Xeyriyyəçilərə dəstək, yoxsa vergi oyunu?..

Səadət Cahangir, 11/01/12

Keçən ilin yekunlarına görə dünyanın ən zəngin adamlarının ənənəvi siyahısı açıqlanıb. Bu dəfə mötəbər siyahıya meksikalı Karlos Slim başçılıq edir. Şanslı Karlosun var-dövlətinin məbləği 75 milyard dollardır. Ümumilikdə, bu qiymətləndirmədən alınan nəticəyə görə, ötən il dünyanın ən zəngin 100 adamı sərvətini 241 milyard dollar artırıb və bu məbləğ 1,9 trilyon dollara çatıb. Hesablamalar göstərir ki, ən çox gəlir götürən sahibkarlar telekommunikasiya sahəsində çalışanlar və pərakəndə satışla məşğul olanlardır.

Məşhur amerikalı milyarder Bill Geyts də zənginlər siyahısındakı mötəbər yerini başqasına “güzəştə getməyib”. O, 63 milyard dollarlıq sərvəti ilə ikinci yerdədir. Öz sərvətini artıraraq birinci üçlüyə daxil olan 76 yaşlı ispan Amansio Orteqa ötən il sərvətini 22,2 milyard dollar artıraraq 57,5 milyarda çatdırıb.

Təbii, söhbət dünyanın ən zəngin adamlarından gedirsə, həm də böyük məbləğdə xeyriyyəçilik və vergi pullarından gedir. Dünyanın bu aparıcı şirkətlərinin təmsil etdikləri ölkələrin xəzinəsinə ödədiyi vergi və xərclədiyi ianə vəsaitlərinin məbləği milyonlarla ölçülür. Bəzən məcburi vergi ödəmələri narazılıq doğursa belə, heç bir milyarder mövcud qanunları pozaraq kənar addım atmağı xəyalından keçirmir.

Bu zənginlər siyahı dünya mediasında yayıldığı ərəfədə Azərbaycan Milli Məclisinin deputatı Musa Quliyevin bir  açıqlamasını oxudum. MM-nin Sosial Siyasət Komitəsinin sədr müavini 2013-cü ilin yaz sessiyası ərzində təmsil olunduğu komitədə xeyriyyəçilik və sponsorluqla bağlı yeni qanun layihəsi hazırlamaq istədiklərini bildirib. Layihə qanunda xeyriyyəçi təşkilatlara, sponsorlara vergi güzəştləri tətbiq etmək, onların donorluq fəaliyyətini  stimullaşdırmaq məqsədi güdür. Deputat bildirib ki, bu qanunun qəbul olunmasında ən böyük çətinlik yarada biləcək məsələ vergi güzəştlərinin tətbiqi ilə bağlıdır. Onun sözlərinə görə, bu qanun mədəniyyət, sosial və humanitar layihələr üçün nəzərdə tutula bilər.

Kənardan çox çəkici görünən bir layihədir, deyilmi? Mən sovetlər zamanında Gürcüstanda belə bir vergi güzəşti olduğunu oxumuşdum. Amma baxaq görək, Azərbaycan gerçəkliyində bu məsələ nə dərəcədə özünü doğrulda bilər? Demək olar ki, qanuni zənginlərin olmadığı, böyük pulların əsas etibarı ilə korrupsionerlərin və inhisarçıların əlində cəmləşdiyi bir mühitdə bu, özünü necə doğrulda bilər?  Kim təminat verə bilər ki, belə bir ölkədə bu qanun vergidən yayınma hallarına yol açacaq “əlverişli” bir vasitəyə çevrilməyəcək?..

Axı bütün bənzər ölkələrin təcrübəsi qeyri-qanuni yolla varlanmış şəxslərin məhz çaşdırıcı qanunlardan yararlanaraq böyük məbləğdə vergidən yayındığını göstərir. Amma ortaya belə hallar çıxdıqda belə, təhqiqat orqanları qanun pozucularının nəzarətində olduğuna görə, üzə çıxarılan faktları sübuta yetirmək müşkülə çevrilir. “Qanun keşikçiləri” hansı yolla olursa-olsun onlara haqq verəcək bir yalan tapıb çıxarır ortaya...

Şübhəsiz, müasir dünyada xeyriyyəçilik cəmiyyətin inkişaf və dəyişməsinə yol açan xeyirxah bir əməl kimi zərurətə çevrilir. Bu humanist iş bəşəriyyətə elə gözəl dəyərlər qazandırır ki, bir sahibkar Amerikada qazandığı milyardları Afrikada aclıq çəkən uşaqlara xərcləməyi özünə bir insanlıq borcu sayır. Yaxud Yaponiyanın mərkəzi şəhərində yaşayan bir müəllim üçün Türkiyədə zəlzələdən zərər çəkən insanlara yardım etmək, səfər etdiyi o bölgədə həlak olmaq belə bəşəri bir dəyər anlamına gəlir.

Bəli, insanlığa, humanizmə xidmət edən, insanların həyatını dəyişən hər cür xeyriyyəçilik gözəldir. Amma xeyriyyəçiliyi oğurluq, korrupsiya və qarət üçün bir alətə çevirmək ikrahedicidir. Belə “xeyriyyəçilik” cəmiyyətə də, insanlığa da böyük zərər vura bilər...

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat