Demokratiya və azadlıq anlayışının fərqi...

Səadət Cahangir, 26/7/13

Azad seçki demokratik cəmiyyətin ilkin şərtlərindən biridir desəm, kimsə məni qınamaz hər halda. Bu problemdən on illərdir əziyyət çəkən bir ölkənin vətəndaş kimi, onu azadlığımın əsas bağlarından biri sayıram. Amma son zamanlar “ərəb baharının”  ardınca yeni bir inkişaf yoluna qədəm qoyan ölkələrdə baş verən qarışıqlıqları gördükdən sonra məsələləri daha dərindən göz atmaq ehtiyacı yaranır. Bu gün Misirdə cərəyan edənlər deyilənlərin canlı sübutudur. Axı sözün həqiqi mənasında Mursini ölkənin böyük çoxluğu demokratik yolla seçib gətirmişdi hökumət başına...Elə son zamanlar da bilgili yazarların çoxu bu məsələnin üzərində israr edib durur ki, demokratiya yalnız seçimlə iş başına gəlmək demək deyil. Bu seçkinin nəticələrinin özünün də gözəl bəhər verməsi üçün bir çox amillər tələb olunur. Bu uğurlu sonucu şərtləndirən daxili və xarici amillərin də yekunda azadlıq və demokratiyanın qələbəsində ifadə olunduğu düşünülə bilər. Amma azadlıq və demokratiya məsələsinin özünə də qədimdən bəri fərqli yanaşmalar olub...

Aristotel mümkün siyasi sistemlərin tirançılıq, aristokratiya, oliqarxiya və demokratiyadan ibarət olduğunu deyirdi. Amma intellektuallar yüz illər ideologiya uğrunda gedən savaşların sonda qarışıq iqtisadi demokratiyanın zəfəri ilə başa çatması haqqında F. Fukuyamanın “Tarixin sonu”  kitabındakı bəyanatı ilə razılaşmalı oldular. Uzun zaman keçsə də, istənilən halda demokratiyanın güman olunan zəfəri ideologiyaların mübarizəsi üçün hələ də kifayət qədər yer qoymuşdur.  Deyvid Boazın qeyd etdiyi kimi, libertarianlar bir az fərqli düşünürlər. Öz adlarında əks olunduğu kimi, onlar ən mühüm dəyərin demokratiya deyil, azadlıq olduğuna inanırlar. O zaman belə çıxır ki, demokratiya və azadlıq fərqli şeydir? Buna misal olaraq Hindistanı göstərən Boaz deyir ki, Hindistan dünyanın ən böyük demokratik ölkəsidir, lakin onun ifadə azadlığı və plüralizm öhdəlikləri çox  zəifdir. Və yaxud son on illər ərzində Honq –Konqda vətəndaşların rəhbərlərini seçmək hüququ olmayəb, lakin bu ölkədə fərdi seçim və azadlıq üçün dünyanın hər hansı yerində olduğundan daha artıq imkan yaradılıb. Demokratiya və azadlıq arasında əlaqə mövcud olsa da, onlar eyni deyil.  İnsanları “azadlıq” sözünün iki fərqli  anlamı da çaşdırır. XIX əsr fransız libertarianı Bencamin Konstant qeyd edirdi ki, qədim yunan yazıçıları “azadlıq” dedikdə, ictimai həyatda və bunun icma üçün qərarların qəbul edilməsində iştirak hüququnu nəzərdə tuturdular. Azadlığın müasir konsepsiyası isə fərdlərin istədikləri kimi yaşamaq, danışmaq, azad etiqada və mülkiyyətə sahib olmaq, kommersiya ilə məşğul olmaq, əsassız yerə həbs olunmamaq hüquqlarını əhatə edir. Konstantın sözləri ilə deyilsə, bu “icazəsiz gəlib-getmək, öz motiv və təşəbbüslərinə görə heç kimə hesabat verməmək” deməkdir.  Əslində isə, azadlıq özü seçim etmək və həmin seçimə əsaslanan məqsədləri güdmək deməkdir.

Beləliklə, azadlıq və demokratiya anlayışlarının qədimdən bu günə qədərki təriflərinə  baxılsa, azadlığın demokratiyadan daha geniş anlam daşıdığını söyləmək olar. Bu baxımdan, azadlıq totalitar bir sistemdən demokratiyaya keçid arasındakı açar sözdür. Bu keçidin sürətlə başa çatmasını istəyən idarəçi üçün insanların köhnə düşüncədən azad edilməsi ən vacib şərtdir. Bir ölkədə demokratiyanın tam qalib gəlməsini istəyən toplum, əslində, buna özündən qaynaqlanan gerilikçi stereotiplərdən azad olma məsələsi kimi baxmalıdır. Əgər yeni inkişaf yolu seçmiş bir ölkədə buna nail olunarsa, onda ən azı hakimiyyətlərin dayanıqlığı ilə bağlı daxili təhlükələri aradan qalxmış hesab etmək olar.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat