Basqı azadlığı üçün savaşan tiranlar...

“Azadlıq üçün savaşan tiranlar gördüm, basqı azadlığı üçün!” Fridrix Nitsşe

Son illərin ən mühüm tarixi-siyasi hadisələri sırasına daxil olan “ərəb baharı”nın keçmişin yaralarını sağaltması üçün, görünür ki, hələ uzun zaman gərək olacaq. Baş verdiyi vaxtdan iki ildən artıq müddət keçəndən sonra bu inqilabların uğursuzluğu haqqında danışanlar nə dərəcədə haqlıdırlar?

İki il əvvəl Misirin Təhrir meydanından başlayan inqilab rüzgarı uzun illərdən bəri cəmiyyətin inkişaf yolunda əngələ çevrilən bir sistemin dəyişikliyi ilə nəticələnmişdi. Köhnə və əzazil idarəçilik metodlarından bezmiş xalq on illərlə hakimiyyəti zəbt edən hakim qrupu qovmuş və öz seçimi ilə yeni hökumət qurmuşdu. Amma böyük zaman kəsiyində totalitar sistem tərəfindən idarə olunan bir cəmiyyətin yeni mərhələyə adaptasiya olunması sancılı prosesdir və təbii, qurulacaq fərqli rejim üçün müəyyən vaxt tələb edilir. Bu vaxtın sancısı nə qədər təbii və sağlam şəkildə yaşanarsa, sonuclarının da o qədər uğurlu olacağına böyük ümidlər yaranar. Amma Misirdə bu günlər baş verən gözlənilməz hadisələr göstərdi ki, hər şey arzulandığı kimi getmir. Beləliklə, bu dövrün “kövrəkliy”indən fürsət kimi yararlananlar xalqın iki il əvvəl böyük arzularla qurduğu yeni sistemə qarşı hərbi çevriliş həyata keçirdi. İndi, demək olar ki, ölkədəki hadisələr iki il əvvəl yaşanan qarşıdurma mənzərəsinə qayıtmış kimi görünür. Ölkə hərbi çevrilişin ardınca yenə qanlı hadisələrin meydanına çevrilib.

Ölkədə iki il əvvəlki dəyişikliyin hərəkətverici qüvvələrindən olan Müsəlman Qardaşlar Təşkilatı isə “Misir xalqı, hərbi diktatorluğa geri dönməyəcək və bu diktatorluğu ikinci dəfə məğlub edəcək” bəyanatı ilə çıxış etdi. Bəs nədən həqiqi mənada xalqın gücü ilə hakimiyyət başına gəlmiş bir hökumətin iqtidardan uzaqlaşdırılması belə asanlıqla mümkün olur? Təbii, bunun bir sıra daxili və ondan ustalıqla istifadə edənlərin maraqlarını şərtləndirən xarici səbəbləri var.

Böyük çex dissidenti və siyasətçisi Vatslav Havel “Gücsüzlərin gücü” kitabında yazırdı:

“Klassik diktatura rejimində post-totalitar rejimdən daha artıq idarəedicinin iradəsi birbaşa tənzimlənməz şəkildə həyata keçirilir. Diktaturanın öz təməllərini gizlətməsi, hakimiyyətin əsl işlərini ört-basdır etməsi üçün heç bir səbəb yoxdur. Buna görə də, özünü hər hansı hüquqi məcəllə ilə yükləməyə ehtiyac duymur. Post-totalitar sistem isə hər şeyi bir düzənə bağlamağa dərin ehtiyac duyur. Belə ölkədə həyat təlimatlar, bəyannamələr, direktivlər, normalar, sərəncamlar və qaydalar toplusu ilə idarə olunur(nahaq yerə deyil ki, bunu bürokratik sistem adlandırırlar). Bu normaların əksəriyyəti post-totalitar sistemə xas şəkildə, həyatın kompleks manipulyasiyası üçün birbaşa istifadə olunan alətlərdir. Fərdlərlə nəhəng bir mexanizmin dişcikləri kimi rəftar edilir və onların əhəmiyyəti bu mexanizmdə gördükləri işlə məhdudlaşdırılır”.

İndi Misirdə yaranan situasiya  klassik diktatura rejiminin yaralarından xilas olmağa can atan ölkənin boynunu yenidən totalitarizm zəncirinə keçirilməsi mənzərəsini xatırladır. Xalqın iradəsini ifadə edən Mursi hökuməti üçün iki il Misirin keçmişdən miras qalan dərin yaralarının sağalması üçün çox qısa zaman idi, şübhəsiz. İnsanların böyük bir hissəsinin bu müddətdə köklü dəyişikliklər baş verəcəyini gözləməsi anlaşılan olsa da, məntiqi baxımdan bu, real da görünmürdü. İstənilən halda, dərin yaraların sağalması uzun zaman alır və bunu zamanında xalq kütlələrinin açıq anlaması üçün düzgün addımlar atmaq tələb edilir. Yaranmış belə qarmaqarışıq mənzərənin sonunda nə baş verəcək? Misir yenidən diktatura sisteminə boyun əyəcəkmi? Xalq kütlələrinin yenidən yüksələn etiraz dalğasına baxsaq, bunun asanlıqla baş verəcəyi gözlənilmir. Məntiqlə yanaşsaq, demokratik dünya özü də buna birmənalı şəkildə qarşı çıxmalıdır. Axı hərbi çevriliş zorakılığı ilə yeni bir hökumətin devrilməsi həm də dünyada demokratiya mücadiləsi verən milyonlarla insanın ümidlərinə balta çalınması deməkdir...

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat