ARDNF-nin investisiya strategiyası: Yeni korreksiyalar

Məhəmməd Talıblı, 21/1/13

Dövlət Neft Fondu aktivlərinin idarə edilməsi ilə bağlı daha çevik investisiya siyasəti həyata keçirməyə start vermişdir. Yəni, bu dəyişikliklərdən sonra fondun vəsaitləri ənənəvi (müxtəlif valyuta səbətlərində) istiqamətlərlə yanaşı səhmlərə, daşınmaz əmlaka və qızıla da yatırıla biləcək. Bu sırada xüsusilə Türkiyə və Rusiyada daşınmaz əmlakın alınması nəzərdə tutulurdu. Əslində, edilən bu dəyişikliklər dünyadakı bazar konyukturasında baş verən dəyişikliklərlə bağlı olmuşdur. Dəyişikliklər baş verməyənə qədər fondun əsas məqsədi fondun aktivlərinin aşağı risk və aşağı qiymət dəyişkənliyi şəraitində idarə edilməsi və buna adekvat şəkildə az gəlirliliyə nail olmaq idi. Daha doğrusu, dəyişikliklər baş verməyənə qədər Fond investisiya siyasətində konservativ siyasət yürüdürdüsə, son 2 ilə yaxın müddətdə isə investisiya strategiyasında müəyyən korreksiyalar etməyə başladı. Halbuki, ARDNF-nin fəaliyyətini tənzimləyən qanunvericilik son 10 ildə ciddi dəyişikliyə məruz qalmamışdı. Çünki həmin vaxta qədər ARDNF-nin investisiya portfeli ilə bağlı  konservativ siyasəti qlobal maliyyə bazarlarında baş verən dəyişikliklərə adekvat deyildi. 2008-ci ildə başlayan qlobal iqtisadi böhrandan sonra ABŞ-da və Avropa ölkələrində daşınmaz əmlakın qiyməti xeyli aşağı düşmüşdü. Bundan istifadə edən ARDNF tipli bir sıra xarici suveren rifah fondları daşınmaz əmlaka sərmayə qoymağa başlamışdılar. Çünki bu, birmənalı olaraq bilinirdi ki, bir neçə ilə daşınmaz əmlakın qiyməti yenidən bahalaşacaq və onlar aradakı qiymət fərqindən xeyli vəsait qazanacaqlar. Əslində, xarici ölkələrdə əmlakların alınmasının obyektiv zərurəti də vardır. Yəni, fondun aktivlərindən əldə olunan gəlirlər bir çox hallarda simvolik xarakter daşıyır. Yəni, aşağı səviyyəli gəlirlərdir. Belə ki, 2012-ci ilin yanvar-sentyabr ayları ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 9 636,0 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 9 625,7 milyon manat, tranzit gəlirləri 5,7 milyon manat, bonus ödənişləri 1,6 milyon manat, akrhesabı ödənişlər 2,8 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,2 milyon manat təşkil etmişdir. Əvvəlki illərdə də fondun gəlirlərinin ili-ildən azalması bir fakta çevrilmişdir. Belə ki, 2006-cı ildə 4,2%, 2007-də 4.5%, 2008-də 3,8%, 2009-da 3,3%, 2010-da 1%, 2011-də 0,83% olmuşdur. Hətta son 3 ildə illik gəlirlilik səviyyəsi 1%- keçməyib. Bu olduqca düşündürücü məqamdır. Bu isə ondan xəbər verir ki, belə inersiya ilə gəlirlilik səviyyəsinin artması sürətlə artan aktivlərin idarəetməsini çətinləşdirir.

Ona görə, daha effektiv investisiya siyasəti həyata keçirilməlidir ki, bu sonda aktivlərin həm artmasını, həm də onların idarə edilməsini optimallaşdıra bilsin. Fondun aktivlərinin artması fonunda illik gəlirlilik səviyyəsinin aşağı həddə olması perspektiv baxımından uğurlu yanaşma deyil. Ona görə, fondun investisiya strategiyasında edilən dəyişikliklər illik gəlirlilik baxımından daha yüksək faizlə ölçülə bilən olmalıdır.

 

Qanunvericiliyə edilən dəyişikliklər

Azərbaycan Respublikası Dövlət Neft Fonduna(ARDNF) neft-qaz gəlirlərindən əldə olunmuş gəlirlərin idarə edilməsi ilə bağlı hökumət müəyyən bir siyasətə sahibdir. Həmin investisiya strategiyasının hüquqi əsasları ölkə prezidentinin 2001-ci il 19 iyun tarixli, 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydaları”ı ilə tənzimlənir. Lakin həmin qaydalarda son illər bəzi dəyişikliklər baş vermişdir. Belə ki, ölkə prezidentinin 27 və 28 oktyabr 2011-ci il tarixlərində imzaladığı iki ayrı fərmanla “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə və “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydaları”na bəzi dəyişikliklər edilmişdir. Burada investisiya aktivlərinin yerləşdirilməsi ilə bağlı da məhdudiyyətlər çərçivəsi müəyyənləşdirilmişdir. Belə ki, xarici idarəetməyə verilən aktivlərin ümumi çəkisi investisiya portfelinin məcmu dəyərinin 60%-dən artıq və bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 15%-dən artıq ola bilməz. Əsas dəyişiklik kimi fondun bundan sonra qızıl və daşınmaz əmlak alınması ilə bağlı dəyişiklikdir. Yəni, bundan sonra Neft Fondu artıq gələn ildən etibarən qızıl və daşınmaz əmlak aktivlərinə vəsait yatırmağa başlayacaq. İnvestisiya portfelinin məcmu dəyərinin minimum 85%-i borc öhdəlikləri və pul bazarı alətlərinə, 5%-i səhmlərə, 5%-i daşınmaz əmlaka və 5%-i qızıla yatırılmalıdır. Yəni, bu dəyişikliklərdən sonra fond qızıl və daşınmaz əmlak ala biləcək. Bu tələbi ARDNF-nin indiki toplam aktivlərinə nisbətdə götürəndə məlum olacaq ki, ARDNF hələ 2 mlrd. dollara qədər daşınmaz əmlak ala bilər.

 

Fond daşınmaz əmlaklar alıb və alacaq

Fond dünyadakı monetar tendensiyaları əsas tutaraq həmin tarixdən etibarən ölkədə daşınmaz əmlak almağa başlamışdır. 19 oktyabr 2012-ci il tarixində ARDNF Rusiyanın ən böyük banklarından biri olan “Qazprombank”a 3 mlrd. rubl (təxminən 100 milyon ABŞ dolları) dəyərində qısamüddətli depozit yerləşdirərək bu valyutada ilkin investisiyalarına başlamışdır. Daha sonra isə müxtəlif ölkələrdə daşınmaz əmlaklar almışdır. Bunlar coğrafi baxımdan Böyük Britaniya, Fransa və Rusiyanı əhatə edir. Həmin əmlaklar haqqında qısaca xatırlatma:

1. Londonun West End istiqamətində və 177, 350  milyon funt-sterlinq dəyərində olan mülk

2. Parisdə, Vandom meydanı 8-də yerləşən 135 milyon avro dəyərində olan daşınmaz əmlak

3. Moskvada, Tverskaya 16 ünvanında olan dəyəri 133 milyon dollar ofis-ticarət mərkəzləri

Ümumilikdə, bu əmlakların alınmasına sərf olunan vəsaitin ABŞ dolları ilə ifadə edəndə onu 580 mln. dollar olduğu aşkarlanar.  Bu isə dəyişiklərin tələbinə görə, alınacaq daşınmaz əmlakın təxminən 25%-i həddindədir.

(ardı var)

 

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat