Ədalət tərəzisi niyə pozulur?..

Səadət Cahangir, 1/7/13

Türkiyədə baş verən son hadisələrdən yazan əksər məşhur qələm sahiblərinin fikirlərində belə bir nəticə vardı- durumun bu nöqtəyə gəlməsinin əsas səbəbi ədalət tərəzisinin pozulmasıdır. “Ədalət” sözü hakim partiyanın adında da simvollaşdığına görə, belə çıxır ki, özünə dəyər seçmiş bir siyasi qurum o dəyərə dönüklük edib. Axı həqiqətən də, bu söz yaxınlara qədər partiya sözçülərinin dilində bir şüar, bir simvol, bir meyar kimi səslənirdi…

Qəribədir, simvollar da çox zaman yanıldır. Məsələn, hüquq və ədalətin məlum simvolu olan Femidanın tərəzisi... Kimə sorsanız, bunun hüquq bərabərliyi anlamına gəldiyini söyləyəcək. Qədim yunanlarda ədalət ilahəsi Femida bir əlində tərəzi, o biri əlində qılınc tutan gözləri bağlı bir qadın kimi təsvir edilib. Əsrlərdən bəri hüquq və ədalətin rəmzi olan bu fiqur zaman-zaman mübahisələrsiz də ötüşməyib. Bəlkə də, bu mübahisələrin kökündə ədaləti təmsil edən gözübağlı fiqurların çox halda haqsızlıqları görməzdən gəlib, ölkəni çıxılmaz duruma sürükləməsi dayanır. Çünki bir çox hallarda ixtiyar sahibləri əllərindəki hakimiyyət çubuğunun sehri ilə istədikləri hər şeyi edə biləcəklərini düşünməyə başlayırlar. Həm də bu, o qədər “qanuni” formada baş verir ki, həmin şəxslər bunu, az qala, ilahi ədalətlə həyata keçirdiklərinə inanırlar. Bu “qanuni icra”nın tətbiqi də fərqli şəkillərdə özünü göstərir. Problem ondadır ki, belə “gözübağlı qanunçuluğa” məcbur edilən cəmiyyət çox zaman özünü böyük bir soyğunçuluğun və ya istismarın ortasında görmüş olur.

“İndi qanuni soyğun müxtəlif yollarla həyata keçirilə bilər. Belə ki, onu təşkil etmək üçün bizim çeşidli plan və proqramlarımız var-vergi tarifləri, xarici qoruma tarifləri, müavinətlər, subsidiyalar, mükafatlandırmalar, artan vergilər... ”(F.Bastiat)

Bir ölkədə bunlardan hansının baş verdiyi mühüm deyil. Əsas olan baş verənlərdən hansı birininsə mizanın pozulmasına gətirib çıxarmasıdır. Bəli, ədalət tərəzisinin əyilməsi cəmiyyəti kataklizmlərə, qarmaqarışıqlıqlara və fəlakətlərə sürükləyən ən mühüm səbəblərdən biridir. Yaxın tarixdə ərəb dünyasına rüzgar kimi əsən bahar inqilablarının qığılcımı göyərti satan bir gəncin zorakılığa məruz qalması ilə başlamadımı?.

F.Bastiat  “Hüquq” əsərində deyirdi ki, “bir cəmiyyətin vicdanında hüququn ədalətsizlik vasitəsinə çevrilməsi qənaətinin özünə yer tapmasından daha vahiməli şey düşünmək mümkün deyil. ” Axı hüquq heç də həmişə soyğunçuluğu cəzalandırmır, bəzən onu müdafiə edir və onun iştirakçısı olur. Bəzən hüququ soyğunçuların ixtiyarına məhkəmə, polis, həbsxana və jandarma kimi nəhəng bir aparat verilir və o, müdafiəçi rolunda minlərlə insanı cinayətkar obrazında qurbana çevirir.

Bəli, zaman-zaman qanuni soyğunçuluq məcburiyyəti ilə yaranan dinclik, sakitlik və firavanlıq görüntüsü bir gün mütləq partlayışa aparıb çıxarır. Çünki həqiqi mənada bir toplum üçün hüquqi istismarın törədə biləcəyi təhlükədən qorxulu heç nə yoxdur. Müasir günümüzdə dünyanın ən qlobal problemlərindən birinə çevrilmiş bu istismar növü feodal və ya quldarlıq dövrünün insan istismarından, demək olar ki, heç nə ilə fərqlənmir. Məhz buna görə də, bir gün qanuni istismara rəvac verənlərin özlərinin onun qurbanına çevrilməsi qaçılmazdır. Ədaləti təmin etməyə səlahiyyətli olan şəxslər tərəzinin əyilməsinə göz yuma bilər, amma bu da bir yerə qədər.  Gözlənilməyən halda elə bir an yetişər ki, tərəzinin ağır gələn tərəfi onun mizanını  pozanları havaya qaldırıb ünvanı bilinməyən xarabalıqlara uçura bilər...

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat