ARDNF-nin investisiya strategiyası: Yeni korreksiyalar (II hissə)

Məhəmməd Talıblı, 28/1/13

Sorğu, izahat və tövsiyə

Fondun son aylarda xarici ölkələrdə əmlakların alınması ilə bağlı müxtəlif rəylər və mülahizələr yaranmaqdadır. Bəzi mənbələr bu əmlakların real qiymətləndirməsi ilə bağlı xeyli şübhələr yaradır. Çünki, bu məlumatlar eyni zamanda ölkə vətəndaşlarını və ekspert qruplarını da narahat etməkdədir. Belə ki, alınan daşınmaz əmlakın qiymətləndirilməsi üzrə konsaltinq şirkətləri fərqli rəylər açıqlayırlar. Konkret olaraq Moskvada Tverskaya 16 ünvanında olan dəyəri 133 milyon dollar ofis-ticarət mərkəzləri ilə bağlı “Colliers İnternational” şirkəti açıqlama yayıb ki, bu ötən ilin aprel ayından satışa çıxarılan və 100 mln. dollar səviyyəsində qiymətləndirdiyi binanın alınması ilə bağlı heç bir şirkət danışıq aparmayıb və onunla maraqlanmayıb. Yeri gəlmişkən, bu şirkət çox nüfuzlu və yüksək reputasiyaya malik şirkət olmaqla, dünyanın 62 ölkəsində 522 şöbəsi var. Moskvada alınmış bu əmlakın ümumi sahəsi 18, 075 kv. metr olmaqla illik icarə haqqı 9,6 mln.dollar həcmində qiymətləndirilir. Bununla bərabər, Fransada alınan 1712-ci ildə klassik fransız barokko üslubunda tikilmiş bina Kral XIV Luinin şərəfinə inşa edilmiş məşhur Vandom meydanının bir hissəsi olmaqla, binanın ümumi sahəsi 5400 kv. metr təşkil edir. Ticarət və yaşayış sahəsi olan daşınmaz əmlak müxtəlif maliyyə və hüquq xidməti şirkətlərinə ofis icarəsinə verilib. Amma oradan da nə qədər gəlir əldə ediləcəyi haqqında heç bir açıqlama yoxdur. Bu kimi fərqli rəylər və qiymətləndirmələrlə bağlı müxtəlif fikirlər səsləndirmək olar. Əslində Neft Fondunun aldığı daşınmaz əmlaklardan əldə olunan gəlirlər, onların real bazar qiymətləri, alınmış mülklərin hüquqi öhdəlikləri ilə bağlı məlumatlar və s. haqqında açıqlamalarına böyük ehtiyac var. Çünki, bu sahədə nəinki cəmiyyətdə, hətta bu sahəyə aid olan ekspertlərdə yetərincə məlumatlar yoxdur. NF-u tərəfindən belə açıqlamaların olmaması cəmiyyətdə dezinformasiyaların yayılmasına və müxtəlif şayiələrin meydana çıxmasına səbəb olub. Məlumdur ki, real məlumatlar və açıqlamalar olmadıqca, onların yerini dezinformasiyalar və şayiələr doldurmağa başlayır. Ona görə, hesab edirəm ki, NF-u bəzi sorğulara aydınlıq gətirməlidirlər. Məsələn:

- Alınmış əmlaklarla bağlı hansı nüfuzlu şirkətlərin qiymətləndirmələri var?

- Alınmış binanın illik gəlirinin ilkin qiymətləndirməsi haqqında hansı hesablamalar var?

- Alınmış binanın hər hansı bir kreditor təşkilatlarda girovluğu və ya onun hər hansı bir subyekt qarşısında öhdəliyi varmı?

- və s.

Eyni zamanda, fondun investisiya siyasəti ilə bağlı son dəyişikliklər zamanı bəzi tövsiyələri nəzərə almaq məqsədəuyğun olardı:

-  Alınacaq daşınmaz əmlakların və ya qiymətli kağızların risk həddini düzgün müəyyən etməklə, bu istiqamətdə dünyanın nüfuzlu təşkilatlarının reytinq cədvəli və qiymətləndirmə indikatorlarından yararlansın.

-  Daşınmaz əmlakın alınması ilə bağlı konkret olaraq  əvvəlcədən məhdud(məlum) coğrafi ərazi və ya inkişaf səviyyəsinə görə ölkələr seçilməsin, bu zaman inkişaf etməkdə olan ölkələrdə də analoji əmlakların alınması istisna olunmasın.

İstənilən halda ictimaiyyət qarşısında fondun öz addımlarını əsaslandırması həm cəmiyyətdə  NF-nun şəffaf  idarəçiliyi baxımından, həm də suveren fondlar haqqında öhdəlikləri  baxımından çox vacibdir. Çünki, NF-nin da sahib çıxdığı Suveren Fondlarla bağlı “Santyaqo prinsipləri” ümumi qəbul olunmuş prinsip və normalar üzrə Qiymətləndirmə (may, 2012) sənədində qeyd olunur ki, Suveren Fondların investisiya siyasətinin məzmunu ictimaiyyətə açıqlanmalıdır. Yəni, fond investisiya siyasəti ilə bağlı atdığı hər bir addım haqqında ictimaiyyəti məlumatlandırmalıdır. Ona görə, NF  öz nüfuzu və şəffaf idarəçiliyi baxımından çoxlu sayda suallara aydınlıq gətirmək üçün cəmiyyətə öz mövqeyini ifadə edən izahat versə, yaxşı olar. Çünki, fondun daşınmaz əmlakla yanaşı, qızıl da investisiya yatırmaq siyasəti var. Hər iki sahəyə edilən investisiyanın şəffaflığı baxımından geniş izahat və əsaslandırmaya ciddi ehtiyac var.

 

Qızılın alınması nə vəd edir?

NF qanunvericilikdə etdiyi investisiya siyasəti ilə bağlı qızıl almağa da başlayıb. Halbuki, əvvəlki qanunvericilik fondun qızıl və ya daşınmaz əmlak almağı qadağan edirdi. Son dəyişikliklərdən sonra fond dünyada qızıla tələbin artması üçün onun alınmasına start verib.

Əslində, dünyada qızılın alınmasına olduqca böyük maraq yaranmışdır. BVF və Rusiya bu alışda ön sıralarda yer alır. Bu marağın yaranması dünyada qızıla tələbin artması fonunda baş verir. Nəzərə alsaq ki, 2008-ci ildə qızılın unsiyası 800 dollar idisə, 2010-da 1400 dollar olub. 2013-cü ildə isə bu rəqəm 2000 dolları keçə bilər. Dünyadakı bu tendensiya qızılın alınmasının əsas səbəblərindəndir. Ona görə də, NF qızılın alınmasına dair qərar vermişdir. Belə ki, 2012-ci ilin birinci rübündən etibarən Neft Fondu qızılın alınmasına başlayıb və 1 oktyabr 2012-ci il tarixinə qızılın miqdarı 10 ton 891 kq (350 146 troy unsiya) təşkil etmişdir. Daha sonrakı aylarda isə yəni, artıq 2012-ci ilin sonuna qədər NF-da 15 (14, 934 kq) tona yaxın qızıl və 34 milyard(33,895 mlrd.) dollar həcmində investisiya toplanmışdır. Nəinki, NF-da, hətta ölkəmizin valyuta ehtiyatlarında belə 2010-cu ilədək qızıl olmayıb. Halbuki, dünyanın inkişaf etmiş ölkələrində valyuta ehtiyatlarının tərkibində qızılın payı 60-70% həddində olur. Əvvəlki illərə istinad etsək, görərik ki, hələ müstəqilliyin ilk illərində Azərbaycanda belə bir fond təsis edilmişdir. Yəni, 1992-93-cü illərdə hakimiyyətdə olan qüvvələr tərəfindən Ləl-Cəvahirət Fondu yaranmışdı. Amma sonradan belə bir fond ləğv edildi və indiyə qədər də analoji fond yaranmayıb. Düzdür, son 2 ildə Maliyyə Nazirliyinin tərkibində Qızıl Ehtiyat Fondunun yaradılmasına cəhdlər edilsə də, çox təəssüf ki, hələ bu baş tutmayıb. NF-nun isə xaricdən aldığı qızıl külçələr məhz fondun yeni inzibati binasından köçəndən sonra həmin binanın anbarında saxlanılacaq. Eyni zamanda, qızılın alınması həm də o baxımdan vacibdir ki, ölkəmiz demək olar ki, qızılın istehlakının hamısını idxal hesabına təmin edir.

 

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat