Kölgə iqtisadiyyatının böhran “üstünlükləri” (II hissə)

Məhəmməd Talıblı, 11/6/13

Azərbaycanda kölgə iqtisadiyyatı

Azərbaycan iqtisadiyyatı üçün kölgə iqtisadiyyatı olduqca spesifikdir. Əgər ölkənin büdcə daxilolmalarında yayınmalar varsa, vergidən qaçmaq kimi hallar kütləvi hal alıbsa, idxal-ixrac əməliyyatlarında “korrupsiya vergisi” olmadan işlər keçmirsə, biznes sferasında məmur patronajlığı hətta ən yüksək səviyyədə etiraf olunursa, demək ölkədə çox böyük vəsaitlər leqal fəaliyyətdən gizlədilir. Əgər bu gizli əməliyyatlar ictimai vəsaitlərin dövlətin fiskal kanallarına axınına imkan vermirsə, demək gizli iqtisadiyyat çox ağır daş olaraq iqtisadiyyatımızın “ayağından” asılmışdır.  Bu haqda təkcə biz-iqtisadçı ekspertlər, beyin mərkəzləri, tədqiqat qrupları fikirlər söyləmir, hamı danışır. Rəsmi dövlət qurumları yalan rəqəmlərlə gizli iqtisadiyyatın xüsusi çəkisinin ildən-ilə azaldığını qeyd etsə də, beynəlxalq təşkilatlar bununla bağlı fərqli rəydədirlər. 2006-cı ildən başlayaraq Dünya Bankının hesabatlarında Azərbaycanda kölgə iqtisadiyyatı ÜDM-in 60% həcmində qiymətləndirilir. Lakin DSK-nın sədri öz çıxış;nda 2012-ci ildə 9% təşkil etdiyini qeyd edib. Təsəvvür edək, son 6 ildə ölkə iqtisadiyyatında heç bir ciddi iqtisadi islahat aparılmadan, əksinə büdcə xərcləmələrində kütləvi təyinatından kənar xərcləmələr artdığı, korrupsiyanın qavrama indeksinə gör ciddi geriləmələr mövcud olduğu halda, qeyri-leqal iqtisadiyyatın payının necə azaldığını təsəvvür etmək çətindir.

Kölgə iqtisadiyyatının ÜDM-də payının 9% həddində olduğu etiraf edilən il  “Beynəlxalq Şəffaflıq” təşkilatının Korrupsiyanı Qavrama İndeksi adlı hesabatında korrupsiyanın səviyyəsinə görə, Azərbaycan 183 ölkə arasında 143-cü yerdə qərar tuturdu. Bu Cənubi Qafqazda ən sonuncu yer hesab olunur. 2007-ci ildə DSK-nin məlumatına görə, kölgə iqtisadiyyatı ÜDM-in 18-20% həddində olub. Ondan cəmi bir il sonra, yəni 2008-ci ildə birdən-birə bu rəqəm düz iki dəfə azalaraq 9%-ə düşüb. (daha doğrusu düşürülüb) 2009-cu ildə bu rəqəm yerində qalıb.

Çox gülməli haldır ki, DSK-nın sədri kölgə iqtisadiyyatından danışarkən, ölkədə makroiqtisadi kontekstdə maliyyə maxinasiyalarından danışmaq və həmin kanalları necə qapatmaq yerinə, məişət səviyyəsində bəzi maliyyə yayınmalarından danışıb. Guya ölkədə kölgə iqtisadiyyatının əsas səbəbi və səbəbkarı öz mənzilində pirojna və ya peraşki bişirən Fatmanisə xala, evində repititorluq edən Gülçöhrə müəllimə bu xidmətlərin müqabilində dövlətə vergi verməməklə ÜDM-in 10 milyardlarla manat vəsaitini büdcədən yayındırırmış. Əslində, mən hesab edirəm ki, kölgə iqtisadiyyatının ÜDM-də azalmasının obyektiv səbəblərindən biri 2006-ci ildən başlayaraq ÜDM-in həcminin sürətlə artması və bunun fonunda kölgə iqtisadiyyatının həmin “dirəkdə” payının avtomatik olaraq azalmağa doğru gedə bilməsidir. Kölgə iqtisadiyyatının ÜDM-də payının 40-60% arasında dəyişdiyini nəzərə alsaq, məlum olar ki, ölkənin ildə 20-25 milyard dolları qeyri-leqal iqtisadiyyatın payına düşür. Bu isə o deməkdir ki, biz kölgə iqtisadiyyatının yox edilməsi yox, əsasən azaldılması hesabına büdcə gəlirlərimiz 30 milyard manatı keçə bilər. Onun üçün çox ciddi tədbirlər həyata keçirmək mümkündür.

 

Kölgə iqtisadiyyatının azaldılması yolları

Kölgə iqtisadiyyatının azaldılması üçün illərlə davamlı fəaliyyət tələb edən ciddi institusional və konseptual islahatlardan keçir. Onu bu gün yatıb, sabah durub  statistik blef hesabına elan edib, səviyyəsini 2 dəfə aşağı salmaqla həll etmək mümkün deyildir. Kölgə iqtisadiyyatının azalmasına düşünülmüş addımlar və biri-birini tamamlayan effektiv siyasi, iqtisadi islahatlar nəticəsində nail olmaq mümkündür. Həmin proqramların alt istiqamətləri daha detallı olmaqla bəzi tədbirləri nəzərdə tutur. Lakin bunların sırasında bir neçə vacib istiqamətləri nəzərə almaq lazımdır.

Birinci. Heç şübhəsiz ki, antikorrupsiya tədbirlərinin genişləndirilməsini ön sıraya almağa ehtiyac var. Çünki, bir ölkədə kölgə iqtisadiyyatı artırsa, bu həmin ölkədə genişlənən korrupsiyanın təzahürü hesab olunur.

İkincisi.  Kölgə iqtisadiyyatının genişlənməsinə rəvac verən əsas həlqələrindən biri də özünü büdcə xərcləmələrində özünü göstərməsidir. BVF-nun nümayəndəsi də bunu xüsusilə ən sıraya çəkərək qeyd edirdi ki, büdcə xərcləmələrinin səmərəliliyinin artırılması və qeyri-neft büdcə kəsrinin azaldılmasına olduqca böyük ehtiyac var.

Üçüncüsü. Ölkədə pulunu biznesə yatırmaqdan qorxan çoxsaylı vətəndaşlarımız onu ya ölkədən kənarda yaxud “sandıqlarda” saxlayır. Həmin vəsaitdən yararlanmaq üçün “çirkli” kapitala amnistiya vermək lazımdır. O ölkədə qeyri-qanuni iqtisadiyyatın xüsusi çəkisinin artmasına rəvac verir.

Dördüncüsü. Ölkədə iqtisadi islahatların önünü açmaq və onunla bağlı siyasi iradənin göstərilməsi hesabına bu prosesi tormozlamaq olar. Belə islahatlar islahat naminə islahat təsir bağışlamamalıdır. İslahat imitasiyası realistik fəaliyyətlə əvəzlənməlidir.

Beşincisi. Vergi dərəcələrinin hər zaman optimal həddə saxlanılması ilə yanaşı vergi intizamının sərtləşdirilməsinə ehtiyac var. Çünki, ölkədə büdcəyə ödəniləcək dövlət şirkətlərinin toplam ödənişləri 5,2 milyard manat həcmindədir.

Altıncısı. Dövlət qulluqçularının gəlir deklarasiyasının tələb edilməsi və məmurların biznesdə iştirak imkanlarının azaldılması hesabına nail olmaq zəruridir. Məmurlarla bağlı maraqlar münaqişəsinə səbəb olan vəzifə tutmaq imkanları heçə endirilməlidir. Həm parlamentdə gəlirlərlə işləyən şirkət və dövlət qurumlarından hesabat tələb etmək, eyni zamanda arxasında duran şirkətin fiskal qurumlara hesabat verməsi kölgə iqtisadiyyatının xeyrinə olan tərəzinin gözünü əyir.

Yeddinci. Beynəlxalq təşkilat və yüksək səviyyədə mandata malik  təşəbbüslərdə iştirakçılığa can atmaq. Mədən Sənayesində Şəffaflığın Artırılması Təşəbbüsünün dərinləşməkdə olan (EİTİ - 2003-cü ildə Toni Bleyer tərəfindən irəli sürülüb) və Açıq Hökumət Tərəfdaşlığı (OGP-2012-ci ildə Barak Obama tərəfindən irəli sürülüb) prosesində fəal rol almaq. Beynəlxalq maliyyə qurumları ilə institusional və fiskal islahatlar çərçivəsində formal əməkdaşlığı real məzmunlu tərəfdaşlıqla əvəz etmək.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat