2012: İlin iqtisadi yekunları nələrlə yadda qaldı?

Məhəmməd Talıblı, 7/1/13

İlin iqtisadi yekunlarından danışarkən, heç şübhəsiz ki, ənənəvi mövzular (makroiqtisadi göstəricilərdə neft faktorunun rolu, inflyasiya təzyiqləri və s.) deyil, daha çox müzakirə predmeti olan fundamental dəyişiklikləri özündə əks etdirən iqtisadi hadisələri qeyd etmək istərdim. Çünki, məhz iqtisadi hadisə ola biləcək məqamlar daha çox ölkə iqtisadiyyatında dərin izlər buraxır və növbəti illərdə daha ciddi rezonansa səbəb olur. O baxımdan, belə məqamlarla bağlı təhlillərə yer vermək lazımdır ki, növbəti neqativ tendensiyalarla bağlı preventiv tədbirlər görmək və o mövzu haqqında daha çox düşünmək imkanı olsun.

Bu il ərzində əhalinin maddi vəziyyəti və rifah səviyyəsi ilə bağlı ciddi irəliləyişlər olmadı.  Ölkə əhalisinin maddi durumunu ifadə edən maraqlı bir hesabat keçən il hazırlanıb. Düzdür, bu 2011-ci ili əhatə etsə də, bu il açıqlandı. Nəzərə alanda ki, ötən illə müqayisədə ölkədə sosial müdafiə sistemində ciddi irəliləyişlər olmayıb, aydınlaşar ki, məlum hesabat bu il ərzində də ciddi dəyişikliyə məruz qalmayacaq. Bu hesabatın müəllifi  ABŞ Kənd Təsərrüfatı Departamentinin İqtisadi Tədqiqatlar Xidmətidir. "Cross-Price Elasticities of Demand" adlı hesabatda qeyd olunur ki, ölkəmizdə vətəndaşlarımızın istehlak mallarına xərclədiyi vəsaitin hər 4 manatından 3–ü  ərzaq məhsullarının alınmasına sərf olunur. Bu da ərzaq büdcəsinin səviyyəsinə görə 114 ölkə arasında öndə getmək deməkdir. Müqayisə üçün bildirək ki, bu siyahıda məlum indikatora görə, bizdən sonra Tanzaniya və Nigeriya gəlir. Beləliklə, əhalinin əsasən aylıq gəlirlərinin daha çox xərclədiyi zəruri istehlak məhsullarına yönəlik xərclərində artımlar demək olar ki, baş verməyib. Belə ki, bu il ərzində minimum əməkhaqqı ötən ilə nisbətən cəmi 8,5 manat artaraq 85 manatdan 93,5 manata çatdırılıb. Belə simvolik artımlar nəinki əhalinin gəlirlərini ərzağa daha az xərclənməsinin qarşısını ala bilməmiş, əksinə bu tendensiyanı daha da gücləndirilmişdir. Belə ki, 2009-cu ildə əhali öz xərclərinin təxminən yarısını ərzağa xərcləyirdisə, 2011-ci ildə bu səviyyə 73, 5%-ə qalxıb.

Əmanətlərin qaytarılması yox, qaytarılmaması ili kimi yaddaşlarda qaldı. Uzun illərin gözləntisindən və demək olar ki, bütün MDB ölkələrinin keçmiş Sovet banklarında batmış əmanətləriylə bağlı qərarından sonra növbə bizə çatdı. Amma gec olması ilə bərabər əmanətlər  çox aşağı məzənnə ilə qaytarıldı. Məsələn, 100 min rubla qarşı bizdə 7000 ABŞ dolları qaytarılırdısa, deyək ki, Belarusda bir neçə il bundan öncə həmin rəqəm 33 min ABŞ dollarında olmuşdu. Ona görə, biz iqtisadçılar əmanətlərin qaytarılma məsələsini müzakirə edərkən, bunu zarafatla əmanətlərin qaytarılması yox, qaytarılmaması adlandırırıq.

“Evrovision” üçün heç bir ölkə ilə müqayisəyə gəlməyən xərcləmələr baş verdi. Məlum oldu ki, rəsmi Bakı bu yarışmaya xeyli sevinərək, büdcə vəsaitlərini daha çox bu istiqamətdə sərf olunması üçün səxavət nümayiş etdirib. Yəni, bu yarışma üçün həm büdcədən, həmdə büdcədənkənar fondlardan nəzərdə tutulduğundan daha artıq vəsait xərclənib. Olduqca bahalı avadanlıqlar, o cümlədən stol və stullar alınıb. Təsəvvür edin ki, 1 ədəd kreslonun qiyməti 5807 avro və stulun qiyməti 2892 avrodur. Nəzərə alanda ki, zalda oturacaqların sayı 25 min ədəddir, onda hesablamaq çətin deyil ki, yalnız stol və stullar üçün nə qədər vəsait sərf olunub. Təbii, biz razı deyilik ki, qonaqlar stulda yox, yerdə otursun. Amma bu qiymət səviyyəsində stul almaq sadəcə ağlagəlməzdir. Bizim hesablamalar göstərdi ki, yalnız büdcədən “Evrovision” üçün ayrılan xərclər 2012-ci il dövlət büdcəsi xərclərinin 1%-ə yaxın, bütün mənbələrdən olan toplam xərcləmələr isə 590 mln. dollar həcmində olmuşdur. Bu isə büdcə xərclərimizin 2,7%-ni təşkil etmişdir. Bu mahnı müsabiqəsi keçirilən digər ölkələrlə müqayisədə 10-20 dəfə daha artıq vəsait demək idi. Sanki, “Evrovision” yarışması büdcə vəsaitindən bu qədər pulların xərclənməsi üçün bir bəhanə oldu.

Mərkəzi Bankın monetar “islahatları” və ya bankların konsolidasiyası prosesi dalana dirəndi. Mərkəzi bankın kommersiya banklarına yönəlik siyasəti bankları il boyu daimi gərginlik içərisində saxladı. MB rəsmi mövqeyi bundan ibarət idi ki, ölkədə bankların sayının azaldılması istiqamətində “islahatları” dərinləşdirmək lazımdır. Əslində isə, məqsəd ölkədə bank kapitalının təmərküzləşməsi və mərkəzləşdirilməsinə nail olmaqdan ibarətdir. Düzdür, MB-ın ölkədə bank institutlarının sayının azaldılmasına proyeksiyalanmış bu siyasət konkret nəticəyə səbəb olmadı. Amma proqnozlaşdıra bilərəm ki, növbəti ildə təxminən 10-15 bankın bağlanması hadisəsi ilə qarşılaşmalı olacağıq.

Xarici borclarımızı bir az da artdı. Əgər 2012-ci ilə qədər ölkəmizin beynəlxalq maliyyə qurumlarından aldığı kreditlərin səviyyəsi 7,2 milyard dollar idisə, bu il bu rəqəm nəinki azalıb, əksinə bir az da artıb. Yəni, 2012-ci ildə xarici borc üçün 1,47 milyard manatlıq kredit sazişi imzalanmışdısa, 2013-cü ildə bu rəqəm 1,3 milyard manat təşkil edib. Demək, bizim xarici borcumuz faktiki olaraq 8,5 milyard dolları da keçdi. Halbuki, belə sürətli borclanmaya girən Azərbaycan eyni zamanda kreditor funksiyasını da yerinə yetirməkdədir. Belə ki, Azərbaycan bu il  təkcə Serbiyada yol çəkilişi üçün 15 illiyə 4 faizdən 300 milyon kredit ayırıb. Bundan öncə də, Belarusa 300 milyon dollar verilmişdi. Gürcüstana Bakı-Axalkalaki-Qars dəmiryolu üçün 200 milyon dollar olmaqla 25 illik ili 1%-lə kredit ayrılmışdı. İndi özümüz daha bahalı faizlə kreditlərə girməli olmuşuq. Beynəlxalq maliyyə qurumları ilə belə əməkdaşlıq olduqca vacibdir, amma ağır şərtlər altında kredit sazişləri və sürətli borclanma gələcək təhlükələrdən xəbər verir.

Azərbaycan bu ildə DTT-a (Dünya Ticarət Təşkilatı)üzv ola bilmədi. 15 il bundan öncə Azərbaycan DTT-a üzv olması üçün ərizə ilə müraciət etmişdi. Amma bizdən xeyli sonralar nəinki müraciət edən digər inkişaf etmiş ölkələr, MDB məkanında əksər ölkələr bu təşkilata üzv oldular. Hətta MDB-nin müəllifi hesab olunan Rusiya belə 2011-ci ilin iyununda DTT-a üzv oldu. Dünya ticarətinin 95%-ni təşkil edən DTT kimi nəhəng ticarət sistemindən kənarda qalmaq olduqca ölkəmiz üçün dumanlı perspektiv vəd edir. Çünki ticarətin şəffaflaşması və liberal ticarət proseduralarının tətbiqi baxımından olduqca vacib missiyaya malik olan ticari birliyə inteqrasiya olunmamaq ölkədə iqtisadi islahatların hansı səviyyədə olmasından xəbər verir. Məmurların biznesdə birbaşa maraqları imkan vermir ki, bu sahədə vahid rüsum sisteminin tətbiqi və digər islahatlar həyata keçirilsin. Ona görə, ölkəmizin hər vəchlə DTT-a üzv olmasını əngəlləyirlər. Ən əsası odur ki, DTT-a üzvlük üçün bizim hökumətdə siyasi iradə görünmür. Ona görə, sadəcə DTT-ı ilə müxtəlif raundlar keçirilməklə prosesi ertələyirlər. Sanki, bütün bu danışıqlar imitasiya üçün imiş.

“Beynəlxalq Vergi Şəbəkəsi”nin 48 milyardlıq hesabatı ilin ən çox müzakirə olunan iqtisadi hadisəsi oldu. Belə ki, İngiltərənin məşhur mərkəzlərindən olan  “Beynəlxalq Vergi Şəbəkəsi” təşkilatı maraqlı bir hesabatla çıxış etdi. Həmin hesabatda qeyd olunurdu ki, postsovet respublikalarından kütləvi olaraq ofşor zonalara küllü miqdarda vəsaitlər çıxarılır. Orta Asiya respublikaları da daxil olmaqla, Azərbaycan ən çox vəsait çıxaran ölkələr sırasında idi.

Belə ki, bu təşkilatın hesabatında qeyd olunur ki, 2003-2010-cu illər ərzində Azərbaycandan ofşor zonalara 48 milyard dollar həcmində vəsaitlər çıxarılmışdır. Halbuki, belə iri investisiya ilə ölkəmizdə 100 minlərlə real  iş yerləri açmaq olardı. Bu da məşğulluğun təmin olunmasında olduqca vacib məbləğ demək  olardı. Bu vəsaitin özü ölkədə həm böyük korrupsiya sisteminin olmasını ortaya çıxardı, həm də ölkəmizin investisiya üçün bir o qədər də cəlbedici məkan olmadığını ortaya qoymuş oldu.

Ötən il hökumətin BP-yə bir ay ərzində həm savaş açması, həm də barışması kimi “sabitqədəmliyi”  ilə  yaddaşlarda qaldı.  BP-i sadəcə neft istehsalı və hasilatı ilə məşğul olan transmilli şirkət deyildir. O, həm də günəş enerjisinin istehsalı ilə məşğul olan, dünyanın müxtəlif ölkələrində 75 min nəfərdən çox işçini öz ətrafında birləşdirən, 380 milyardlıq illik dövriyyəyə malik olan “dövlət içində dövlət”ə bənzər bir korporasiyadır. Sanki, dövlət içində 2 “dövlət” savaş vəziyyətindədir. Bizim hökumət BP-ni neft hasilatını aşağı salmaqda və beləliklə, ölkəmizə 8 milyard dollar həcmində zərər vurmaqda ittiham etdi, sonra bir ay ərzində BP rəhbərliyi hasilatın artıracağı ilə vədindən sonra BP “yaxşı oğlan” elan olundu. Nəzəri baxımdan optimist olub hesab edək ki, BP hasilatı artıracaq. Amma heç 8 milyard dolların taleyi ilə bağlı məsələ müzakirə predmeti olmadı axı...

 

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat