Həbsxanadan “Nobel”ədək

Məhəmməd Talıblı, 15/7/13

Mən bu dəfə iqtisadi azadlıqlar haqqında yazmayacağam. İqtisadi azadlıqları bir çox hallarda şərtləndirən siyasi azadlıqlar və onun uğrunda yorulmaz mübarizənin simvolu hesab edilən, sözün əsl mənasında, böyük İNSAN Nelson Mandela haqqında fikirlərimi bölüşəcəyəm. Onun haqqında oxuduqlarım və düşüncələrimin təsiri altında formalaşdırdığım mülahizələrimi qələmə almağım səbəbsiz deyil. Biz yalnız ölənlər haqqında yaxşı danışırıq, nəinki yaşayaraq yaxşı işlər görənlər haqqında. Həyatını mübarizəyə büsbütün həsr edən bu şəxsiyyət haqqında hal-hazırda müxtəlif şayiələr gəzir. Onun ölümü və qalması ilə bağlı bir gündə media qurumlarında müxtəlif məlumatlar verilir. Mən bu yazını yazarkən hələ də onun fiziki varlığı haqqında dəqiq məlumata malik deyiləm. Amma onun məhz SOSİAL varlığı haqqında nəinki mən, hətta bütün dünya dəqiq məlumata malikdir. Bu, bir siyasi xadim üçün ciddi məsələsidir. Belə gündə bu bəşəri insanı yenidən yada salmaq və siyasi karyerasını dəyərləndirmək gənc nəsil üçün yaxşı nümunə yarada bilər.

Məqalənin adından da göründüyü kimi, mən niyə N.Mandelanın prezidentliyə qədər yüksəlməsinə deyil, sülh uğrunda yorulmaz fəaliyyətinə görə “Nobel” mükafatı almasına daha çox diqqət çəkmişəm? Fikrimcə, prezidentlik siyasətçilərin dünya üçün siyasi önəmini ifadə edən kimlik deyil. Prezidentliklə “Nobel” arasında fərq ikincinin xeyrinə xeyli ağır çəkilidir.

Öz xalqlarını əzmək hesabına prezidentliyə bir vasitə kimi baxmaq olar. Necə ki, dünyada belə dövlətlər və dövlət başçıları var. Amma “Nobel” sülh mükafatı alan, xalqların azadlığının boğulmasına dirəniş göstərən və onun uğrunda mübarizə aparan şəxsdir. Prezidentlik  fərqli fikirliliyə dözümsüzlük edə biləcəyi halda belə, “Nobel”çi  fikir plüralizmi təqdir və təbliğ edir.  Prezidentlik bir ölkənin taleyində, “Nobel”çilər isə dünyanın tarixi taleyində müstəsna rol oynayan tarixi şəxsiyyətlərdir.  Artıq neçə illərdir ki, Mandela Cənubi Afrika Respublikasında(CAR), özünün də doğulduğu Qunu kəndində yaşayır.  94 yaşında  ağır xəstəliyi ilə bağlı onun evinin önündə sayı-hesabı bilinməyən yüzlərlə insan dualar edir, namaz qılırlar. Sanki yaşadığı ev üstü açıq məscidi xatırladır. Bu, bir keçmiş ölkə başçısına ölkə vətəndaşlarının verdiyi dəyərdir. Həqiqətən, dünyada elə diktator və ya avtoritar ölkə başçıları var ki, onların ailəsinin sərvəti həmin ölkənin bir neçə illik ÜDM-dən böyükdür. Amma onlar üçün nəinki heç kim göz yaşı tökmür, əksinə öləndə “Allah rəhmət eləsin” deyəndə tapılmır. Həqiqətən, dünyada Tanrının və insanların sevdiklərindən olmaq qədər böyük zənginlik yoxdur.

Demokratiya və azadlıqlar uğrunda mübarizənin əzmkarlığı və fədakarlıq göstəricisi eyni deyildir. Çünki demokratiya relsə düşmüş sistemdə konfiqurasiya tələb edir, azadlıqlar uğrunda mübarizə daha çox hüquqsuzluqdan hüquqi sistemə sərt transformasiya əhatə edir. Ona görə də, ibtidai hüquqlar, o cümlədən irqi ayrı-seçkiliyə görə, diskriminasiya hallarına qarşı mücadilə xüsusi dərəcədə böyük iradə tələb edir. Mandela belə mübarizə motivi ilə siyasət səhnəsinə gəlmişdi. Cənubi Afrikada qaradərili insanlar bütün hüquqlardan məhrum idi. Hətta onlara münasibət o qədər təhqiramiz hədd almışdı ki, irqi ayrı-seçkiliyi belə gözlə baxmaqla müəyyən olunurdu. Bəzən elə olurdu ki, bir ailənin arvadı bir qrupa, ər isə başqa qrupa aid edilirdi. (Onlarda ağdərili,  qaradərili və qarışıq bölgü mövcud idi) Ağdərili təhsil, səhiyyə kimi hüquqlara malik idisə, qaradərili bunlar üçün əlavə ödənişlər etməli olurdu. Ümumiyyətlə, ağdərili olmayan vətəndaş həmin ölkədə qul hesab olunurdu. Afrikada həbsxanaları dustaq baxımından heç bir problemlə rastlaşmayıb. Həbsxanalar hər zaman ağzına qədər dolu olub.  224 həbsxanasının hər zaman 100 mindən çox məhbusu olub. Bir kamerada 10 nəfər saxlanılırdı. Ağdərililərin güllələnməsi adi hal almışdı. Hətta 1983-cü ildə ağdərililərlə zəncilər arasında olan davada 200 nəfər birdəfəliyə güllələnmişdi. Aparteidin məskəni kimi tanınan Afrika dünya əhalisinin 1 faizindən azını təşkil etdiyi halda,  dünya üzrə ölüm hökmlərinin xüsusi çəkisində bu ölkənin payı 50 faizdən artıq idi.  CAR-da ortalama olaraq ildə 150-dən çox insan güllələnirdi. Hətta tanınmış şair olan B.Malaizinini həbsxananın içərisindəcə cəlladlar xüsusi amansızlıqla öldürmüşdülər. Belə ayrı-seçkiliyi ifadə edən çoxlu sayda faktlar sadalamaq olar. Bütün bu vəhşiliklər fonunda mübarizəyə cəsarət edib ölümün üzünə dik baxmaq adi məsələ deyildi. N.Mandela bunu heç bir tərəddüdsüz edirdi. Mandela kollecdə oxuduğu dövrlərdən irqi ayrı-seçkiliyə görə bu proseslərə qoşulmuşdu. Həbslər görmüşdü, amma yoluna davam edirdi. Nəhayət, o, Efiopiyada konfransda iştirak etmək üçün ölkədən çıxanda həbs olunur. Üst-üstə 30 ilə yaxın həbsxana həyatı yaşadı Mandela. 1993-cü ildə Mandela “Nobel” Sülh mükafatına layiq görülür. 1994-cü ildə prezident seçilən Mandella aparteid afrikalıların tarixində yeni səhifə açır. 5 illik hakimiyyəti müddətində illərlə çəkdiyi qisası almaq haqqında düşünmür. Hətta bir beş illik hakimiyyət ona kifayət edir ki, hakimiyyətdən asanlıqla əl çəksin. Mənim üçün onun prezident seçildiyi dönəmdə inauqurasiya mərasimindəki nitqi çox ibrətamizdir. Ağdərililər onun demokratik yolla prezident seçildiyindən ehtiyat etdiyi halda, Mandela andiçmə mərasimində söylədi ki, qoy hamı bilsin, bu gündən bu gözəl ölkə bir də heç zaman, heç vaxt  insanların biri-birinə işgəncə verdiyi, bütün dünyada nifrətlə anılan yer olmayacaqdır. Mandela cəmiyyətdəki qarşıdurma mühitini barışla əvəzlənməsi üçün yenə andiçmə mərasimində söylədi: ”Yaraları sağaltmaq zamanı gəldi. Bizi bir-birimizdən ayıran uçurumun üstündən indi körpü salmaq zamanıdır.“

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat