İqtisadi böyümə riskləri

Məhəmməd Talıblı, 22/7/13

Bir neçə ildən (5-10 il) sonra Azərbaycan iqtisadiyyatında hansı kataklizmlərin olmasını (mərkəzləşdirilmiş büdcə kəsrinin artması, qeyri-neft sektorunun zəif inkişafı, məşğul əhalinin işlə təminatı, ixracatda qeyri-neft məhsullarının ifrat az olması, demoqrafik balansın sürətlə dəyişməsi və s.) mövcud iqtisadi tendensiyalardan görmək olur. Bu tendensiyanı nəinki AB-yə, hətta postsovet məkanına daxil olan ölkələrlə də müqayisə etmək kifayətdir. Perspektiv ssenarilər əsasında dəyişmələr üzrə təhlil aparmadan, yalnız 1-2 ili müqayisə etmək kifayətdir. Bu baxımdan 2012-ci il ölkəmizdə proqnozlaşdırıla bilən iqtisadi artım və ötən ilin real vəziyyətini təhlil etməklə maraqlı nəticələr çıxarmağa imkan verir.

Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna respublikaları arasında iqtisadi artım templərinə diqqət edək. Azərbaycanda 2012-ci ildə iqtisadi artım templəri 1,8 faiz olmuşdusa, Rusiyada bu rəqəm 3,4 faiz, Gürcüstanda 6,1 faiz, Qazaxıstanda 5 faiz olmuşdur. Belarusda 1.5 faiz və Ukraynada isə 0,2 faiz səviyyəsində iqtisadi artımlar olub. Beynəlxalq “Standard & Poor’s”  reytinq agentliyi bu ölkələr üçün SWOT (GZRF) analiz aparmışdır. Azərbaycanla bağlı Güclü tərəflər (i)ölkənin strateji valyuta ehtiyatlarının, o cümlədən neft gəlirlərinin artması fonunda təhlükəsizlik “yastığının” “qalın” olması və hökumətin bu amildən gen-bol istifadə etmək imkanlarının mövcud olmasıdır. Bu, xüsusilə Neft Fondundan büdcəyə edilən transferlər nəticəsində büdcə profisitinin artması və bununla da, büdcə vasitəsilə neft pullarının sürətlə xərclənməsi məsələsidir. (ii) Dövlət borclarının isə aşağı səviyyədə olması göstərilib. Məlumat üçün bildirim ki, (01.01.2013 tarixinə) beynəlxalq maliyyə qurumları ilə imzalanmış müqavilələrə görə, borcumuz cəmi 11,6 mlrd. ABŞ dollarında olmuşdur. Bunun  içərisində istifadə olunmuş xarici dövlət borcunun məbləği 5,7 mlrd. ABŞ dolları təşkil edir. Hazırda isə  xarici borcun miqdarı 7 mlrd. dollara yaxındır. Ümumilikdə imzalanmış müqavilələr üzrə xarici dövlət borcları ÜDM-in 8,3 faizini təşkil edir. Əgər xarici borcun səviyyəsi 40%-i keçməyibsə, beynəlxalq normalar baxımından bu, təhlükəli hal hesab olunmur. Bu kontekstə həqiqətən dövlət borclarını(daxili və xarici olaraq birgə) çatışmazlıq kimi qeyd etmək doğru olmaz. (iii) Güclü tərəf kimi ölkənin karbohidrogen(neft-qaz) ehtiyatlarının olması göstərilir. Yeni yataqların kəşfi və artan hasilatın həcmi ölkəni iqtisadi baxımdan daha arxayın davranışını şərtləndirir.  Azərbaycanla bağlı Zəif tərəflər bölməsində əsasən 3 istiqamət önə çəkilmişdir. Birincisi,   ölkəmizlə bağlı geopolitik risklərin olması önə çəkilir. Yəni, həm ölkəmizlə bağlı kənar siyasi güclərin kombinasiyaları, dəyişən siyasi şəraitin ölkəmizi təhdid etməsi mühüm rol oynayır. İkincisi, Qərarların qəbulundakı qeyri-şəffaf məqamların olması və xüsusilə qərar qəbul etmə sahəsində ciddi inhisarçılıq hallarının mövcud olmasını xüsusi qeyd etmək lazımdır. Bu, əslində avtoritar sistemlərə məxsus xüsusiyyətdir. Üçüncüsü, Zəif bank-kredit sisteminin olması və sahənin ölkə iqtisadiyyatındakı funksionallığının zəif iştirakı qeyd olunur.

Resurs üstünlüyü və asılılığı olan Rusiya, Qazaxıstan və Azərbaycanda iqtisadi artımın digər sadaladığım ölkələrdən fərqli olması təbii ki, neft-qaz sektorunun yaratdığı iqtisadi “hərarətdir”. Bu ölkələrin yaxın illər üzrə iqtisadi artımlarının artıb və ya azalması rolunda ölkələrindəki təbii resursların hasilat həcminin artması və dünyadakı əlverişli enerji qiymətlərindəki konyuktura dəyişikliyidir. Əksi olan dəyişikliklər baş verəndə isə bu ölkələrin iqtisadi artım göstəriciləri təbii resurslardan məhrum ölkələrdən daha aşağı göstəricilərlə ifadə olunur. Yazının başlığında qeyd olunan iqtisadi artımdakı risklər dedikdə, iqtisadi artımı şərtləndirən neft-qaz sektorundan asılılığın qalması, ölkədəki iqtisadi islahatlara start verilməməsi, qeyri-neft sektorunun iqtisadi artımı üstələməsi, biznes mühitinin və investisiya iqliminin normallaşdırılmaması, diversifikasiya siyasətinin tətbiq olunmaması və s. kimi amillərlə birbaşa bağlıdır. Konseptual və institutsional baxımdan iqtisadi artım risklərinin azalması islahatların ruhu ilə birbaşa bağlıdır. Bu islahatın “kilid” məsələsidir. Çünki, islahatlarsız sadəcə davamlı iqtisadi böyümə mümkün deyil.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat