Hüquqsuz yaşamaq və azadlıq hüququmuz...

Səadət Cahangir, 7/6/13

Biz nədən hüquqlarımız haqqında bu qədər çox danışırıq. Hər halda, anlamaq o qədər də çətin deyil. Gündəlik həyatımız, demək olar ki, əsaslı şəkildə bu prinsip üzərində qurulub və onun pozulması ucbatından hər addımda əziyyət çəkirik. Yaşadığımız mühitdə hamımızın tez-tez rastlaşdığımız bir problemi misal gətirmək istəyirəm. Bugünkü həyatınızı internetsiz necə təsəvvür edə bilərsiniz? İnformasiya alıcılığının şəksiz liderinə çevrilən bu elektron şəbəkə ötən əsrin ən qlobal kəşflərindən sayıla bilər, şübhəsiz. Amma baxaq, yaşadığımız ölkədə bu vazkeçilməz informasiya “dəyirmanından” rahat istifadə edə bilirikmi?

Xidmətlərindən istifadə etdiyimiz şəbəkələr öhdəliklərinə necə əməl edir? Bu mövzu üzərində müzakirə açsaq, böyük çoxluğun narazılıq edəcəyinə əminəm. Bunu həmin problemi öz təcrübəsində təkrar-təkrar yaşamış biri kimi deyirəm. Məhz bu yarıtmaz xidmət keyfiyyəti üzündən şəbəkə provayderini dəfələrlə dəyişmək məcburiyyətində qalmışam. Təbii ki, hər dəfə böyük əsəb, vaxt itkisi və artıq xərc bahasına. Ölkədə bağlanmış hüquqi öhdəliyə kağız parçası kimi baxan bu şəxsləri cəzalandıracaq güvənli bir instansiya varmı? Olsaydı, özlərini bu qədər rahat hiss etməzdilər...

Günümüzdə libertarian ideyalarının fəal tərəfdarı olan amerikan alimi Deyvid Boaz yazırdı:

““Yaşamaq hüququ” və “azadlıq hüququ” eyni anlayışın iki yolla ifadəsidir. Əgər insanlar özlərinə sahibdirsə,  onların öz yaşaması və rifahı üçün lazım olan addımlar atmağa həm hüququ, həm də öhdəlikləri var.”

Bəli, əgər yaşamaq hüququmuz misal gətirdiyim qaydada gündəlik norma kimi pozulursa, hansı azadlıqdan danışa bilərik? Mən bu misalı mətbuat aləmi ilə bağlı olan, informasiya dünyasından asılı biri kimi nümunə gətirdim. Bənzər misalları fərqli sahələrdə çalışan insanlar da gətirə bilər, təbii. Etiraf edək ki, qeyri-demokratik hökumətlər internet, radio, televiziya, elektron poçt və digər kommunikasiya formalarını ifadə edən mətbuat azadlığını ilk növbədə hədəf götürür.  Çünki bu, intellektual azadlığın əsas icra mexanizmi sayılır.  Bir ölkədə mətbuat azadlığına yaradılan əngəllər fikir azadlığının qarşısına sərhəd çəkməkdir . Amma fikir azadlığı da qarşısı alınmaz bir hissdir. Başqa bir insanın beyninə daxil olub, ağlına hökm etmək, onun düşüncələrini tənzimləmək necə mümkün ola bilər?

Danılmaz faktdır ki, informasiya xidməti şəbəkələrinin belə özbaşınalığını cəzalandırmayan hökumətlər ifadə azadlığını qanundan kənar etmiş və bilərəkdən məhdudlaşdırmış olur. Yenə də D. Boazın dediyi kimi “yaşamaq hüququ başqasını kiməsə xidmət göstərməyə məcbur etmək deyil, hər bir şəxsin öz həyatını davam etdirmək və çiçəkləndirmək üçün fəaliyyət göstərmək hüququ deməkdir”. Amma hökumətlərin yaratdığı qanunlar bu yerdə  mütləq “məcburi xidmət” mexanizmini işə salmağa cavabdehdir. Çünki bu, istismarçı bir tələbat deyil, haqqı ödənmiş,  qarşılıqlı öhdəliklə bağlanmış hüquqi müqaviləyə əsaslanır. Bu xidmətin həyata keçirilməsində məqsəd iki tərəfin bir-birinə “yardım göstərmək”, həyatını yüngülləşdirmək və zəruri ehtiyaclarını ödəməkdən başqa bir şey deyil. Məhz bu səbəbdən də, bir tərəfin o biri tərəfi çıxılmaz duruma saldığı məqamda araya mütləq hüquqi mexanizm girməli və lazımı ölçüləri götürməlidir.

Ümumilikdə, hər bir ölkənin azadlıq səviyyəsi həmin ölkədə yaşayan insanların azadlıq səviyyəsi əsasında indeksləşdirilir. Bu ölçü mexanizmi dünya ölkələrini “tam azad”, “azad”, “yarım azad” və “qeyri-azad” olaraq təsnifatlaşdırır. Sizi bilmirəm, mən özümü sonuncu kateqoriya ölkəsində yaşamış kimi hiss edirəm...

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat