“Hökumət dərslikləri”ni oxudan məktəblər niyə uğursuzdur?

Səadət Cahangir, 5/8/13

Təhsil hər bir cəmiyyətin inkişafı üçün önəmli amillər sırasındadır. Gələcək inkişafa və tərəqqiyə hesablanmış məsələ olduğuna görə, o həm də dünyəvi  bir amildir. Bu elə prosesdir ki, onunla təkcə bilik yox, həm də sivilizasiyamız üçün əhəmiyyətli dəyərlər əldə olunur. Şübhəsiz ki, belə bir vacib sahədə uğurlu nəticələrə nail olmağın əsasında da onun düzgün təşkil olunması dayanır. Libertarian düşüncəsinə görə təhsil həyatı öyrənməyə başlayan uşaqlara nəyin düz, nəyin səhv olduğunu, həyatda nəyin əhəmiyyətli olduğunu öyrətdiyi üçün ona siyasətçi və bürokratlar yox, fərdi ailələr nəzarət etməlidirlər. Onlar bəyan edirlər ki, heç bir monopoliya sisteminin rəngarəng cəmiyyəti valideynlərin dəyərini əks etdirə bilməz. Uşaqlara nə öyrətmək lazım olduğunu müəyyən etdikdə, siyasi elitaların valideynlərdən üstün tutulması böyük lovğalıq deyilmi? Bu məqamda təcrübəli və ağıllı bir təhsil işçisinin dediyi fikir yerinə düşür- “biz uşaqları məktəb üçün yox, məktəbləri uşaqlar üçün hazırlamalıyıq”.

Bəs məktəblərin və təhsilin hökumətə bağlı xüsusi planlaşdırıcılar tərəfindən sistemə salınması niyə çox halda uğursuzluqla nəticələnir? Ümumiyyətlə, bu sistemdə lazımi səviyyədə təhsil ala bilməyən şagirdlərin əksəriyyəti əlavə repetitor yardımından dəstək almağa məcbur qalır.  Hər il şagirdlərin ali məktəblərə qəbul prosesində bal göstəriciləri aşağı   düşür, minlərlə uşaq  ümumi keçid balını belə toplaya bilmir.

Təbii, bunun bir çox səbəbləri var. Libertarian Deyvid Boaz bu məsələnin çox ağlabatan bir izahını verir. Müasir Amerika tarixində ən azı iki nəsil ziyalılar əhaliyə bildirirdilər ki, müasir həyatın çətinliklərini həll etmək üçün daha böyük dövlətə ehtiyac var. Şübhəsiz, təhsil məsələsi də bura daxil idi. Ziyalıların isə bu bəyanatda məqsədləri vardı. Çünki belə böyük dövlət həmin ziyalılar üçün daha çox iş deməkdir. T.Ceferson qeyd edirdi ki,  “insanları bir-birinə ziyan vurmaqdan çəkindirən, sənaye və inkişaf ilə bağlı onları öz məqsədlərinə çatmaq üçün azad buraxan” məhdud hökumət planlaşdırıcı və model yaradıcıları üçün az fayda verəcək. Çünki azad cəmiyyətin sosioloq və şəhər planlaşdıranlara çox da tələbatı olmayacaq.  Beləliklə, bir çox ziyalılar kitabları, tədqiqatları, filmləri və qəzet məqalələrini ələk-vələk edəndə öz maraqlarına əsaslanırlar.

Əslində, ziyalıların böyük bir hissəsi üçün planlaşdırma ideyası cazibədardır. Çünki onlar hər şeyi təhlil etməklə nizama salmağı xoşlayırlar. Onlar sistem və modellərin həvəskar yaradıcılarıdır. Belə intellektuallar inanırlar ki, planlaşdırma insan intellektinin və rasionallığın sosial sistemə tətbiqidir. Əgər təhsilə də tətbiq olunan bu sistemə əsaslansaq, maraqlar əsasında qurulmuş belə bir sistemin milyonlarla şagirdə bilik və dəyərlər verilməsində uğur qazanacağına necə inana bilərik? Mark Tvenin belə bir ifadəsi var: “Mən heç vaxt məktəb təhsilimin təhsilimlə qarışmasına imkan vermirəm. ” Əgər həqiqətən planlaşdırma düzgün yanaşmadırsa, hökumətin idarə etdiyi, nəzarət olunan və pul xərclənən bu təhsil sisteminin səviyyəsi niyə, gündən-günə aşağı  düşür? Hər il orta məktəbləri bitirib ümumi keçid balını belə toplamayan minlərlə şagird bu təhsil sisteminin fiaskosu demək deyilmi?

Şübhəsiz, xüsusi maraqlar əsasında qurulmayan, “hökumət dərslikləri” ilə tədris edilməyən, dünyəvi prinsiplərə əsaslanan təhsil sistemlərinin daha uğurlu olacağı aydındır. Bu, həm də azad düşüncəyə və yeniliyə yol açmaq demək olardı. Çünki həqiqi mənada  “şeylərin təbii inkişafı azadlığın bəhrə verməsi, hökumətin isə möhkəmlənməsinə xidmət edir”(T.Cefferson).

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat