunun ən rüşvətxor dövləti elan olunub. “Korrupsiya İndeksi” üzrə ölkəmiz 100 mümkün baldan 27-ni toplayıb. 176 ölkəni əks etdirən ümumi siyahıda isə o, 139-cu sırada dayanır. Yaxın çevrədə ən yaxşı nəticə Gürcüstana aiddir. O, məlum siyahıda 51-ci yerdədir. Ən acınacaqlısı isə odur ki, Ermənistan belə ölkəmizdən yaxşı nəticə qazanıb, o da 105-ci yeri tutub.

“Sərhədsiz reportyorlar”ın yaydığı “Mətbuatın barometri” adlı illik hesabatında da vəziyyət ürəkaçan olmayıb. Hesabata görə, başa çatmaqda olan ildə dünyada 88 jurnalist öldürülüb.

Öldürülən yazarlar arasında 47, həbs olunanlar arasında 144 bloqer də var. Ölüm faktının yüksək olduğu Yaxın Şərq və Şimali Afrika (26 nəfər), Asiya (24 nəfər), Afrika regionu-Cənubi Saxara (21 nəfər) ən təhlükəli region olaraq qalır.

Yola saldığımız il Azərbaycanda da mətbuata, qələm sahiblərinə təzyiq və hücumlarla xatırlanacaq.

Başqa maraqlı bir hesabatı da AŞPA-nın Monitorinq Komitəsi təqdim edib. Hesabatın bəndləri ölkəmiz üçün mənfi qiymətlərlə doludur. Sənəddə qeyd edilir ki, Azərbaycanda indiyə kimi keçirilən heç bir seçki demokratik standartlara cavab verməyib. Ölkənin ən mühüm problemlərindən biri kimi məhkəmələrin müstəqil olmaması göstərilib.  Bu problemin insan haqları, söz azadlığı, sərbəst toplaşma azadlığı sahəsində ciddi fəsadlara yol açdığı bildirilir. Hesabatda vicdan məhbusları, polis məntəqələrində işgəncə faktları da xüsusi vurğulanır. İcazəsiz aksiyalara görə cərimələrin artırılması xüsusi olaraq qınanır. Bütün bu sadalananlarla bərabər, AŞPA ölkə hakimiyyətinə böyük bir tövsiyə siyahısı təqdim edib. Burada müxalifətlə dialoqdan tutmuş, məhkəmələrə müstəqillik verilməsi, vicdan məhbusları, seçki məsələsi, dinc toplaşmaq və s. azadlıqlara dair xeyli bənd var.

Vidalaşmaqda olduğumuz il, həqiqətən, ölkəmiz üçün ağır sınaqlarla yadda qalacaq. İlin əvvəlindən üzü bəri baş verən hadisələrə nəzər salsaq, hər şey aydınlığa çıxar, şübhəsiz. Məlum olduğu kimi, keçən ilin 2 aprel aksiyasından sonra müxalif qüvvələrə qarşı başlanan repressiya dalğası ölkəmizə onlarla  vicdan məhbusu qazandırdı. Bu il onların bir hissəsi azad olunsa da, həbsdə yenə neçə vicdan məhbusu var. “Eurovision” musiqi yarışması ərəfəsində icazəsiz aksiyaların yenidən canlanması da bir çox aparıcı dünya ölkələrinin diqqətini Azərbaycana yönəltdi. Məsələ o yerə çatdı ki, musiqi yarışmasının qalibi İsveç təmsilçisi Lorin də Bakıda insan azadlıqlarının qorunmasının önəmi ilə bağlı mesaj verdi...Bunun ardınca vicdan məhbusları haqqında verilən əfv fərmanı, daha sonra davam edən icazəsiz aksiyalar və məlum rüşvət qalmaqallarını əks etdirən videoların yayımlanması gəlir.

Bəli, 2012-ci il bizim üçün belə “kədərli xatirələrlə” yekunlaşır. Siyasi məhbuslar problemi həll olunmayıb, parlament insan azadlıqları ilə bağlı qanunları sərtləşdirməkdə davam edir, mediaya qarşı təzyiqlər qalır. Və belə bir vəziyyətdə biz yeni ilə-ölkənin taleyi üçün müstəsna əhəmiyyət daşıyan seçki ilinə gedirik. Mahiyyətcə  məhdud və mürtəce qanunlarla bu yeni seçki ilində nələri dəyişmək mümkün olacaq? Təbii, hamını düşündürən və narahat edən məsələdir. İndilik bütün gedişlər göstərir ki, hakimiyyət şəffaf seçki keçirməməkdə israrlıdır. O zaman dəyişikliklərə nail olmağın hansı yolu qalır-inqilabmı? Belə görünür ki, Santa Klausun heybəsindən çoxlu qeyri-adi yeni il sürprizləri çıxa bilər...

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat