“Məmləkətin dayağı ədalətdir hər zaman!..”

Səadət Cahangir, 2/2/13

Klassik filosoflar Con Lokk və Deyvid Yumun əsərlərində belə bir fikir parlaq xətlə keçir: “Biz hökuməti yaradırıq ki, yaşam və tərəqqi arxasınca qaçdıqca, öz həyatımızdan, azadlığımızdan və mülkiyyətimizdən arxayın olaq”. İnsan azadlığını bəşəriyyətin təməl prinsipi olaraq qəbul edən  baxışlarda da hökumətin rolunun əsas anlamda insan hüquqlarının qorunmasından ibarət olduğu göstərilir. “Lakin bu, kifayət qədər ciddi vəzifədir və onun öhdəsindən gələn hökumət bizim hörmət və alqışlarımıza layiqdir. Bununla belə, hüquqların qorunması xoşbəxtlik axtarışının minimal şərtidir...” (Deyvid Boaz)

Şübhəsiz, insanın rahat, xoşbəxt və sakit yaşaması üçün bu, ən önəmli şərtlərdən biridir. Bəşər cəmiyyətinin yeni yarandığı və bugünkü müasir səviyyəyə qədər inkişaf etdiyi bir vaxtda da həmin məsələ eyni dərəcədə aktual olaraq qalır. Dünyanın ən qabaqcıl fikir adamları öz əsərlərində “cavabdeh hökumət” anlayışını boş yerə dönə-dönə vurğulamırdılar. Çünki insanlıq yarandığı zamandan bəri adil başçı, ədalətli rəhbər və məsuliyyətli hökumət problemlərinin əzabını yaşayır. Axı yüz illər boyu vulkan kimi qaynayan üsyanların, xalq etirazlarının, kütləvi itaətsizliklərin kökündə məhz bu məsələ dayanıb.

Bu gün dünyanın mənzərəsində totalitar parçalara nəzər saldığımız zaman, idarəçilik, rəhbərlik və hakimiyyət anlayışının necə böyük önəm daşıdığına bir daha əmin oluruq. Bir sistemi yönəltmək üçün hakimiyyət sükanının arxasına keçən rəhbərin illərcə o sükanı buraxmaması  hansı  fəlakətlərə aparıb çıxara bilər? Uzun illərin “istismarından” köhnələn, bu müddətdə mexanizmləri boşalıb tökülən idarəetmə maşını bir toplum üçün hansı qəzalara səbəb ola bilər? Həmin fəlakətlərin acı nəticələrini bu gün biz özümüz də yaşamırıqmı? Axı tarix boyu sübut olunmuşdur ki, belə bir “sistem izolyasiya olunmuş, mənəviyyatsız, heç bir imkana malik olmayan, ikiüzlülüyə və yalançılığa vərdiş etmiş, həyasız fərdlər yaradır” (Ernest Geliner).

Məhz həmin “həyasız fərdlər”in özünə nəzarəti itirməsi, hökmranlıq havasına uyması sonda cəmiyyətin çoxluq təşkil edən təbəqələri ilə ciddi toqquşmalara səbəb olur. Bu ağalıq, “mənəmlik”  iddiası nə qədər uzun sürsə də, nəhayət, gündəlik əməyi müqabilində qazandığı məvaciblə yaşayan çoxluğu hövsələdən çıxarır. Qəzəbi partlayan insanlar bir gün haqlı olaraq “bütün həyatımız səhərdən-axşama nökər kimi çalışmaqla keçdiyi halda, nədən bu müftəxorlardan çox aşağı səviyyədə yaşayırıq?” deyə hesab sormaq qərarına gəlir. Və o hesab sorulduğu gün, heç şübhəsiz, həmin müftəxorların “qiyamət günü” olacaq...

Bundan başqa, yaşadığımız cəmiyyət ayrı-ayrı fərdlərin planlı fəaliyyətinin nəticəsi deyil, çoxlu insan hərəkatlarının məhsuludur. Yəni, cəmiyyət inkişaf etdikcə və insanlar gözəl həyat naminə bir-biri qarşısında daha böyük öhdəliklər götürdükcə, həm də bir-birinə daha çox ehtiyac duymağa başlayır. İnsanların qəbul etdiyi bu öhdəliklər sırasında həm könüllü, həm də zəruri olanları var. Amma  onlar elə sazişlərdir ki, qəbul etdikdən sonra o hüquqi və mənəvi öhdəliklərə əməl etmək məcburiyyəti yaranır.

Bütün bunlar insanların sakit, firavan və hüquqi  cəmiyyətdə yaşamaq arzusuna xidmət edir. Bir sözlə, nə olur-olsun, istənilən cəmiyyətin xoşbəxtliyinin əsasında ədalət və hüququn aliliyi dayanır. Bu həqiqəti böyük Azərbaycan şairi Nizaminin fəlsəfi diliylə belə ifadə edə bilərik:

Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,

Yer üzünün fatehi ədalətdir, ədalət!..

Məmləkətin dayağı ədalətdir hər zaman,

Ədalətlə nəsibin səadətdir hər zaman!

 

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat