FB-yə yasaq qoyan ölkələr sırasına qoşuluruq?

Səadət Cahangir, 14/6/13

Bu gün sosial şəbəkələr bütün dünyada milyonlarla insanı bir araya gətirən, yaxınlaşdıran, bir sözlə, ucsuz-bucaqsız dünyanı kiçildən bir informasiya məkanına çevrilib. Amma dünyanın ən qapalı, “qaranlıq”  sistemlərinə belə əli çatan bu şəbəkələr böyük informasiya inqilabı etməklə bərabər, həm də həmin sistem yönəticilərinin qorxulu röyasına çevrilməkdədir. İndiyə qədər bir çox ölkələrdə belə şəbəkələrə qoyulan yasaqlar bunu bir daha sübuta yetirir.  Məsələn, günümüzün ən nəhəng və populyar paylaşım şəbəkələrindən olan “Facebook”un son illər məlum səbəblərdən Suriyanın qəniminə çevrildiyi məlumdur. Burada FB 2007-ci ildən rəsmi olaraq qadağan edilib. Lakin qadağan olunduqdan sonra da ölkənin əksər internet kafelərində ondan istifadə olunmaqdadır.  FB-nin 2009-cu ilin sonundan Vyetnamda da yasaqlandığı bildirilir. Amma rəsmi dairələr bunu açıq etiraf etmir. İranda da bu sosial şəbəkəyə giriş 2007-ci ildən  məhdudlaşdırılıb. 2009-cu ilin seçkilərindən əvvəl isə sistemə qadağa qoyulub, amma kəskin tənqiddən sonra şəbəkə bir neçə gün ərzində açılıb. O tarixdə İranda  FB-nin 150 000 üzvü vardı.

FB Çində rəsmi qadağan olunmasa da, yüz minlərlə istifadəçinin girişinə məhdudiyyətlər  qalır.  Bundan başqa, Şimali Koreya da FB-yə qadağa qoyan ölkələr sırasındadır.

Pakistanda isə FB-nin yasaqlanması bir neçə sosial şəbəkə üzvünün “Hər kəs Məhəmməd peyğəmbərin rəsmini çəksin” kampaniyasının başlanmasından sonra baş verib. İki aydan sonra bu yasaq qaldırılıb.

Banqladeş isə FB-ni 2010-cu ilin may ayında qadağan edib, buna səbəb də sosial şəbəkədə Məhəmməd Peyğəmbərin satirik şəkillərinin yayılmasından sonra baş verib. Bu qadağan da yalnız bir həftə davam edib.

Yaxın zamanda Azərbaycan hökumətinin də sosial şəbəkə istifadəçilərinə “sürprizlər”i olacaq.  Ölkədə “Diffamasiya haqqında qanun”la bağlı böyük gözləntilərin gündəmdə olduğu bir vaxtda, hökumət Cinayət Məcəlləsini əsas götürüb sosial şəbəkələrdə yayılan məlumata görə, cinayət işi açmağın mümkünlüyünü bəyan edib. Bunun gerçəkdən də bir hüquqi əsası varmı? Mütəxəssislər deyir ki, KİV haqqında qanunun 3-cü maddəsinə görə internet də KİV sayılır. Buna görə də, internetdə  hər hansı bir şəxsin şərəf və ləyaqətini təhqir etmək, onun şəxsi həyatına toxunan məlumatlar yaymaq hüquqi məsuliyyət yaradır. Əgər məlumatda düşünülməmiş şəkildə təhqir elementi işlənibsə, Mülki Məcəllənin 23-cü maddəsinə görə, həmin şəxsə qarşı kompensasiya tələb edilə bilər.

Hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, əgər təhqir bilərəkdən törədilibsə, o zaman Cinayət Məcəlləsinin 148, böhtan varsa, CM-nin 147-ci maddəsi ilə cinayət işi açıla bilər. Başqa bir ölkədə yaşayıb Azərbaycandakı şəxsi təhqir edirsənsə və sənin yaşadığın ölkənin qanunlarında bu söz azadlığıdırsa, onda sənə qarşı cinayət işi qaldırıla bilməz. Əgər sosial şəbəkədə yazan şəxsin həqiqətən konkret bir şəxsə aid olduğu sübut olunarsa, həmin şəxsə qarşı cinayət işi qaldırıla bilir.

Amma müstəqil ekspertlər böhtan və təhqirin istənilən halda yolverilməz olduğunu etiraf etsələr də, bunun üçün cinayət məsuliyyəti yox, cərimələr tətbiq olunmasını uyğun sayırlar.

Onların fikrincə, dövlət ifadə azadlığını məhdudlaşdırmağa yox, genişləndirməyə yönəlik addımlar atmalıdır.

Bu halda maraqlı bir məqamı da aydınlaşdırmağa ehtiyac duyulur. Bu zaman Amerikada olan bir şəxsin Azərbaycanda kimisə təhqir etməsi necə tənzimlənəcək? Şübhəsiz, Azərbaycanda bir şəxs başqa ölkə vətəndaşını təhqir edirsə və onun kimliyi müəyyən edilə bilmirsə, bu prosesdə də çətinlik yaradacaq. Ekspertlərin fikrinə görə, belə məsələləri  uyğun və çox sivil yollarla tənzimləməyə çalışırlar. Təhqir edilən şəxs bu barədə sosial şəbəkə rəhbərliyinə və ya həmin şəxsin özünə yazının silinməsi ilə bağlı məktub göndərir. Bununla bağlı tədbir görülür. Sosial şəbəkələrdə insanların təhqirə məruz qalmaması üçün etik qaydalar müəyyən edilə bilər. Burada hər kəs tərəfindən əməl edilən birgə standart formalaşmalıdır.

Hökumətin builki ən mürtəce addımının dinc aksiya iştirakçılarına qarşı misli görünməmiş cərimələrin tətbiqi olduğunu düşünürdük. FB senzurası da elə ona bərabər bir addım sayıla bilər. Hələ baxaq, qarşıda daha hansı sürprizlər olacaq?..

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat