Kölgə iqtisadiyyatının böhran “üstünlükləri” (I hissə)

Məhəmməd Talıblı, 3/6/13

Ölkələrin inkişafı və əhalinin rifahı üçün yaxşı qanunlar, ağır olmayan vergilər və sülh əsas şərtdir. Adam Smit

İqtisadiyyatın qeydiyyata alınmayan hissəsini müxtəlif ifadə formalarına tez-tez rast gəlirsiniz. Bunları təsnifat olaraq 2 hissəyə ayıra bilərik: 1) kölgə iqtisadiyyatı, qeyri-leqal iqtisadiyyat, xəlvəti iqtisadiyyat, qeyri-formal iqtisadiyyat. 2) kriminal iqtisadiyyat və ya qara iqtisadiyyat. Amma bu ifadələrin məqsədi - real iqtisadiyyatdan kənar olan müxtəlif yayınmağı özündə ehtiva etsə də, məna yükü baxımından eyni məzmun daşımır. Yəni birinci, təsnifata uyğun olaraq sadalananları qısaca qeyri-qanuni yollarla vergi ödəmələrindən imtina edən,  müxtəlif qanunvericilik tələblərini pozan və s. spekulyasiyalar nəticəsində müxtəlif yollarla gəlirlərinin qeydə alınmasından imtina edilən fəaliyyətdir. Lakin qara və kriminal iqtisadiyyat dediyimiz fəaliyyət növü həmin mal və xidmətlərin mübadiləsini qanunvericiliklə qadağan edir. Məsələn, narkotik-psixotrop maddələrin, qadın ticarətinin, bəzi (ona görə “bəzi” ifadəsi işlədirəm ki, çünki dünyanın ABŞ başda olmaqla bir qisim ölkələrində silahın alqı-satqısı leqal fəaliyyətdir) ölkələrdə silah alqı-satqısı və s.. Ümumilikdə, kölgə iqtisadiyyatına lakonik tərifi ABŞ-ın iqtisad professoru Feige Edgar verib: “Kölgə iqtisadiyyatı rəsmi hesablanan ÜDM göstəricisinin əhatə etməli olduğu, lakin qeydə alınmayan bütün iqtisadi fəaliyyətdir.” Yəni gəlir əldə edən subyekt (şirkətlər və fiziki şə/xslər) gəlirlərini uçotdan gizlətməklə real iqtisadiyyatın “görünməyən” hissəsində fəaliyyət göstərirlər. Təbii ki, subyektləri gizli fəaliyyətə təhrik edən amillər olduğu üçün onlar belə əməllərə təhrik olunurlar. Belə təhrik mexanizmini 2 amillə izah etmək mümkündür: Fiskal və məmur patronajlığı amili. Fiskal amil dedikdə, ölkədə sərt vergi sisteminin, yüksək vergi dərəcələrinin mövcud olması və büdcə daxilolmalarında vergi ödəyicilərinin çiyinlərinə ağırlığın qoyulması. Belə ağır şərtlər altında o daha çox qanuni vergi ödəməkdənsə, vergidən yayınmağı və bunun əvəzində “korrupsiya” vergisini ödəməyi daha üstün tutur. İkincisi, məmur patronajlığı dedikdə isə,  qanunvericiliklə bizneslə məşğul olması qadağan olunan məmur korpusunun biznesdə başqa şəxsi irəli verərək öz maraqlarından çıxış etməsi başa düşülməlidir. Bu zaman həmin məmurlar sonda de-fakto özünə, de-yure başqasına aid olan şirkətin dövlət büdcəsinə ödəməli olduğu maliyyə ödənişlərini öz səlahiyyətindən istifadə edərək ödəməkdən imtina edir və ya həmin şirkətin bazarda inhisar mövqeyinin möhkəmlənməsini təmin edir. Dolayısıyla, dövlət büdcəsinə ödənməli və fəaliyyəti qeydiyyata alınmalı olan şirkət real iqtisadiyyata heç bir töhfə vermir.

Kölgə iqtisadiyyatının çiçəklənməsi əsasən keçid dövrü yaşayan və resurslarla zəngin ölkələrə aiddir. Artıq uzun illərdir ki, kölgə iqtisadiyyatının kiçilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Lakin çoxsaylı cəhdlərə baxmayaraq bu sahədə nəinki ciddi irəliləyişlərdən danışmaq olmaz, əksinə, bu istiqamətdə geriləmələri müşahidə etmək mümkündür.

Dünyada və dünya ölkələrində kölgə iqtisadiyyatı

Dünya Bankı ənənəvi olaraq həm qlobal miqyasda, həm də ölkələr üzrə ayrı-ayrılıqda kölgə iqtisadiyyatına dair hesabatlar hazırlayırlar. 151 ölkəni əhatə edən və 1999-2007-ci illər üzrə tədqiqat nəticələrinə görə, dünyada kölgə iqtisadiyyatının payı 35,5% təşkil edir.  Müqayisə üçün qeyd edək ki, 1999-cu ildə bu rəqəm 32,9% olmuşdur. Həmin  ilin göstəricilərinə görə, ən yaxşı göstəriciyə malik ölkələr kimi İsveçi(8,6%), ABŞ-ı(8.8%), Avstriyanı(9,8%) və Lüksemburqu(9,9%) göstərmək olar. Postsovet məkanında isə vəziyyət acınacaqlı olub. Hətta Pribaltika respublikalarında, o cümlədən Latviyada 39,6%-dən(1999)  44,3%-ə(2007)  yüksəlib. Yenə həmin illər  ərzinə iqtisadiyyatın xüsusi çəkisi Rusiyada 48,6%, Ukraynada 54,9%, Azərbaycanda isə 63,3% olub.

Müxtəlif tədqiqat institutlarının hesablamalarına görə, hazırda dünya üzrə kölgə iqtisadiyyatının xüsusi çəkisi 9-18% arasında dəyişir. Bu əvvəlki illərə nisbətən yaxşı göstəricidir.

Lakin inkişaf səviyyəsinə görə ölkələri təsnifləndirdikdə məlum olur ki, inkişaf etmiş ölkələrdə(İEÖ) vəziyyət inkişaf etməkdə olan ölkələrə(İEOÖ) nisbətən daha yaxşıdır. Belə ki, İEÖ –də kölgə iqtisadiyyatının dəyişmə nisbəti 4-13% arasında olmaqla ortalama 10% həddində götürülür. Deyək ki, keçmiş sovet respublikalarında Şərqi Avropanın keçmiş sovet ittifaqına aid olan ölkələrində bu rəqəm 35% təşkil edir.

Hər hansı ölkənin kölgə iqtisadiyyatının hansı səviyyədə olmasını göstərən amil onun hansı təhlükəli həddə yaxın olmasıdır. Belə ki, normalara görə ölkənin kölgə iqtisadiyyatının payı ÜDM-nin 20%-dən yüksəkdirsə, bu artıq təhlükəli hal sayılır. Yox, əgər bu rəqəm 20%-in altındadırsa, o zaman bunu kritik hədd hesab etmək olmaz.

Sən demə, kölgə iqtisadiyyatının fenomenal üstünlükləri də var imiş. Belə bir qənaətə “Deutsche Bank”ın mütəxəssisləri gəlmişlər. Bank mütəxəssisləri hesab edirlər ki, kölgə iqtisadiyyatının daha çox geniş yayıldığı ölkələr 2008-2009-cu illərdə baş verən böhranlardan daha az zərər görmüşlər. Bu zaman ”kölgə iqtisadiyyatının” həcmi ÜDM-dən kifayət qədər böyük olmalıdır. Onlar buna nümunə olaraq Yunanıstanı göstərirlər. Yəni Yunanıstanın xarici borcu və büdcə kəsirinin çox olmasına baxmayaraq, 2010-cu ildə cəmi 1% azalma qeydə alınacaq. Avropada isə bu göstərici 4 % həddində olacaq. Avstriyalı iqtisad professoru Fridrix Şnayder hesab edir ki, “kölgə iqtisadiyyatı” böhrana qarşı ən yaxşı müdafiə vasitəsidir. Çünki insanlar qanuni qaydada qazanmadıqları pulları risk edərək banklara qoymurlar və bu zaman onlar bunu istehlaka daha çox yönəldirlər ki, bu sonda istehlakçı tələbatını artırır. Bu zaman isə həmin çirkli pullardan faydalanan dövrlər olur.

(ardı var)

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat