Kapitalizmin eqosu və sosializm kompleksi

Məhəmməd Talıblı, 21/6/13

Kapitalizm iqtisadi sistemi haqqında təhtəlşüurda müxtəlif qalıqlar yatır. Bunun bir qismi kapitalizm sisteminin özünəməxsus xüsusiyyətləri haqqında məlumat azlığı ilə bağlıdırsa, digər hissəsi sovetizmdən qalma və bizə aşılanmış təhtəlşüurda qalmış səbəbsiz kapitalizm nifrətidir. Guya sosialist düşərgəsi dünyada cənnət yaratmaq istəyirmiş, bunun qarşısını alan şlaqbaum kapitalizm imiş. Əslində isə, kapitalizm öz yolunda idi. Öz yolunda olmaq sovet düşərgəsini yaman narahat edirmiş. Ona görə bütün sistemin ideoloji arsenalı anti-qərb əhval-ruhiyyəsində köklənmişdi.  Çünki, son 100 ildə kapitalizm bir sistem olaraq xeyli qabağa getmişdi və dünyada özünün cazibə dairəsini xeyli genişləndirmişdi. Eyni zamanda kapitalizm bu inkişafı fonunda özünün eqosunu daha açıq formada ifadə etməyə başlamışdı. Bu eqo neqativ yox, daha çox pozitiv eqo idi. Sistemin özü ilə bərabər sistemin içində yaşayanlarında fərdi eqoları seçilirdi. Bu əslində sistemin inkişafı və ölkələrdə rifahın yüksəlməsi nəticəsində fərdlərin öz həyatlarından məmnunluq hissi onlarda müsbət mənada və haqlı olaraq özündən razılıq hissi doğururdu. İnsanların davranışındakı “cənnət təbəssümləri” və sifətlərindəki məmnunluq sovet adamında elə təəssürat yaradırdı ki, guya bunlar dünyadakı insanları heç yerinə qoymamaqla bağlıdır.  Əslində, belə təbəssüm sovet insanlarına yönəlik baxış yox, kapitalizm sistemində yaşayan insanların öz həyatlarından razılıq əlamətinin təzahürü idi. Sistemin inkişafı insanların hərtərəfli rifahını gücləndirdikcə, onların ətrafa daha çox təbəssüm və enerji saçmaq imkanları artır.

İnsan eqoizmi sovet adamının düşüncəsində özündənrazılıq və ya təkəbbür kimi assosiasiya olunur. Əslində, eqoizmi 2 formada dəyərləndirmək lazımdır. Neqativ eqo, yəni insanın özündənrazılıq hesabına digərlərini heçə almaq və onları öz adları ilə çağırmamaq. Pozitiv eqo isə insanın özünün həyatından razılığın olması fonunda ətrafı sevərək onu öz adı çağırması və  ona dəyər verməsi. Qısası, mənim özümü sevməyim səni sevməyimi inkar etmir. Amma bu özünü sevmə digər sevgiləri istisna etmir. Amma sovet adamında eqo anlayışı özünü heçə qoymaq anlamında idi. Yəni, özünü sevməsən də olardı, əsas o idi ki, Soveti sevəsən. Özünü və qonşunu sevməsəydin də olardı, amma mütləq idi ki, Moskvadakı və ya Krımdakı tanımadın Yeqoru sevəsən.  Bunsuz özünü sevmə natamam idi.

Sovetizm bizə aşılayırdı ki,  özünün iqtisadi marağının olması gərəksizdir, əsas dövlətin maraqlarıdır. Yəni “Qüdrətli dövlət, zəif insan” formulu burada keçərli idi. Əsas sənin nə yeməyin deyil, Sovet düşərgəsinin o biri tərəfində olan həmvətənlimin nə yeməsidir. Təbii ki, bütün bunlar ikiüzlü və yalançı “vətənpərvərlik” dərsləri idi. Çünki, bu sistemin başında duranlar sovet dövlətin öz ailələrindən çox sevmirdi. Lakin hamıya bu sevgini aşılamaq və inandırmaq istəyirdilər. Özünün iqtisadi marağı olmağını öz vətəndaşına qadağan edən bir sistem eni-uzunu bilməyin bir düşərgənin, xalqların hansı iqtisadi marağını güdə bilərdi ki? Sovet düşərgəsində insanların özünün iqtisadi maraqlarını güdməsi cinayətə bərabər hesab edilirdi.  Halbuki, insanın şəxsi maraqları olmayanda digərlərinin maraqları haqqında düşünmək hissi təbii və içdən gələn olmur. Belə inkişaf dialektika elminin qanunlarına ziddir. İqtisadiyyatın atası Adam Smit özünün “görünməz əl” nəzəriyyəsində yazırdı ki, insan öz eqoist maraqlarını güddükdən sonra qeyri-ixtiyari olaraq ictimai maraqlara xidmət etmək məcburiyyətində qalır.  Məsələn, bir iş adamı özünün həyatda nəzərdə tutduğu iqtisadi hədəflərinə yetdikdən sonra o daha öz biznesini dayandıra bilərmi? Əslində, onun özünün şəxsi planda olan iqtisadi maraqlarından sonrakı özünə lazım olan maraqlar deyil, daha çox cəmiyyət maraqlarına xidmət gəlir.

Çox təəssüf ki, indinin özündə də sovetin nostalji hissi ilə yaşayanların sayı hələ də var. Onlar bu yalanlar müqabilində kərənin 70 qəpiyə və şəkərin 20 qəpiyə alınması kimi zamanı qaytarmaq istəyirlər. Vaxtı ilə sovet nostalji hissi ilə yaşayanlara Putinin maraqlı  cavabı diqqətimi cəlb etmişdi: “Kim ki, sovetin o dövrlərini xatırlamırsa, onun ürəyi yoxdur, kim ki, həmin dövrü qaytarmaq istəyirsə də, onun da ağlı yoxdur.“ Əslində, dünyada bütün sistemlər bəşər övladının yaxşı yaşaması üçün bir vasitədir.  Keçmiş belə sistemlərdə yaşayan ata-babalarımızın nələr çəkdiklərini bilirik. Amma əsas məsələ bizim və bizdən sonrakıların hansı sistemdə yaşamasıdır. ABŞ prezidentlərindən olmuş A. Linkoln vaxtı ilə deyirdi ki, məni babalarımın kim olduğu maraqlandırmır, nəvələrimin kim olacağı düşündürür.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat